Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1295/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pulun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2692/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında mənzil alqı-satqısı münasibətləri olmuşdur. İddiaçı bu münasibət zamanı cavabdehə ümumilikdə bəzi işlərin görülməsi üçün 2580 manat pul verməsini bildirmiş, lakin cavabdeh tərəfindən həmin işlər görülmədiyindən həmin pulun geri alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin pul ödənilmədiyindən məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən iddia edilən pulun ona verilmədiyini bildirmişdir.
2. İş materiallarınd olan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 074-7314A saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-12-ci PŞ daxil olmuş müraciəti üzrə qeyd olunan xüsusatlar mülki mübahisə predmeti olduğundan bu kimi xüsusatların öz həllini mülki qaydada məhkəmədə baxılması bildirilmişdir.
3. İş materiallarınd olan, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh yataq otağının qapısına hər birinin dəyəri 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat, otağa pəncərənin açılması üçün 190 (yüz doxsan) manat, sayğaclara görə ödədiyi 550 (beş yüz əlli) manat, qonşuluqdakı evin satılması üçün verilmiş 1500 (min beş yüz) manat olmaqla cəmi 2580 manat pulun 10 gün müddətində ödənilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yataq otağının qapısına hər birinin dəyəri 170 (yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat, otağa pəncərənin açılması üçün 190 (yüz doxsan) manat, 530 (beş yüz otuz) manatın sayğaclara görə ödədiyi 550 (beş yüz əlli) manat, qonşuluqdakı evin satılması üçün verilmiş 1500 (min beş yüz) manat, əldən çıxmış fayda kimi 155 (yüz əlli beş) manat olmaqla cəmi 2.735 (iki min yeddi yüz otuz beş) manat və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdehn iyun 2021-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi Yanardağ küçəsi, 1/2 saylı evi ona 27.000 (iyirmi yeddi min) manata satarkən 2 yataq otağının qapısını, otağa pəncərənin qoyulmasını öhdəsinə götürmüşdü və pulunun onun tərəfindən ödənilməsini bildirmişdir. Əlavə olaraq qaz, su, işığın sayğaclarının qoyulmasına görə ondan 550 manat pul almışdı. Cavabdeh qonşuluqda olan evin ona satılması üçün 1500 (min beş yüz) manat pul almışdı. O, evə köçənə qədər 2 yataq otağının qapısının otağa pəncərənin qoyulmasını, qaz,su, işıq sayğaclarının quraşdırılmasını öz öhdəsinə götürmüşdür. O, evə köçəndən sonra cavabdeh verdiyi sözü və öhdəliyi yerinə yetirməmişdir. O, məcbur qalıb 2 yataq otağının qapısına hər biri 170 manat olmaqla 340 manat, otağa pəncərənin açılması üçün pəncərəyə 190 manat pul ödəmişdir. Sayğaclara görə ödədiyi 550 manatın, qonşuluqda olan evin ona satılması üçün verdiyi 1500 (min beş yüz) manatın, qapı və pəncərəyə ödədiyi 530 manatın geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsədə heç bir nəticəsi olmamışdır. Cavabdeh ona 2.580 manat pulu qaytarmağa söz versədə bu günə qədər qaytarmamışdır. Ona görədə o, 102 xidmətinə müraciət etmişdi. Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 074-7314A nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə bu kimi xüsusatlar öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğu bildirilmişdir. Aparılan araşdırma materiallarının surətini ona verməkdən imtina etdilər. Cavabdeh 2021-ci ilin iyun ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmış. Ondan 2580 manat məbləğində pulun əlavə olaraq qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2021-ci il iyun ayından başlayaraq 12 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2692/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə müvafiq əsaslandırma aparılması ilə yanaşı həmçinin həmin əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırda məhkəmə iddia tələbi üzrə qeyd olunan pulun cavabdehə verilməsinin, habelə cavabdeh tərəfindən ümumiyyətlə iddiaçı qarşısında müvafiq işlərin görülməsi ilə bağlı hər-hansı öhdəliyin götürülməsi məyyən olunmur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 14.1, 385.1, 386.1, 387.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 89.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
10. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
11. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, Onlar şifahi razılaşmışlar və o, pulu cavabdehə şahidlərin iştirakı ilə vermişdir, notariusa getməmişlər. Balaxanıda evlərin çoxunun çıxarışı yoxdur. Birinci instansiya məhkəməsinin hakimi ancaq cavabdehin dediklərinə inanmış onun bildirdiklərini nəzərə almamış, şahidləri dindirməmişdir. Məhkəmədə dindirilən şahidlər barədə qətnamədə heç bir münasibət bildirilməmişdir. Halbu ki, cavabdehlə bütün razılaşmada qonşulardan iki nəfər iştirak etmiş və birinci instansiya məhkəməsində ifadələri alınmışdır. O, heç bir yeri oxumamış, hüquqi savadı yoxdur. Hardan bilərdi ki, cavabdehə şəxsiyyət vəsiqəsi və etibarnamə verməli idi. Hardan bilərdi qaz, işıq, su sayğacını harda sənədləşdirirlər. Cavabdehə aid olan evin heç bir sənədi (yəni çıxarış) olmamışdır. Cavabdeh evi ona satarkən hissə-hissə pulu alarkən özünü imam övladı kimin aparırdı. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiklərindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarıqərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə müvafiq əsaslandırma aparılması ilə yanaşı həmçinin həmin əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini, belə olan halda isə məhkəmə iddia tələbi üzrə qeyd olunan pulun cavabdehə verilməsinin, habelə cavabdeh tərəfindən ümumiyyətlə iddiaçı qarşısında müvafiq işlərin görülməsi ilə bağlı hər-hansı öhdəliyin götürülməsinin məyyən olunmadığını nəzərə alıb, hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməməlidir.
42. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, o, cavabdehlə şifahi razılaşmışlar və o, pulu cavabdehə şahidlərin iştirakı ilə vermişdir, notariusa getməmişlər. Birinci instansiya məhkəməsi ancaq cavabdehin dediklərinə inanmış onun bildirdiklərini nəzərə almamış, şahidləri dindirməmişdir. Məhkəmədə dindirilən şahidlər barədə qətnamədə heç bir münasibət bildirilməmişdir. Halbu ki, cavabdehlə bütün razılaşmada qonşulardan iki nəfər iştirak etmiş və birinci instansiya məhkəməsində ifadələri alınmışdır. Cavabdehə aid olan evin heç bir sənədi (yəni çıxarış) olmamışdır.
43. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, İddiaçı şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.
44. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
45. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
47. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir.
49. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmamasının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
50. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh evi ona 27.000 manata satarkən 2 yataq otağının qapısını, otağa pəncərənin qoyulmasını öhdəsinə götürmüşdü. Əlavə olaraq qaz, su, işığın sayğaclarının qoyulmasına görə ondan 550 manat pul almışdı. Cavabdeh qonşuluqda olan evin ona satılması üçün 1500 manat pul almışdı. O, evə köçənə qədər 2 yataq otağının qapısının otağa pəncərənin qoyulmasını, qaz,su, işıq sayğaclarının quraşdırılmasını cavabdeh öz öhdəsinə götürmüşdür. Cavabdeh verdiyi sözü və öhdəliyi yerinə yetirməmişdir. O, məcbur qalıb 2 yataq otağının qapısına hər biri 170 manat olmaqla 340 manat, otağa pəncərənin açılması üçün pəncərəyə 190 manat pul ödəmişdir. Sayğaclara görə 550 manat, qonşuluqda olan evin ona satılması üçün 1500 manat pul ödəmişdir.
51. Kollegiyanın qənaətinə görə iddiaçı iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” ilə bağlı müddəaları (Mülki Məcəllənin 1090.1, 1096.1, 1096.2 maddələri) nəzərdən keçirilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, bu halda sübutetmə yükü, yəni cavabdehin mülki hüquq pozuntusunu törətməsi və cavabdehin hüquqazidd hərəkətlər nəticəsində iddiaçıya zərərin yetirilməsini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür və kollegiya hesab edir ki, iddiaçı həmin halları sübuta yetirə bilməmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair işlər).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.
54. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
55. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, İddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir.
57. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
46. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı mübahisələndirdiyi pul məbləği beş min manatdan az təşkil edir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2692/2022 saylı, 03 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.