Məhkəmə qərarları › İş №2(103)-1295/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1295/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1295/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı x qızının cavabdeh y qızına qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1335/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat əsas borc, 675 manat faiz borcu, 500 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun, cəmi 5705 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin may ayında Cavabdeh 4500 manat borc pul vermişdir. Sonuncu aldığı məbləği 2017-ci ilin sonunadək qaytarmağı öhdəsinə götürmüş, lakin bu günə kimi həmin məbləği qaytarmamışdır. Dəfələrlə verdiyi pulların geri qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Cavabdehin bu hərəkəti ailəsində söz-söhbətin yaranmasına gətirib çıxarır, maddi vəziyyətini pisləşdirir və ona xeyli zərər vurur. Həmin 4500 manat məbləğində pul ona mülki dövriyyədə xeyli gəlir gətirə bilərdi. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirirsə, kreditor gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Hazırkı halda borclu geridə qalan 3 il ərzində borcunu qaytarmadığından 3 il üçün borc məbləğinin 15%-i miqdarında, yəni 675 manat əlavə pul ödəməlidir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində onun ailəsində yaranmış söz-söhbətlər nəticəsində o, mənəvi iztirablar keçirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1335/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1202 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulması qət edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1335/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının izahatını təhrif edərək guya onun 2016-cı ilin may ayından 2018-ci ilin dekabr ayına qədər müddət ərzində cavabdehə məxsus kartdan hər ay pensiya məbləğini çıxararaq götürdüyünü qeyd etmişdir. Halbuki o, məhkəmə iclasında yalnız 13 ay ərzində cavabdehin kartına yüklənmiş pensiya məbləğini çıxardığını bildirmişdir. Bundan başqa, o, izahatında həqiqətən də cavabdedən 300 manat dəyərində sırğanı aldığını, lakin həmin işin bu borc münasibətlərinə aid olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə tərəfindən ödənilmiş məbləğlərin hesablanması zamanı da yanlışlıqlara yol verilmişdir. Hesab edir ki, məhkəmə borca görə hesablanmış cərimə məbləği hissəsində iddianı təmin etməməklə də səhv nəticəyə gəlmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 2016-cı ildə şifahi borc müqavilə bağlanmış, iddiaçı cavabdehə 4500 manat məbləğində borc vermiş, sonuncu da həmin borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh məxsus pensiya kartından 2 il ərzində karta mədaxil olmuş 3242 manat pulun 2 aylıq 244 manat hissəsi istisna olmaqla, 2998 manat məbləğini çıxarmışdır. Cavabdeh eyni zamanda iddiaçıya borc müqabilində dəyəri 300 manat olan sırğa vermişdir. İş materiallarında olan “xxxx” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus kartdan 2016-cı ilin may ayından 2018-ci ilin dekabr ayınadək 3242 manat məbləğində pul məxaric olmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş üzrə aparılmış hesablama ilə bağlı məhkəmə kollegyiası qeyd edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halı kimi cavabdehə məxsus bank hesabı kartından ümumilikdə 3242 manat pulun çıxarıldığını və həmin pulun ümumilikdə 242 manatının cavabdehin özü tərəfindən çıxarılması nəzərə alınaraq, yerdə qalan məbləğ 2998 manat olduğu halda, səhvən 2098 manat təşkil etdiyi qənaətinə gəlmişdir. Lakin bu yanlışlıq məhkəmə tərəfindən aparılmış son hesablamaya və qalıq borc məbləğinin düzgün müəyyən edilməsinə təsir etmədiyindən (4500-2998-300=1202) məhkəmə kollegiyası qeyd edilən səhvin texniki yanlışlıq olması qənaətinə gəlir. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində onun izahatının təhrif edildiyini qeyd etsə də, məhkəmə iclasının protokollarından görünür ki, məhkəmə qətnaə qəbul edərkən yalnız tərəflərin məhkəmə iclası protokolunda qeyd edilmiş izahatlarına istinad etmişdir. İddiaçı məhkəmə iclasının protokoluna dair yazılı qeydlər təqdim etsə də, həmin qeydlər mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən – bunun üçün müəyyən edilmiş müddət ötürülməklə verildiyindən işə baxmış məhkəmə tərəfindən geri qaytarılmışdır. Deməli, tərəflərin məhkəmə iclasının protokolunda əks olunmuş izahatlarını şübhə altına ala biləcək hər hansı bir əsas mövcud deyildir. Belə olan halda, məhkəmə iclasının protokolunda əks olunmuş iddiaçının izahatının təhrif olunması barədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçı cavabdehin ona həqiqətən də, 300 manat dəyəri olan sırğa verdiyini, lakin bu sırğanın hazırkı borc münasibətlərinə aidiyyatının olmamasını bildirsə də, bu halı sübut edən hər hansı dəlilini məhkəmə təqdim etməmişdir. Həmçinin, iddiaçı həmin sırğanı cavabdehin ona hansı məqsədlə verməsinə öz izahatında aydınlıq gətirməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı tələblərinə görə (MPM 77.1), qeyd edilən sırğanın ona verilməsini etiraf etdikdən sonra, onun mübahisəli borc müqaviləsinə aidiyyatının olmamasını sübut etmək yükünü iddiaçı özü daşımışdır. Belə olan halda, apellyasiya şikayətinin həmin hallarla bağlı dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə tərəfindən borc məbləği üzrə hesablamalar aparılan zaman anlaşılmayan səhvlərin buraxılmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəflərin izahatlarını nəzərə almaqla, «xxxx» ASC tərəfindən verilmiş hesabdan çıxarışda göstərilmiş rəqəmlərə istinad etmiş, həmin çıxarışda göstərilmiş məbləğlər üzrə hesablama aparmış, ona görə də, mövcud qalıq borc məbləğini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçı tərəfindən dəlillərini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı x qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1335/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar