Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1297/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 366922 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – Cavabdeh, anası – X3r.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(007)-2832/2016 saylı, 05 may 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 01 aprel 2014-cü il tarixdə bağlanmış və 409 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra sonra tərəflərin birgə nikahından 22 iyun 2014-cü il tarixdə doğulmuş X4 anası X2 himayəsində saxlanılması, 22 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 12 aprel 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir
3. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 243919 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə – X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 210 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir.
4. 02.08.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı – bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin artırılaraq hər ay 193 manat sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 2832/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aliment miqdarı 117 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması xərcləri üçün kifayət etmir. Aliemtin məbləğinin artırılması zərurəti vardır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5770/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2832/2016 saylı 05 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia göstərilən hissədə təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin rəsmi şəkildə qazancı və ya gəliri olduqda onun dörddə bir hissəsi aliment məbləği tutulmalıdır. Təyin olunmuş məbləğ (193 manat) onun qazancının dörddə birindən çoxdur. Məhkəmə onun hüquqlarını pozaraq absurd qətnamə qəbul etmişdir. Bundan başqa, o ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından bir azyaşlı (1 yaş 2 aylıq) uşağı dünyaya gəlmişdir. Göründüyü kimi onun himayəsində başqa bir övladı da vardır ki, onun saxlanılması xərcini həyata keçirməlidir. Belə olan halda, məhkəmə bu faktlara diqqət yetirməli, onun ailə və maddi vəziyyətini nəzərə almalı idi. Bu normada təsbit olunduğu kimi, alimentin məbləği müəyyən olunarkən onun miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. O evlidir və nikahından bir azyaşlı uşağı vardır. Hal-hazırda "xxxx" ASC-də təmirçi (çilingər) kimi işləyir və maaşı 477 (dörd yüz yetmiş yeddi) manatdır və bu faktı təsdiq edən sənədlərdə məhkəmənin diqqətinə çatdırılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilmiş 193 manat məbləğində alimentin ondan tutulması ailəsinin ehtiyaclarını ödəməkdə ona çətinlik yaratmaqla ailə üzvlərinin də hüquqlarına toxunur. O alimentin ödənilməsindən boyun qaçırmır, lakin təyin edilmiş 193 ( yüz doxsan üç) manat məbləğin yüksək olması onun yaşayışına mənfi təsir edəcəkdir. Belə ki, 477 manat təşkil edən əmək haqqından 193 manat məbləğində aliment çıxıldıqdan sonra yerdə qalan 284 manat məbləğ qalır ki, bu da onun yaşayış minumumu belə ödəmir. Halbuki, Ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövlətin ali məqsədləri göstərilmişdir və bunlardan biri də Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Qeyd edilən halları nəzərə alaraq, ədalət mühakiməsini həyata keçirən məhkəmənin təyin olunmuş məbləği azaltmağı xahiş edir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, onun maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmanışdır. Belə ki, işlədiyi yer olan "xxxx"ASC-də maaşı 477 (dörd yüz yetmiş yeddi) manat təşkil edir və onun azyaşlı uşağı da vardır. Təyin olunmuş məbləğ tərəfindən ödənildiyi təqdirdə ailənin digər fərdlərinin ehtiyaclarını qarşılamağı qeyri-mümkün olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, o ikinci dəfə rəsmi nikaha daxil olub. Rəsmi nikahdan bir azyaşlı (1 yaş 2 aylıq) uşağı dünyaya gəlmişdir. Göründüyü kimi, onun himayəsində başqa bir övladı da vardır ki, onun saxlanılması xərcini həyata keçirməlidir. Belə olan halda, məhkəmə bu faktlara diqqət yetirməli, onun ailə və maddi vəziyyətini nəzərə almalı idi. Məhkəmə tərəfindən müəyyən edilmiş 193 manat məbləğində alimentin ondan tutulması ailəsinin ehtiyaclarını ödəməkdə ona çətinlik yaratmaqla onun ailə üzvlərinin də hüquqlarına toxunur. Təyin olunmuş məbləğ (193 manat) onun qazancının dörddə birindən çoxdur. Məhkəmə onun hüquqlarını pozaraq absurd qətnamə qəbul etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanlır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
27. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(007)-2832/2016 saylı, 05 may 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat , 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
28. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
29. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 193 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.
30. Cavabdehin himayəsində ikinci nikahından olan uşağının olması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
31. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev