Məhkəmə qərarları › İş №2(103)-1298/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1298/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1298/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə xx.xx.2014 il tarixli kredit müqaviləsi üzrə 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 4008.56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017 il tarixdən xx.xx.2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.958.55 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7035,99 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı cavabdehdən müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1014 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsassız olaraq rədd etməklə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə zaminlərə münasibətdə də iddianı təmin etməməklə, mövqeyini belə əsaslandırmışdır ki, öhdəliyin icrası vaxtı bitdiyi gündən bank tərəfindən zaminlərə qarşı iddia qaldırılmadığından zaminliyə xitam verilmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli Əlavə sazişlə müqaviləni müddəti uzadılmış və bu barədə zaminlərlə zaminlik müqaviləsinə əlavə bağlanmışdır. Bundan başqa, xx.xx.2012-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinin 11.3-cü maddəsində zaminliyə xitam verilməsi halları sadalanmış və c bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən, zaminlik, icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər banka tam həcmdə ödənilənədək qüvvədə qalır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayətin dəlilləri qətnamənin zaminlərə və geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış məbləğə aid hissəsi ilə bağlı olduğuna görə Kollegiya, qətnaməni həmin hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı KB ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 22-M-1-0-1004-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 illik 26 % dərəcəsilə 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 isə borcalanın bank qarşısında öhdəliklərinin tam və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Söügedən müqaviləyə xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin bağlanma tarixi xx.xx.2017-ci il tarixədək uzadılmış və tərəflər arasında həmin tarixədək ödəniş qrafiki razılaşdırılmışdır. Lakin əsas borclu borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 4008.93 ABŞ dolları əsas, 2927.06 ABŞ dolları faiz, 4008.56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017 il tarixdən xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1014 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.958.55 ABŞ dolları borcu qalmışdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış məbləğin tutulması hissəsində təmin etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Konstitusion nəzarəti həyata keçirən məhkəmənin hüquqi mövqeyindən göründüyü kimi, tələbin hüquqi əsası qismində Mülki Məcəllənin 449.1-ci maddəsinin çıxış etməsi üçün özgəsinin vəsaitini qanunsuz saxlayan və ya onun qaytarılmasından boyun qaçıran şəxsin bu hərəkətlər nəticəsində ondan faydalanması halı müəyyən edilməlidir. Faydalanma dedikdə isə, borclunun gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsi nəzərdə tutulur. Hazırkı işdə iddiaçı, əsas borclu Cavabdeh1 borcun ödənilməsini gecikdirməklə hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etdiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı, bu tələbi kredit müqaviləsinin müddəti bitdikdən xeyli müddət keçdikdən sonra irəli sürmüş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Kollegiya, iddia tələbinin zaminlərlə bağlı hissəsinə münasibətdə isə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, “xxxx” ASC, Cavabdeh3 və Cavabdeh2 kredit borcunun tutulmasını tələb etməkdə haqlı deyillər. Belə ki, iddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı tələbini onun zamin olması barədə xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə və ona dair xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, zaminlər borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Göründüyü kimi, “xxxx” ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, Kollegiya MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, sözügedən kredit müqaviləsi üzrə bitmə tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. Əsas öhdəliyin icra vaxtını xx.xx.2017-ci il tarixdən hesabladıqda “xxxx” ASC, zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı bir il ərzində - xx.xx.2018-ci ilədək iddia irəli sürməli idi. Lakin “xxxx” ASC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, kreditor “xxxx” ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə xx.xx.2017-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminliyi aradan qalxdığı üçün onlar, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası, tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək zaminlik müqaviləsinin qüvvədə qalması barədə 11.3-cü bəndinin “c” yarımbəndinin ikinci cümləsinə əsasən sözügedən müddətin keçməməsinə dair iddiaçının mövqeyini əsaslı saymır. Ona görə ki, müqavilənin 11.3-cü bəndinin “c” yarımbəndinin ikinci cümləsi etibarsız şərtdir. Belə ki, bankın özünün tərtib etdiyi zaminlik müqaviləsinin 11.3-cü bəndinin “c” yarımbəndinin ikinci cümləsində müqavilənin qüvvədə olma müddətinin“zaminliyin icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər banka tam həcmdə ödənilənədək qüvvədə qalır” kimi nəzərdə tutması heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməz. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşkar şəkildə ziddir. Dolayısı ilə, bu bənd üzrə razılaşma həmin maddənin tələblərinin pozulması ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə, müqavilənin 11.3-cü bəndinin “c” yarımbəndin ikinci cümləsi, MM-in 420.1.2-ci və 420.2-ci maddələrinə əsasən, müqavilənin standart şərti kimi etibarsızdır və bu səbəbdən ona söykənən tələb əsaslı sayıla bilməz. Digər tərəfdən, içərisində həmin şərt olan müqavilənin cavabdehlər tərəfindən imzalanmasının müqavilə azadlığı ilə izah edilməsi də mümkün deyil. Çünki qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Halbuki, müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin (kredit üzrə bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipinin mahiyyətinə və məqsədinə tamamilə ziddir. Yəni, müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını alması arzuolunmaz hüquqi vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin sui-istifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir. Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (MM 418) və standart şərt qeyri-adi norma olmamalıdır (MM 419). Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan, onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (MM 420). Mülki Məcəllənin 420.1.2-ci maddəsinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Hazırkı işdə bank tərəfindən müqaviləyə daxil edilmiş və zaminə qarşı tələbin əsası kimi istinad olunan standart şərti (bank hesab, kredit və zaminlik müqaviləsinin 11.3-cü bəndinin “c” yarımbəndinin ikinci cümləsi) təhlil etdikdə aydın olur ki, “zaminliyin icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər banka tam həcmdə ödənilənədək qüvvədə qalır” müddəası cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunla (MM-in 477.0.4cü maddəsi ilə) verilən hüququ aradan qaldırdığından və bu səbəblə MM-in 420.1.2-ci və 420.2-ci maddələrinin tələblərinə uyğun olmadığından etibarsızdır. Çünki müqavilənin bu bəndindəki müddəa, qanunla müəyyən olunmuş müddətdə zaminliyə xitam verilməsi (zamin öhdəliyindən azad olmaq) hüququnu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əlindən alır. Əks halda zaminliyə müddətin keçməsinə görə xitam verilməsi institutu ümumiyyətlə tətbiq oluna bilməz və əhəmiyyəti aradan qalxar. Mülki Məcəllə, bu hüququ zaminə verdiyi halda, zaminlik müqaviləsində standart şərt kimi müddətin qeyri-müəyyən (aydın olmayan) zaman daxilində nəzərdə tutulması, qanuna zidd olduğu kimi, mülki hüququn hamılıqla qəbul edilmiş vicdanlıq prinsipinə də uyğun deyil. Bu prinsipə görə, qanunvericilik müqavilənin standart şərtləri haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. MM-in 337.3-cü və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış bank hesab, kredit və zaminlik müqaviləsinin 11.3-cü bəndinin “c” yarımbəndinin ikinci cümləsi etibarsızdır və bu səbəbdən iddiaçının həmin bəndə istinadı əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(010)-2498/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar