Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1304/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X1 Bank ilə bağladığı xx.xx.2018-ci il tarixli, 12-xx.xx.2018-003003 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 775,35 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 0,02 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ödənilmiş bank xidmət haqqının əvəzinin – 0,40 manat məbləğində pulun mərhum borcalanın vərəsələri olan cavabdehlərdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azad Ramazanov, onunla Bank arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 27 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 2.250 manat məbləğində borc götürmüşdür. Azad Ramazanov tarixdə ölmüşdür. ünvan ünvanlanmış 2378 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mərhumun arvadı Cavabdeh1, mərhumun övladları Kənan, Orxan və Cavabdeh4lar mərhumun vərəsələri kimi tanınmışlar və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak, "xxxx" Bank” ASC-nin “Mərkəz” filialının xx.xx.2021-ci il tarixli 143№li məktubuna əsasən həmin Filialda mərhumun adına olan kart hesabındakı 351,90 manat və bu “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Banka təqdim edildiyi tarixə göstərilən kart hesabındakı hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən ibarətdir. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı Bank qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün Bank tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-35945/2023 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, borcun məbləği barədə məlumat verilmiş, lakin cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat, rüsumun ödənilməsi üçün isə 0,40 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcalan Azad Ramazanovun ölümündən sonra mirası qəbul etmiş mərhumun vərəsələri olan cavabdehlərdən miras əmlakı təşkil edən həddə, yəni “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” göstərilmiş 351,90 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” üzrə qəbul etdikləri miras 351,90 manat məbləğində puldan ibarət olduğu üçün cavabdehlərdən iddiaçı Bankın xeyrinə yalnız həmin məbləğ tutula bilər, iddianın tam təmin edilməsi üçün qanuni əsas mövcud deyil. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
6. İddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər 29 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və onlara həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdehlər mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Belə olan halda iddia, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən tam təmin edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh4 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdilər.
9. İş üzrə digər cavabdehlər apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, Azad Ramazanov ilə iddiaçı Bank arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Azad Ramazanov həmin müqaviləyə əsasən Bankdan illik 27 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 2.250 manat məbləğində borc götürmüşdür.
12. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 089651 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Azad Ramazanov xx.xx.2020-ci il tarixdə ölmüşdür.
13. Bank tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Azad Ramazanovun öldüyü tarixə əsas kredit borcu 775,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 0,02 manat təşkil edir.
14. Bakı Şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilərək, reyestrdə 2V-59 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Azad Ramazanovun vərəsələri (arvadı) Cavabdeh1, (övladı) Cavabdeh2, (övladı) Cavabdeh3 və (övladı) Cavabdeh4dur. Miras əmlak "xxxx" Bank ASC-nin “Mərkəz” filialının xx.xx.2021-ci il tarixli 143№li məktubuna əsasən həmin Filialda mərhumun adına olan kart hesabındakı 351,90 manat və bu “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Banka təqdim edildiyi tarixə göstərilən kart hesabındakı hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən ibarətdir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307.).
16. İş materiallarından görünür ki, iddiaçı Bank mərhum borcalanın yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış 775,35 manat məbləğində əsas kredit borcunun və 0,02 manat məbləğində faiz borcunun ödənilməsini mərhumun vərəsələri olan cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər həmin borcu ödəməmişlər. İşə baxmış Rayon Məhkəməsi isə cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” göstərilən mirasın 351,90 manat məbləğində puldan ibarət olmasını nəzərə alaraq Bankın iddiasının qismən təmin edilməsini və cavabdehlərdən Bankın xeyrinə yalnız 351,90 manatın tutulması hissəsində iddianı təmin etmişdir.
17. Qətnamədən görünür ki, Rayon Məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbini nəzərə alsa da, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbini nəzərə almamışdır.
18. Apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən cavabdehlərə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək üçün müvafiq sübutların təqdim edilməsi üçün şərait yaradılsa da, cavabdehlər bu kimi sübutları təqdim etməmişlər.
19. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, Bankın iddia ərizəsi və apellyasiya şikayəti tam həcmdə əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, dəlillər əsaslıdır.
21. MPM-in 385.1.1 və 385.1.4-cü maddəsinin tələbinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır.
22. Bunlardan başqa Məhkəmə bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 382, 384, 392, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiası təmin edilsin. Vəfat etmiş borcalan X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2018-ci il tarixli, 12-xx.xx.2018-003003 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 775 (yeddi yüz yetmiş beş) manat 35 (otuz beş) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 02 (iki) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ödənilmiş bank xidmət haqqının əvəzi olaraq 40 (qırx) qəpik məbləğində pul mərhum borcalanın vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.