Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1293/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorunda yazılı formada tapşırıq müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Əliyev X2 Vəli Bayram oğlunun verdiyi 170000 manat pula “Norm Sement” zavodunun sementini və hazır betonu markasından asılı olaraq ödəniləcək günün bazar qiymətindən 5 manat aşağı qiymətə hesablanmaqla 13 dekabr 2015-ci il tarixədək sonuncuya verməyi öhdələrinə götürmüşlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorunda yazılı formada tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, onun verdiyi 170000 manat pula cavabdehlər “Norm Sement” zavodunun sementini və hazır betonu markasından asılı olaraq ödəniləcək günün bazar qiymətindən 5 manat aşağı qiymətə hesablanmaqla 13 dekabr 2015-ci il tarixədək ona təhvil verməyi öhdələrinə götürmüşlər. Lakin, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri iki ilə yaxın müddətdir ki, yerinə yetirməmiş, bununla da onun tikinti ilə bağlı görəcəyi işlər pozulmuşdur. Həmçinin, cavabdehlərə verdiyi həmin məbləğdə pulu banka depozit kimi qoymaqla illik 12% gəlir əldə edə bilərdi ki, sonuncuların onun pulunu qaytarmamaları nəticəsində o, əldə edə biləcəyi gəliri də itirmişdir. İddiaçı cavabdehlərdən müqavilə öhdəliklərinin yerinə yetirilməmsi nəticəsində dəymiş 170000 manat məbləğində maddi ziyanın və 40800 manat məbləğində əldən çıxmış faydanın və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Rzayev) iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 170000 (yüz yetmiş min) manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 80%-i, yəni 24 manat vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qalan 20%-i, yəni 6 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 427.3, 442.1, 777.1, 777.2, 779.1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh1 170000 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsinə dair hissədə ləğv edilməsini, iddianın Cavabdeh1 münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə ona ödənilməli olan pul (85.000 manat) alınmamış, bu səbəbdən onun iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə Cavabdeh1 tərəfindən iddiaçıdan pulun alınıb-alınmamasını araşdırmamışdır. Halbuki bu istiqamətdə araşdırma aparılsa idi, qanuni məhkəmə aktı qəbul edilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə müqaviləyə qədər bütün razılaşmalar onun tərəfindən aparılmış, eyni zamanda İddiaçı müqavilə üzrə notariusun depozit hesabına ödədiyi 170000 manat pulu tamamilə o, əldə etmiş, həmin puldan Cavabdeh1 hər hansı pul verilməmişdir.
11. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclaslarına və Cavabdeh2 isə məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
16. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırki halda, Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etdiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi “müştərək qaydada Cavabdeh1 170000 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsində” ləğv edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
22. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə yoxlanılan hissədə razılaşmır.
24. Belə ki, prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı iddia etdiyi 170000 manat borcunun cavabdehlərə verilməsini, cavabdehlər isə tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Hazırki halda işin materialları ilə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorunda yazılı formada tapşırıq müqaviləsi bağlanmış, müqaviləyə görə İddiaçı 170000 manat pulu Cavabdeh1 və Cavabdeh2 verməyi, Cavabdeh1 və Cavabdeh2 isə 170000 manat pul müqabilində “Norm Sement” zavodunun sementini və hazır betonu markasından asılı olaraq ödəniləcək günün bazar qiymətindən 5 manat aşağı qiymətə hesablanmaqla 13 dekabr 2015-ci il tarixədək İddiaçı verməyi öhdələrinə götürmüşlər.
25. Hazırkı iş üzrə İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi, yəni 170000 manat pulun ödənilməsi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı həmin pulun hər iki Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsidir. İş materialları ilə 170000 manat pulun yalnız iş üzrə Cavabdeh2 tərəfindən qəbul edilməsi təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş 02 fevral 2024-cü il tarixli iş üzrə Cavabdeh2 tərəfindən şəxsən imzalanmaqla təqdim edilmiş ərizənin məzmunundan görünür ki, iddiaçı ilə müqaviləyə qədər bütün razılaşmalar Cavabdeh2 tərəfindən aparılmış, eyni zamanda İddiaçı müqavilə üzrə notariusun depozit hesabına ödədiyi 170000 manat pulu tamamilə o, əldə etmişdir. Beləliklə, Cavabdeh1 xx.xx.2015-ci il tarixli tapşırıq müqaviləsi üzrə hər hansı pul vəsaiti əldə etməmişdir. Ərizədən görünür ki, ərizəçi, iş üzrə Cavabdeh2 mübahisələndirilən qətnamənin digər Cavabdeh1 nisbətdə rədd edilməsini xahiş edir.
26. Göründüyü kimi, işin hallarından və Cavabdeh2 ərizə və izahatından müəyyən edilir ki, Cavabdeh1 iddia tələbində göstərilən məbləğdə pulun əldə olunması təsdiq olunmamışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM 77.1-ci maddə).
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə ödənilən pul Cavabdeh1 tərəfindən əldə edilmədiyindən, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın ondan tələb edilməsi və tutulması qanuni və əsaslı hesab oluna bilməz.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi “müştərək qaydada Cavabdeh1 170000 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsində” ləğv edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi “müştərək qaydada Cavabdeh1 170000 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsində” ləğv edilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.