Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1294/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dаir mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2705/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC-nin direktoru Mariia Medvedevaya həmin şirkətin marketinq meneceri Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yazılı izahatda xx.xx.1993-cü il təvəllüdlü, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi və T.Bayramov küçəsi, döngə 1, ev 5 qeydiyyatında olan Cavabdeh borca noutbuk üçün 1.550 manat, master fayl üçün verilməli olan 2.500 manat, ADRA üçün götürülmüş 4.000 manat, miqrasiya üçün götürülmüş 300 manatı xx.xx.2022-ci il tarixdə, Rəhim bəydən götürülmüş 800 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə geri qaytarmağı öz üzərinə götürür.
2. Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli qəbzdə AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 1, ev 5 ünvanında qeydiyyatlı, Əlibəyov Qardaşları ünvanında faktiki yaşayan Cavabdeh ümumilikdə 9.800 manat məbləğində olan borcu xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat və xx.xx.2022-ci il tarixdə 800 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən İddiaçı MMC-də menecer vəzifəsində işləyən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Sizin İddiaçı şirkətində işləyən Cavabdeh müxtəlif bəhanələrlə və dələduzluq yolu ilə 9.800 manat pulu mənimsəməsi, müxtəlif bəhanələrlə pulu qaytarmaması barədə xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş ərizəniz araşdırılmışdır. Araşdırma zamanı ərizəniz əsasında toplanmış materialın mülki iddia xarakterli olduğu müəyyən edildiyinə görə Binəqədi RPİ-nin 4-cü PŞ-nin dəftərxanasının arxivinə təhvil verilmişdir. Odur ki, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyiniz Sizə tövsiyə olunur”.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dаir iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9.800 manat borc və ödənilmiş 118 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9.918 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də menecer marketinq vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində işdən azad olunmuşdur. Cavabdeh işlədiyi müddətdə İddiaçı MMC-dən 9.800 manat pulu müxtəlif bəhanələrlə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixində izahat yazaraq MMC-dən götürdüyü 9.800 manat pulu imzası ilə təsdiqləmişdir. Həmin izahat cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə cavabdeh MMC-dən götürdüyü 9.800 manat pulu hissə-hissə MMC-yə qaytarmağa söz vermişdir. Öz imzası ilə 9 ay olmaqla, hər ay 1.000 manat və xx.xx.2022-ci il tarixində sonuncu qalan 800 manatı ödəməyi özünə öhdəlik götürməklə xx.xx.2022-ci il tarixində yazılı olaraq qəbz yazmışdır. xx.xx.2022-ci il tarixində Binəqədi rayon Polis Şöbəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət etmişlər. Binəqədi rayon Polis Şöbəsinin 4-cü polis bölməsi məsələnin mülki xarakterli olmasına dair onlara imtina məktubu vermişdir.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2705/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 9.800 manat məbləğində pulun və ödənilmiş 118 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmamışdır və işin bu halını hər iki tərəf mübahisələndirmir. Halbuki, iddiaçı hüquqi şəxsdir. Eləcə də cavabdehə borc verildiyi iddia edilən pul 9.800 manat məbləğindədir ki, həm hüquqi şəxs tərəfindən borc verilməsi zamanı, həm də bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir.
8. Bununla belə, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh 9.800 manat məbləğində borc pul verilmişdir. Belə ki, iş materiallarında cavabdehin özünün də mübahisələndirmədən qəbul etdiyi kimi onun tərəfindən yazılıb imzalanmış yazılı müraciət mövcuddur və burada cavabdeh iddiaçıya 9.800 manat məbləğində borcu olduğunu qəbul etmiş, bu borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh bu yazılı öhdəliyi təzyiq altında yazıb imzaladığını iddia etsə də məhkəmə cavabdehin izahatını inandırıcı deyil. İlk növbədə ona görə ki, cavabdeh iddiaçı tərəfindən ona istənilən formada təzyiq olunmasına dair hər hansı sübutu, ən azından bu cür təzyiqin olmasını ehtimal etməyə zəmin yaradacaq hansısa dəlili (məsələn, tərəfindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, yaxud ən azından həmin dövrdə iş yerində təzyiqə məruz qalması ilə bağlı ailə üzvləri, dostları, yaxınları ilə arasında baş tutmuş danışıqları, bu barədə şahid ifadələrini) məhkəməyə təqdim etməmişdir.
9. Digər tərəfdən, cavabdeh iddia etmişdir ki, onu bu yazılı öhdəliyi imzalamağa məcbur edən “təzyiq” polisə verilmək, həbs edilməklə bağlı olmuşdur. Cavabdehin izahatından belə başa düşülür ki, o, heç bir borcu olmadığı halda iddiaçıya 9.800 manat məbləğində borcu olması ilə bağlı yazılı öhdəlik götürməyə məcbur edilmiş, bununla bağlı özü polisə müraciət etmək əvəzinə, nədənsə qarşı tərəfin onu polisə verməsindən, sonrasında həbs olunmaqdan çəkinmişdir. Hansı ki, əgər cavabdehin dediyi kimi onun İddiaçı MMC-yə heç bir borcu olmasa idi, onun polisə verilməkdən çəkinməsinə heç bir lüzum qalmaz, bu “hədə” onun üçün heç bir əhəmiyyət daşımazdı. Cavabdehin ailəsi ilə hədələnməklə bağlı qeyd etdikləri isə heç bir sübutla təsdiq edilməməklə birlikdə ümumiyyətlə inandırıcılıqdan uzaqdır.
10. Belə olan halda məhkəmə cavabdehin təzyiqə məruz qalması və bu təzyiqin təsiri altında iddiaçıya borcu olduğunu yazılı şəkildə qəbul etməsi ilə bağlı izahatını işin faktiki hallarını öz mənafeyinə uyğun dəyişdirmək cəhdi kimi qiymətləndirir, bu izahatı inandırıcılıqdan uzaq və qeyri-səmimi hesab etmişdir.
11. Cavabdehin iddiaçıdan cəmi 4.000 manat məbləğində borc aldığı və bu borcu qaytardığı, qalan pulun isə iddiaçının işləri üçün aldığı, bu pul borc olmadığı dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh bununla bağlı hissədə də qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır. Belə olan halda hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.7, 329.1, 329.2, 331.1, 337, 351.1, 386.1, 739.1, 740, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 2017.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi izahat cavabdehə təzyiq və təhdid altında yazdırılmışdır. Beləki, özlərini İddiaçı MMC-nin işçiləri kimi təqdim edən şəxslər tərəfindən cavabdeh məcburi qaydada bir otağa salınaraq qapı kilidlənmiş, ona təzyiqlər göstərilmiş, 4 saat ərzində onu məcburi qaydada azadlıqdan məhrum etmişlər və orada saxlamışlar. Orada saxlanılan zaman həmin otağa daxil olan iki nəfər özlərini ona polis işçisi kimi təqdim etmiş və ona yenidən hədə qorxu gəlməklə sözü gedən izahatı ondan almışlar. Bütün bunlar barəsində məhkəmə prosesində bildirilsə də, hakim tərəfindən bunlara əhəmiyyət verilməmiş, bu deyilənləri həqiqətə uyğun olmayan hesab etmişdir. Məhkəmə bir mənalı şəkildə iddiaçı tərəfi müdafiə etmişdir. Məhkəmə prosesində cavabdeh ancaq 4.000 manat onlardan borc alındığını, həmin pulun da hər ay əmək haqqından tutulmasını bildirsə də, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Halbuki, məhkəmə bu məsələni də araşdırmalı idi. Əgər pul verilmişdirsə, nə məqsədlə, hansı tarixdə, hansı sənəd əsasında. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iki il ərzində bir dəfə demişdir ki, ailəsinin vəziyyəti pisdir, həyat yoldaşı hamilədir və uşağı itirə bilərlər. Bu səbəbdən ona 4.000 manat borc vermişlər. Qalan 5.800 manat pulu isə atası əməliyyat olunduğu üçün istəmişdir. Sonradan borcu istədiklərində demişdir ki, bir-birlərinə problem yaratmasınlar, polisə müraciət etməsinlər, borclarını qaytaracaq. Lakin borcu qaytarmadığından polisə müraciət etmişlər. Onlar borcla bağlı polis bölməsinə müraciət edən zaman orada borclu olduğunu etiraf etmiş və söz vermişdir ki, ayda 500 manat ödəyə bilər. Lakin onlar həmin borcdan ayda hissə-hissə 500 manat ödənilməsinə razı olmamışdır. Cavabdehin həqiqətən də əmək haqqından tutulmalar olmuş, lakin bu tutulmalar onun başqa borcları ilə bağlı olmuşdur. Sonradan isə onlara məlum olmuşdur ki, cavabdeh onları aldatmış, götürdüyü pulları nə yoldaşının hamiləliyi, nə də ki, atasının xəstəliyinə xərcləmişdir. Məhkəmə tərəfindən həqiqətən yoldaşının və atasının xəstə olub-olmaması araşdırmamışdır. Eyni zamanda, Ecosu” MMC-nin nümayəndəsinin etiraf etdiyi halda onun əmək haqqından tutulmaların nə vaxt və nəyə görə yaranmış borcla bağlı olduğu məhkəmə tərəfindən arşdırılmamışdır. Məhkəmə ancaq iddiaçının sözləri əsasında qətnamə qəbul etmişdir. İddiaçı MMC tərəfindən işçiyə bu qədər pul verməsi inandırıcı deyil. Beləki, birinci dəfə 4.000 manat əgər verilmişdirsə həmin pul qaytarılmamış necə olur ki, ikinci dəfə 5.800 manat pul yenidən borc kimi verilir?. Borc hansı sənəd əsasında hansı formada rəsmiləşdirilmişdir? Belə ki, İddiaçı MMC hüquqi şəxsdir və sənədləşmə maliyyə pozuntusu hesab oluna bilər? Mülki Məcəllənin 740.1-ci maddəsinin tələbi imperativ norma olsada məhkəmə tərəfindən bu imperativ normadan kənara çıxılmışdır. Bu da qanunvericiliyin tələbinin pozulmasıdır. Hazırki iş üzrə məhkəmə işin həqiqi halları ilə üst-üstə düşməyən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. məhkəmə sübutları düzgün qiymətləndirməmiş, məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamış, iddiaçı tərəf öz tələblərini sübut edə bilməmisinə baxmayaraq məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilməklə qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə bu borcun hansı sənəd əsasında verilməsini, ümumiyyətlə verilib-verilməməsini, verilibsə nə məqsədlə verilməsini və mədaxil qəbzini araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, cavabdeh hazırki şikayəti verməklə vaxt uzadır. Cavabdeh özü də bunu onlara bildirmişdir. Direktor tərəfindən borcun 5.800 manatı şəxsən cavabdehə xəstəxananın qabağında verilmişdir. Qalan məbləğ – 4.000 manatın verilməsini isə təqdim edilmiş kassa məxaric orderləri təsdiq edir. Cavabdeh MMC-nin təsisçisi Rəhim müəllimdən də müxtəlif bəhanələrlə borc pul almışdır, lakin o, cavabdehə güzəşt edərək ona qarşı məhkəmədə iddia qaldırmamışdır.
18. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıya 9.800 manat məbləğində borcunun olmasını yazılı formada təsdiqləmiş, lakin cavabdeh həm birinci instansiya məhəməsində verdiyi izahatında, həm də apellyasiya şikayətində həmin sənədi iddiaçının təzyiqi altında yazdığını bildirmişdir.
26. Bununla belə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh bu etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübut (ona göstərilmiş qeyri-qanuni təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi və s.) məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə də qeyd edir ki, cavabdeh hər ay onun əmək haqqından borcuna görə tutulmaları təsdiq edən (məsələn, öz bank hesabından çıxarış təqdim etməklə), həmçinin, həyat yoldaşının və atasının xəstə olub-olmaması barədə (həmin şəxslərin sağlamlığı, tibbi əməliyyata məruz qalıb-qalmaması barədə arayış təqdim etməklə) sübutlarını da məhkəməyə təqdim etməmişdir.
28. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflər arasında borc münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilmədiyinə görə, iddiaçı cavabdehə verdiyi 9.800 manat məbləğində borcu əsassız varlanma qaydalarına uyğun olaraq tələb etməkdə haqlı olmuşdur.
31. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş əlavə yazılı sübutlarla (kassa məxaric orderləri) bağlı Mülki Prosessual Məcəlləsinin 78.1 və 372.2-ci maddələrini rəhbər tutaraq həmin sübutların qəbul edilməməsi qənaətinə gəlir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2705/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov