Məhkəmə qərarları › İş №2(103)-129/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-129/2020

28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-129/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinə görə cavabdeh təşkilat tərəfindən iddiaçılara vurulmuş maddi və mənəvi ziyanın əvəzi kimi 9000 manat, cavabdehlə iddiaçıların arasında olan icarə haqqı kimi hər ili 2000 manat olmaqla üç illik icarə haqqı kimi cəmi 6000 manat, cavabdehin 4,44 ha torpaq sahəsini zəbt etdiyi üçün İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin 2/10 hissəsinə görə 10432 manat, digər iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 1/10 hissəsinə görə hər birinə ayrı-ayrılıqda kompensasiya 5216 manat, ümumilikdə 41728 manat pul vəsaitinin, toplam 67160 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışının gedişində İddiaçı1 vəfat etdiyindən iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə txxxxim edərək onlara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçılara vurulmuş maddi ziyanın əvəzi kimi 9000 manat, cavabdehlə iddiaçıların arasında olan icarə haqqı kimi hər ili 2000 manat olmaqla üç illik icarə haqqı kimi cəmi 6000 manat, cavabdehin onlara məxsus 4,44 ha torpaq sahəsini zəbt etdiyi üçün mərhum İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin 2/10 hissəsinə görə 10432 manat mərhumun qanuni vərəsələrinə, digər iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 1/10 hissəsinə görə hər birinə ayrı-ayrılıqda kompensasiya kimi 5216 manat, ümumilikdə 41728 manat pul vəsaitinin cavabdehdən sabit pul kimi, cəmi 67160 (9000+6000+10432+41728) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında Kürdəmir rayonu Atakişili kəndində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsi iddiaçının 10 nəfərlik ailə üzvlərinə ayrılmışdır. Həmin pay torpaq sahəsinin mülkiyyətə verilməsi barədə torpağa mülkiyyət hüququna dair JN-0038 saylı KOD 90603018 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsindən iddiaçılar 2011-ci ilədək maneəsiz istifadə etmişlər.Torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyri-qanuni zəbt edilərək orada hidrotexniki qurğular inşa edilmişdir. Torpaq sahəsi qonşu pay torpaqlarından xəndək çəkilib ayırmaqla tam mühasirəyə alınmışdır. Cavabdeh ASC-nin aktından da görünür ki, 4,44 ha pay torpaq sahəsi hidroqurğu üçün çoxdur. Hidroqurğu üçün Türk şirkətinin koordinatorunun dediyi kimi 2,9 ha torpaq sahəsi lazımdır. Buna görə də 4,44 ha pay torpaq sahəsindən 2,9 ha cavabdeh tərəfindən kompensasiya ödəməklə mülkiyyətə keçirilməli, yerdə qalan 1,5 ha hissəsi iddiaçılara qalmalı idi. Lakin cavabdeh təşkilat onların mülkiyyətində olan 4,44 ha pay torpaq sahəsini bütövlükdə qanunsuz zəbt etmişdir. Cavabdeh bu torpağın dövlət ehtiyacları üçün götürüldüyünü bildirmişdir. Əgər torpaq dövlət ehtiyacı üçün götürülübsə, dövlət həmin torpaq sahəsinin yerinə əvəzinin verilməsini nəzərə almalıdır. Əgər torpaq sahəsi yoxdursa, onda kompensasiya ödəməlidir. Cavabdeh ASC iddiaçıları mülkiyyətindən 7 ildir məhrum etmiş, 7 ildə 3 ilin icarə haqqını ödəmiş, qalan illərin icarə haqqını isə ödəməmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)- 202/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı3 məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinin əvəzi olaraq mübahisəli torpağa olan pay hüquqlarına mütənasib olaraq hər birinə ayrı-ayrılıqda 1780 manat, mərhum İddiaçı1 mülkiyyətində olan 2/10 hissəyə görə mərhumun qanun üzrə vərəsələrinə 3560 manat olmaqla, ümumilikdə 17800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-202/2018 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndində yerləşən torpaq sahəsinin 3,57136 ha hissəsində podratçı şirkət “Hidrolotus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çirkab sutəmizləyici qurğular kompleksi inşa edilmişdir. Qiymətləndirmə nəticəsində 3,57136 ha torpaq sahəsinin qiyməti 10432 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçıların ailə başçısı İddiaçı1 təklif edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən qəbul edilməmişdir. Həmin torpaq sahəsinin məhz 3,57136 ha hissəsi kompleksin inşa edilməsi üçün relyef və mövqe baxımından əlverişli şəraitdə olmuş, tikililər həmin sahədə həyata keçirilmişdir. Mübahisəli 0,82 ha hissə isə qurğular inşa edən podratçı təşkilat tərəfindən ofis və anbarı yerləşdirmək üçün icarəyə götürülmüşdür. Bunun müqabilində və həmçinin 3,57136 ha torpaq sahəsi üçün İddiaçı1 hər il üçün 2000 manat olmaqla 3 il müddətində, ümumilikdə 6000 manat pul ödənilmişdir. Qeyd olunanlara əsasən 4,4 ha torpaq sahəsinin 3,57136 ha hissəsi dövlət ehtiyacları üçün nəzərdə tutulan, 0,82 ha hissəsi isə icarəyə götürülmüş hissədir. Qəbul edilmiş qətnamədə əsassız olaraq torpaq sahəsinin 3,57136 ha hissəsi deyil, 4,44 ha torpaq sahəsinin məbləğinin tutulması qət edilmişdir. Torpaq sahəsinin dəyərinin 17800 manat olması barədə müstəqil qiymətləndirici “xxxx” Law and Consulting Company MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə razılaşmırlar. Halbuki, 3,57136 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli rəyi ilə məbləğ 10431 manat müəyyən edilmiş, həmin qiymət Maliyyə Nazirliyinə txxxxim edilmiş, sonuncu orqan məbləğlə razılaşdığından 10432 manat pul vəsaiti torpağın alqı-satqısı üçün Kürdəmir rayon Notariat Kontorunun depozitinə köçürülmüşdür. Birinci ilə ikinci qiymətləndirmə arasında 3 il vaxt keçmiş, torpağın qiymətinin artmasına və daha çox qazanc əldə edilməsinə şərait yaratmağa hesablanmış addım olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3 izahatında bildirdi ki, iddiaçılar təklif olunan 10432 manat məbləğlə razı deyillər. Əslinə qalanda, onların mülkiyyətində olmuş 4,44 hektar torpaq sahəsi üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 17800 manat məbləğ də az olsa da, onlar işin uzanmaması üçün qətnamədən apelyasiya şikayəti verməmişlər. Cavabdeh təşkilat isə açıq-aşkar haqsızlıq edərək 17800 manat kompensasiya məbləği ilə razılaşmamış, qətnamədən apelyasiya şikayəti vermişlər. Cavabdeh təşkilatın əsas arqumenti ondan ibarətdir ki, 4,44 hektar torpaq sahəsinin yalnız 3,57136 ha hissəsi dövlət ehtiyacları üçün lazımdır, qalan 0,82 ha torpaq sahəsi isə onlara lazım deyil. Lakin əvvəla həmin torpaq sahəsi 0,82 ha yox, 0,86864 ha ölçüdə torpaq sahəsidir. Bundan əlavə, Cavabdeh ASC tərəfindən orada hidrotexniki qurğular inşa olunarkən kənd təsərrüfatı təyinatlı olan həmin torpaq bütövlükdə yararsız vəziyyətə düşmüş və hal-hazırda orada çoxlu sayda metal tullantıları yığılmış, torpaqda geniş şırım açılmış, bir sözlə torpaq əkinə yararsızdır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi Cavabdeh ASC tərəfindən onların əlindən alınarkən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyin tələbləri pozulsa da, onlar bu işin Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün zəruri olduğunu nəzərə alaraq heç yerə şikayət etməmişlər. Bununla belə, torpağa görə ədalətli kompensasiya almaq onların hüququdur. Məhkəmədən apelyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-202/2018 saylı qətnaməsi Cavabdeh ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0038 seriyalı KOD 90603018 saylı Dövlət aktına əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsi İddiaçı1, X1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı8, X5, X4, İddiaçı6 və X2 ümumi paylı mülkiyyətində olmuş, həmin torpaq sahəsi onlara Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Sonradan həmin Dövlət aktı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz olunmuş, X1 vəfat etdiyinə görə ona məxsus 1/10 hissədə pay İddiaçı1 keçmiş, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsi 1/10 pay hüququ üzrə İddiaçı2, 1/10 pay hüququ üzrə İddiaçı8, 1/10 pay hüququ üzrə İddiaçı9, 1/10 pay hüququ üzrə İddiaçı5, 1/10 pay hüququ üzrə İddiaçı6, 1/10 pay hüququ üzrə İddiaçı7, 1/10 pay hüququ üzrə İddiaçı4, 1/10 pay hüququ üzrə İddiaçı3, 2/10 pay hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı1 vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı1 vərəsələri İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı5, İddiaçı4 və İddiaçı3dur. Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsinin İddiaçı1 düşəsi hissəsi olan miras əmlakdan pay almalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, respublikanın bir sıra şəhərlərinin, o cümlədən Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin sifarişçi funksiyaları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə tapşırılmış, bu məqsədlə Cavabdeh ASC-yə Azərbaycan Respublikasının dövlət büdcəsindən pul vəsaiti ayrılmışdır. “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində nəzərdə tutulan çirkab sutəmizləyici qurğular kompleksinin inşa edilməsi üçün relyef və mövqe baxımından ən münasib ərazi kimi İddiaçı1 ailə üzvlərinə məxsus Kürdəmir rayonu Atakişili kəndində yerləşən 4,44 hektar torpaq sahəsinin 3,57136 hektar hissəsi düşmüşdür. Tikinti altına düşən 3,57136 hektar torpaq sahəsinə görə kompensasiya Cavabdeh ASC-nin dəvət etdiyi “xxxx” MMC qiymətləndirmə təşkilatının rəyinə əsasən 10432 manat hesablanmış, həmin məbləğ Maliyyə Nazirliyi tərəfindən İddiaçı1 Kürdəmir rayon Dövlət Notariat Kontorunda açılmış depozit hesabına köçürülmüşdür. İddiaçı1 iki dəfə Cavabdeh ASC-yə yazılı qaydada müraciət edərək həmin məbləğlə razı olmadığını bildirmiş və kompensasiya məbləğini almaqdan imtina etmişdir. Həmçinin sifarişçi Cavabdeh ASC ilə icraçı “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən icraçı 63700000 manat dəyərində Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin yerinə yetirilməsi öhdəliyini üzərinə götürmüşdür. 2011-2013-cü illər üçün icarə haqqı kimi İddiaçı1 illik 2000 manat olmaqla cəmi 6000 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 25509 nömrəli tikinti-texniki obyektlərin tədqiqi haqqında ekspert rəyindən məlum olur ki, Kürdəmir rayonu ərazisində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planı, ayrıc aktı və ölçüsünə əsasən həmin torpaq sahəsinin halhazırda faktiki olaraq yerləşdiyi əraziyə və ölçüyə uyğun olduğu müəyyən edilir. Mübahisəli torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planına uyğun olaraq göstərilən torpaq sahəsində hidroqurğuların yerləşdiyi müəyyən edilir. Mübahisəli ərazinin tam hissəsinin hidroqurğuların yerləşdiyi əraziyə düşdüyü müəyyən edilir. “xxxx” Law and Consulting Company MMC-nin LP-082/18 nömrəli xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsinin hazırkı real bazar qiyməti 17800 manat, Kürdəmir rayonu Atakişili kəndi və ona yaxın ərazilərdə bir hektar torpaq sahəsinin hazırkı real bazar qiyməti 4050 manat təşkil edir. Cavabdeh ASC apelyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən alınmış torpaq sahəsinin qiymətinə dair qiymətləndirmə şirkətinin rəyi ilə razılaşmadığını bildirdiyinə görə apelyasiya icraatı zamanı yenidən qiymətləndirmə keçirilmişdir. Apelyasiya icraatı zamanı alınmış “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli hesabatından məlum olur ki, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsinin hazırkı real bazar qiyməti 19980 manat, çirkab sutəmizləyici qurğular kompleksinin tikinti altına düşən 3,57136 ha torpaq sahəsinin bazar qiyməti 16071,12 manat təşkil edir. Kürdəmir rayonu Atakişili kəndi və ona yaxın ərazilərdə bir hektar torpaq sahəsinin hazırkı real bazar qiyməti 4500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 16193 nömrəli məhkəmə bioloji ekspertizasının rəyinə əsasən, sözügedən 4,44 ha torpaq sahəsində çoxlu sayda tikinti tikildiyinə görə əkinə yararsızdır. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 310 saylı Qərarına əsasən Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Gəncə, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Lənkəran, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Biləsuvar, Quba, Şəmkir, İmişli, Qusar, Xaçmaz, Xızı, Qobustan, Bərdə, Yevlax, Salyan, Neftçala, Qəbələ, Şamaxı, Şəki, Göyçay, Ağdaş, Ağcabədi, Qazax, Qax, Balakən, Beyləqan, Saatlı, Sabirabad, Daşkəsən, Gədəbəy, Samux, Tərtər, Astara rayonlarında və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair txxxxim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir (“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, torpaqların kanalizasiya xətlərinin çəkilməsi, hidrotexniki qurğuların quraşdırılması məqsədilə alınması dövlət ehtiyacı üçün alınma hesab edilir. Qanunvericiliyin tələbinə görə dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə alınmanın təsirinə məruz qalmış şəxsə ədalətli kompensasiya ödənilməlidir. İddiaçılara kompensasiya ödənilmədən onlara məxsus torpaq sahəsində hidrotexniki qurğuların quraşdırılması və onun fəaliyyəti torpaq sahəsinin yararsız vəziyyətə gətirilməsi onların konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir ki, buna görə də hazırkı iddianı qaldırmaqda iddiaçılar haqlı olmuşdur. İşin müəyyən edilən hallarına və işdə olan sübutlara əsasən iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndində yerləşən 4,44 ha torpaq sahəsi tamamilə hidroqurğuların yerləşdiyi əraziyə düşdüyü və əkinə yararsız vəziyyətə salındığı üçün cavabdehin apelyasiya şikayətində bildirdiyi kimi 3,57136 ha torpaq sahəsinin deyil, bütövlükdə torpaq sahəsinin həqiqətən alınan sahəsi, yəni 4,44 ha hissəsinin dəyəri mülkiyyətçilərə ödənilməlidir. Hazırkı halda cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti dövlət ehtiyacları üçün alan orqan olduğu üçün iddia tələbi ona qarşı yönəlmişdir. İddiaçılar mərhum İddiaçı1 mülkiyyətində 2/10 hissəsinə görə 10432 manat mərhumun qanuni vərəsələrinə, digər iddiaçıların mülkiyyətində olan 1/10 hissəsinə görə hər birinə ayrı-ayrılıqda kompensasiya 5216 manat, ümumilikdə 41728 manat pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişlər. Brinci instansiya məhkəməsində iş baxılarkən alınmış “xxxx” Law and Consulting Company MMC-nin LP-082/18 nömrəli xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə 4,44 ha torpaq sahəsinin real bazar qiyməti 17800 manat, apelyasiya icraatı zamanı alınmış “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsinin hazırkı real bazar qiyməti 19980 manat, çirkab sutəmizləyici qurğular kompleksinin tikinti altına düşən 3,57136 ha torpaq sahəsinin bazar qiyməti 16071,12 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası torpağın real bazar qiyməti kimi 17800 manat məbləğini daha ağlabatan hesab etmiş, iddiaçıların özləri də həmin məbləğlə razılaşmışlar. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinin əvəzi olaraq mübahisəli torpağa olan pay hüquqlarına mütənasib olaraq hər birinə ayrı-ayrılıqda 1780 manat, mərhum İddiaçı1 mülkiyyətində olan 2/10 hissəyə görə mərhumun qanun üzrə vərəsələrinə 3560 manat olmaqla, ümumilikdə 17800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi barədə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)- 202/2018 saylı qətnaməsi Cavabdeh ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh ASC-yə aid edilsin. Məhkəmə bioloji ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul Cavabdeh ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar