Məhkəmə qərarları › İş №2(103)-1298/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1298/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1298/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı ilkin iddiası və Ayvacı Basrinin İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: pul tələbi, öhdəliyə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdeh Ayvacı Basrinin iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Ayvacı Basri tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və borcalana xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 23.000 manat məbləğdə borc verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Ayvacı Basriyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ayvacı Basridən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23.000 manat məbləğində borcun və ödənilmiş 159 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ayvacı Basri İddiaçı qarşı qarşılıqlı iddia və əlavə ərizə verərək, onunla İddiaçı arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə onun öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İlkin iddia onunla əsaslandırılmışdır ki, borcalan həmin borc müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC olaraq qeydiyyatdan keçmiş kafeyə şərik olmaq məqsədilə ona müraciət etmişdir. Tərəflərin razılaşmasına əsasən, İddiaçı tərəfindən 45.000 manat məbləğində pul qoyuluşu həyata keçirilməli idi. Lakin İddiaçı tərəfindən 10.000 manat, 5.000 manat və 5.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaiti kafenin avadanlıqlarının – 2 ədəd soyuducu, 2 ədəd televizor, manqal dəsti, hazırlıq dəsti, kabab şişləri və s. alınmasına, havalandırma sisteminin quraşdırılmasına, elektrikləşmə işlərinə, səhnənin düzəlişinə və s. xərclənmişdir. Bundan əlavə, reklam işləri ilə bağlı R.Rəhmov 3.000 manat məbləğində pul ödədiyini ona bildirmişdir. İddiaçı kafeyə şərik olaraq qoyduğu pul vəsaitinin notarial qaydada borc müqaviləsi adı altında sənədləşdirilməsini təklif etmiş, o, isə buna etiraz etməmişdir. Belə ki, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, guya borc verən İddiaçı borc alan Cavabdeh 23.000 manat məbləğində pulu notariusun banka açılan depozit hesabı vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Sözügedən pul vəsaitinin əvəzi olaraq onun tərəfindən kafe bütün avadanlıqları və yaxşılaşdırma işləri ilə birgə İddiaçı təhvil verilmiş, "xxxx" MMC ləğv edilmiş, o, uzaqlaşmış və kafenin yerləşdiyi icarə obyektinə dair İddiaçıla icarə müqaviləsi bağlanılmış, bununla da 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik tam icra edilmişdir. Bu zaman hətta İddiaçı onun yanında sözügedən kredit müqaviləsini cıraraq, tərəflərin hər hansı pul münasibətlərinin qalmadığını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra İddiaçı hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbilərini əsaslandıran mötəbər sübutları – şahid ifadələri, avadanlıqların alınmasına dair sənədlər, "xxxx" MMCnin ləğvi ilə bağlı bütün vergi sənədləri mövcuddur və iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, o, 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən öhdəliyə xitam verilməlidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-2278/2023) ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıdan 13 iyun 2022-ci il tarixdə 23.000 manat borc götürmüş, həmin pul vəsaitini 01 iyul 2022-ci il tarixdə qaytaracağına dair ilk iddia üzrə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin borcu vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, bu səbəbdən ilk iddia üzrə iddiaçı cavabdehə pretenziya məktubu göndərmiş, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən kredit müqaviləsində qeyd edilən borc məbləğini bundan daha öncə ortaq işə yatırmaq üçün götürdüyünü, müqavilənin sonradan bağlandığını bildirsə də, 13 iyun 2022-ci il tarixdə 23.000 manat borc vəsaitini "xxxx" ASCdə olan müvafiq hesabdan məxaric etməsini izah edə və əsaslandıra bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1, 528, 529.1, 529.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında razılaşma olmuşdur və obyekt onun tərəfindən ilkin iddiaçıya borc əvəzi verilmişdir. İddiaçının heç bir hərəkət etmədən obyekti əldə etməsi necə mümkün ola bilər? Halbuki, şahid ifadələri də bunu təsdiq edir ki, obyekt borc müqaviləsi ilə əvəzləşdirilib və əqd üzrə heç bir öhdəlik qalmamışdır. Məhkəmə isə heç bir şahid ifadəsinə düzgün mövqedən yanaşmamış və əsassız varlanmaq istəyən ilkin iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Bununla bağlı iddia ilə məhkəməyə müraciət etməməyinin səbəbi də bunu göstərir ki, həmin pullar əvəzləşdirilmişdir. Həmin əqdin yalan əqd olması yalnız şahid ifadələri ilə sübut edilməlidir və ilkin iddiaçı özü də bunu bildiyi üçün əsassız varlanmasını pərdələmək üçün yalnız notariat müqaviləsində yazılanlardan başqa bir ifadə ilə yanaşmır və şahid ifadələrinə münasibət bildirə bilmir. Bu halın şahid ifadələrində öz əksini tapması maddi sübut kimi qiymətləndirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saydı.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi (vəkili) bundan əvvəl keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

21. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

22. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

23. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

24. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tələbin ona qarşı təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd olunması hissələrində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında formal olaraq borc müqaviləsinin bağlanmasını, tərəflər arasında isə heç bir borc münasibətinin olmadığını bildirir. Cavabdeh iddia edir ki, mübahisələndirilən kredit müqaviləsi yalan əqd olmaqla əslində tərəflər arasında olan işgüzar münasibətləri (birgə fəaliyyət müqaviləsi və ya əməkdaşlıq müqaviləsi) pərdələmək üçün bağlanmışdır.

32. Cavabdeh ilkin iddiaya etirazını təsdiq edən sübutlar qismində məhkəməyə şahid ifadələri, avadanlıqların alınmasına dair sənədlər, "xxxx" MMC-nin ləğvi ilə bağlı vergi sənədlərini təqdim etmişdir.

33. Birinci instansiya məhkəməsi tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlandığını, pulun notariusun depozit hesabına borc məbləği kimi köçürüldüyünü və cavabdeh tərəfindən məxaric olunduğunu nəzərə alaraq ilkin iddianı əsaslı saymış, qarşılıqlı iddianı isə sübuta yetirilmədiyi üçün rədd etmişdir.

34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış və təsdiq edilmiş 13 iyun 2022-ci il tarixli 3M-556 reyestr saylı kredit müqaviləsindən görünür ki, Ayvacı Basri 01 iyul 2022-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 23.000 manat borc almış, həmin tarixdə də iddiaçı tərəfindən notariusun məktubuna əsasən "xxxx" ASC-də olan müvafiq hesaba mədaxil edilmiş, Ayvacı Basri tərəfindən məxaric edilmişdir.

36. Cavabdeh iddiaçıdan kredit müqaviləsində qeyd edilən borc məbləğini bundan daha öncə ortaq işə yatırmaq üçün götürdüyünü, müqavilənin sonradan bağlandığını bildirsə də, 13 iyun 2022-ci il tarixdə 23.000 manat borc vəsaitini "xxxx" ASC-də olan müvafiq hesabdan məxaric etməsini izah edə və əsaslandıra bilməmişdir.

37. Cavabdeh tələbini təsdiq edən sübut qismində məhkəməyə təqdim etdiyi şahidlər isə onun tanışı, keçmiş işçiləridir. Onlar işin nəticəsində maraqlıdırlar. Bundan əlavə, təqdim olunmuş şahidlərin ifadələri işdə olan digər sübutlarla birlikdə qiymətləndirildikdə iş üçün əhəmiyyətə malik ola bilər. Hazırkı vəziyyətdə isə yalnız şahid ifadələrini əsas götürməklə notarial qaydada tərəflərin iştirakı ilə bağlanmış, həmin gündə də cavabdeh tərəfindən qəbul edilmiş borcun iddiaçıya geri qaytarılması və kredit müqaviləsi üzrə öhdəliyin icra edildiyi barədə qənaətə gəlmək mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə zidd olardı.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya baxışı zamanı kredit müqaviləsində göstərilən məbləği borc məqsədilə deyil, başqa məqsədlə (kafenin işlədilməsi) götürdüyünü bildirsə də, mülkiyyətində, yaxud icarəsində hər hansı kafe, yaxud ticarət obyekti olmasına dair işə baxan məhkəməyə heç bir sübut təqdim etməmişdir.

39. Digər tərəfdən, tərəflərin məqsədi şərikli biznes, yaxud digər sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə bağlamaq olmuş olsaydı, onlar həmin məzmunda birgə fəaliyyət, ticarət obyektinin, yaxud hüququn alqı-satqısı və s. haqqında müqavilə bağlaya bilərdilər. Qanunda belə müqavilələrin bağlanması qadağan edilməmişdir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

41. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsi həqiqətə nail olunmasının təmin edilməsi üçün məhkəmənin üzərinə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi vəzifələr qoymuşdur.

42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

43. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

44. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar