Məhkəmə qərarları › İş №2(103)-1288/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1288/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1288/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə İddiaçı X3 qarşı “borcun ödənilməsi” barədə ilkin, X2 İddiaçı qarşı “avtomobilin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə Cavabdeh 18 200 manat borc verdiyini, borcun qaytarılmasının təminatı kimi Etibar Paşayevə məxsus “Ford Explorer” markalı ** OE *** dövlət nömrə nişanlı avtomobili girov qoyduğunu, bununla bağlı onun qəbz yazdığını, lakin borcunu qaytarmadığını irəli sürmüş, Fasif Fərzəliyevdən 18 200 manat borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Fasif Fərzəliyev isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Eyyub Əliyevə məxsus “Ford Explorer” markalı ** OE *** dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq özündə saxladığını, sonuncunun ona qarşı iddia qaldıraraq avtomobili ondan tələb etdiyini bildirmiş, buna görə də həmin avtomobilin İddiaçı alınıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işin hallarına düzgün qiymət vermədiyini, Cavabdeh öz əlyazısı ilə ondan 18 200 manat pul almış olduğuna dair etirafını nəzərə almadığını irəli sürmüşdür. İddiaçı məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh vəkili isə şikayətin əsassız olduğunu, Cavabdeh Etibar Paşayev adlı şəxsin işçisi olduğunu, Etibara pul vermiş Elşənin Etibarın intihar etməsi səbəbilə Vasifə qarşı iddia qaldırdığını, lakin Vasifin heç zaman ondan borc almadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü birinci instansiya məhkəməsi qarşılıqlı iddianı da rədd etmiş olsa da, qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirməmiş, ilkin iddiaçı isə yalnız öz iddia tələbinin təmin olunmaması ilə bağlı hissədən şikayət vermişdir. Başqa sözlə qətnamənin, qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyərək, habelə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilkin iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İşin müəyyən olunan halına görə, Cavabdeh xx.xx.2019-cu il tarixdə yazdığı əlyazısında, “...etibarnamə əsasında idarə etdiyi “Ford Explorer” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobili onun sahibi Etibar Paşayevin təkidi ilə İddiaçı 18 200 manat müqabilində girov qoyduğunu, qeyd olunan məbləğ ödənildikdən sonra avtomobili girovdan götürəcəklərini” göstərmiş, ilkin iddiaçı da məhz bu əlyazısına istinadla müvafiq iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etirazını xüsusilə belə əsaslandırmışdır ki, o, Etibar Paşayevin işçisi (sürücüsü) olmuş, lombard fəaliyyəti həyata keçirən Etibarla İddiaçı işgüzar münasibətlərindən Etibarın Elşənə 18 200 manat borcu yaranmış, Etibar intihar etdikdən sonra Elşən pulunun batacağını düşünərək ona qarşı əsassız iddia qaldırmışdır; əslində isə heç vaxt Elşəndən borc almamış, xx xxxx 2019-cu il tarixdə yazdığı əlyazısında isə onun İddiaçı borc alması deyil, Etibar Paşayevin sonuncuya olan borcuna görə “Ford Explorer” markalı ** OE *** dövlət nömrə nişanlı avtomobilin İddiaçı təhvil verildiyi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, Cavabdeh, iddiaya etiraz olaraq irəli sürdüyü halı, yəni Etibar Paşayevin işçisi olduğu və hazırkı iddiaya əsas verən yazılı qəbzi məhz sonuncunun borcuna görə yazdığı arqumentini mötəbər və biri-digərini tamamlayan sübutlarla təsdiq edə bilməmişdir və işdəki sübutlar, ağlabatan mühakimə əsasında onun iddiaçıya borclu olduğu qənaətinə gəlməyə imkan verir. İş materiallarından (girov biletləri və icarə müqaviləsi) aydın olur ki, Cavabdeh, irəli sürdüyü arqumentin əksinə olaraq bilavasitə özü lombard fəaliyyəti ilə məşğuldur və İddiaçıla işgüzar münasibətləri mövcud olmaqla, xx.xx.2018-ci il tarixdə İddiaçı ondan 14 000 manat borc alaraq 2019-cu ilin aprel ayında borcunu qaytarmış, xx xxx 2019-cu il tarixdə isə o, İddiaçı 50 000 manat borc alaraq bununla bağlı qəbz yazmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, həmin borcla əlaqədar İddiaçı Pirallahı Rayon Məhkəməsində qaldırdığı iddiaya baxılarkən Cavabdeh qəbzdəki yazının və imzanın ona məxsusluğunu mübahisələndirmiş, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı ilə qəbzin və imzanın onun tərəfindən icra edildiyi təsbit olunmuşdur. Kollegiyanın hesab edir ki, işin qeyd olunan halları Cavabdeh səmimiliyinə şübhə yaratmaqla onun arqumentlərinin inandırıcı hesab edilməsinə imkan vermir və xx.xx.2019-cu il tarixdə yazdığı əlyazısında göstərilən məbləğin məhz özü tərəfindən İddiaçı borc olaraq alındığına dair qənaət formalaşdırır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Şərh olunanlara əsasən kollegiya, Cavabdeh ilkin iddiaçıya 18 200 manat borclu olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ ondan İddiaçı xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən kollegiya Cavabdeh ziddiyətli izahatlarını da nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən İddiaçı ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də Cavabdeh tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-112/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı X3 qarşı “borcun ödənilməsi” barədə iddia tələbi təmin edilsin. X1 18 200 (on səkkiz min iki yüz) manat borc və dövlət rüsumlarının əvəzi qismində 46 (qırx altı) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar