Məhkəmə qərarları › İş №2(103)-1295/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1295/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1295/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 KM-ə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dаir 2(003)-1047/2019 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 KM-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6339,94 manat əsas, 1735,77 manat faiz və 175,85 manat cərimə borcu olmaqla, cəmi 8251,56 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Chery A 13” markalı, **-EM-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 6339,94 manat əsas, 1735,77 manat faiz və 175,85 manat cərimə borcu olmaqla, cəmi 8251,56 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsi bağlanmadığına istinad edərək tutmanın avtomobilə yönəldilməsi hissəsində iddianın təmin olunmaması əsassızdır. Belə ki, həmin avtomobil kredit müqaviləsi ilə yüklü edilib və yüklülük rəsmi reyestrdə qeydə alınıb. Eyni zamanda ipotekanın dövlət qeydiyyatına alınması ipoteka münasibətlərində sonuncu mərhələ olmaqla müqavilənin qanuniliyini şübhə altına almaqdan azad edir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin təminatı olan avtomobil Bankın razılığı ilə satılıb və hazırda harada olduğu barədə məlumat yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikayətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 126.LN.1421.180613.R.00041 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 8160 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 KM birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 pulun verilmə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə Banka 6339,94 manat əsas borcu, 1735,77 manat faiz borcu, 175,85 manat cərimə borcu olmaqla, cəmi 8251,56 manat borcu yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 470 və 477.0.4-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas borc və pulun verilmə müddətinin bitdiyi tarixədək hesablanmış faiz və cərimə Cavabdeh1 Bankın xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, zaminlik konkret müddət təyin edilmədiyidən verildiyi üçün və Bank kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin çatdığı xx.xx.2016-cı il tarixdən sonrakı 1 il müddətində zaminə qarşı tələb irəli sürmədəyindən zaminliyə xitam verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən ipoteka müqaviləsi təqdim etmədiyindən məhkəmə tutmanın avtomobilə yönəldilməsi hissəsində də iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir (270.1). İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6). Baxılan iş üzrə iddiaçı Cavabdeh1la aralarına bağlanmış ipoteka müqaviləsini məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində iddiaçı kredit müqaviləsinin ipoteka yüklülüyü ilə bağlı müddəalarına istinad edərək əslində həmin şərtlərin ipoteka müqaviləsi kimi qiymətləndirilməsini mümkün hesab edir. Halbuki həmin müqavilənin ipoteka ilə bağlı müddəaları Mülki Məcəllənin ipoteka müqaviləsinin bütün mühüm şərtlərini tənzimləyən 307-ci maddəsinin tələblərini tam cavab vermir. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin qarışıq müqavilə (kredit və ipoteka müqaviləsi) kimi nəzərdən keçirilsə belə, tərəflər arasında etibarlı ipoteka hüquq münasibəti yaranmamışdır. Çünki Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınar əmlakın ipotekası haqqında müqavilə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə müvafiq olaraq ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İş materiallarında iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı barədə sübut yoxdur. İddiaçı apelyasiya şikayətində tutma yönəldilməsi barədə bildirişin müvafiq dövlət orqanında qeydə alındığına istinad etsə də təqdim olunmuş sübutdan görünür ki, belə bir bildiriş həmin orqanda qeydə alınmamış, sadəcə bildirişin üzərində həmin orqana daxil olması barədə qeydiyyat aparılmışdır (i.v. 20). Bu baxımdan birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddianı təmin etməmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi), habelə borc öhdəliyin qanuna uyğun olaraq üçüncü şəxsə ötürüldüyü barədə hər hansı sübut təqdim etməmişdir. Tələb olunan və pulun verilmə müddətinin bitdiyi tarixədək hesablanmış faiz və cərimə borcu əsas borca mütənasibdir. Bu baxımdan iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1047/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar