Məhkəmə qərarları › İş №2(103)-1305/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1305/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1305/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci i tarixli, 2(011)-6308/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Tərtər Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 1(61)-18/2014 nömrəli hökmünə əsasən X4 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrıayrılıqda 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.

2. AZ-T 154901 nömrəli doğum haqqında şədahətnamədən görünür ki, X2 xx xxxx 1984-cü ildə doğulmuşdur. X3, anası X6r.

3. AZ-İ 647814 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 28 noyabr 2013-cü il tarixdə ölmüşdür, ölüm səbəbi tənəffür mərkəzinin iflici, dəmqazı ilə zəhərlənmədir.

4. AZ-İ 647815 nömrəli m şəhadətnamədən görünür ki, X11 28 noyabr 2013-cü il tarixdə ölmüşdür. Ölüm səbəbi tənəffür mərkəzinin iflici, dəmqazı ilə zəhərlənmədir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə anası və atasının faciəvi surətdə ölmələri ilə bağlı 80000 manat məbləğdə mənəvi ziyana görə kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ata və anasını eyni gündə itirmişdir. X4 və X7 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, onlar X16 sahəsində işlədikləri müddətdə vəzifəli şəxslər olmaqla, işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan iddiaçının atası və anasının ölümünə səbəb olmuşlar. Tərtər Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli hökmünə əsasən X4 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı-ayrılıqda 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X16 İdarəsinin əməkdaşlarının-Cavabdeh İB-nin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Ata və anasının eyni gündə faciəvi surətdə ölmələri ilə bağlı keçirdiyi narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. hallar nəzərə alınaraq 80000 manat məbləğində mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)- 6308/2022 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmişdir.

8. Qətnamənin əsaslarına görə, iddiaçının atası və anasının ölümündə cavabdehin işçilərinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Şübhəsiz ki, iddiaçının öz doğma atası və anasını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvləri hesab edilən atası və anasının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, 1(61)-18/2014 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi olan və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı “Azəriqaz İB” əməkdaşları olmuş, cinayət işi üzrə təqsirləndirilən X4 və X10 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərlə razılıq əldə etməsini bildirən məzmunda notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə ünvanlayaraq nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı təqsirləndirilən şəxslər tərəfindən (iş yerləri Azəriqaz İB tərəfindən) dəymiş maddi və mənəvi ziyan ödənilmiş olduğu üçün İddiaçı təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması, tərəflərin hələ 8 il bundan öncəsində razılıq əldə etməklə barışmaları kimi işin diqqətəlayiq və konkret halları birinci instansiya məhkəməsi nəzərə alınmamışdır. İddiaçı ibtidai istintaqda vermiş olduğu izahatda 2013-cü ilin oktyabr ayının sonu və ya noyabr ayının hələ əvvəlləri, ölüm hadisəsi baş verməzdən öncə evdən küçəyə çıxıb gedərkən evin yaxınlığında qaz idarəsinin işçisi olan Nadirlə qarşılaşmış, həmin an Nadir ona “hamamda havalanma yeri olmalıdır” demiş, Elməddin isə Nadirə “hamamda 2 nəfəslik var” deyə cavab verib qaz idarəsi əməkdaşı olan X5 təlimatını nəzərə almamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfin ata və anasının ölümündə “Azəriqaz İB” əməkdaşlarının səhlənkarlığı olduğu qədər, onun özünün də məsuliyyətsizliyi və diqqətsizliyi olmuşdur. İddiaçı tərəf, ötüb keçən 8 il ərzində mənəvi zərər çəkmiş olduğunu iddia edirsə, ən azından bir dəfə istinad etsin ki, ata və anasının ölümü ilə əlaqədar yaşamış olduğu psixoloji stressin aradan qaldırılması məqsədilə nə zamansa dövlət və ya özəl xəstəxanada psixoloji qeydiyyatdan keçmiş, psixoloq müayinəsi almış və s. hərəkətlər etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərərin məbləği dəyişdirilməlidir.

23. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

24. İddiaçının cinayət işinin gedişi zamanı təqsirləndirilən şəxslərlə barışıq əldə etməsi, onlara qarşı heç bir şikayət və tələbinin olmaması məzmununda ərizə təqdim etməsi iddiaçıya mənəvi zərərin vurulduğunu istisna edən hal deyildir və ya mənəvi zərərin əvəzinin tutulmaması üçün əsas kimi qiymətləndirilə bilməz. Cavabdehin qeyd etdiyi kimi təqsirləndirilən şəxslər tərəfindən dəymiş maddi və mənəvi ziyan ödənilməsi faktı isə nə hökmün məzmunundan, nə də işin digər hallarından müəyyən olunur.

25. Şikayətin cinayət işi materiallarındakı izahatlara istinadən iddiaçının ata və anasının ölümündə “Azəriqaz İB” əməkdaşlarının səhlənkarlığı olduğu qədər, onun özünün də məsuliyyətsizliyi və diqqətsizliyi olması dəlili ilə bağlı qeyd edilməlidir ki, hadisənin baş verməsində təqsiri olan şəxslər artıq qanuni qüvvəyə minmiş hökm ilə müəyyən olunmuşdur. Bu hal yenidən müzakirə oluna bilməz.

26. Şikayətin iddiaçının ata və anasının ölümü ilə əlaqədar yaşamış olduğu psixoloji stressin aradan qaldırılması məqsədilə dövlət və ya özəl xəstəxanada psixoloji qeydiyyatdan keçməməsi, psixoloq müayinəsi almaması barədə dəlili də ona görə əsassızdır ki, şəxsin hər hansı rəsmi psixoloji yardım almaması faktı ona mənəvi-psixoloji zərbə dəydini inkar edə bilməz. İddiaçının mənəvi sarsıntı keçirdiyini sübut etmək üçün belə bir rəsmi arayış təqdim etməyinə də lüzum yoxdur. Çünki bu hal, işin ümumi halları ilə, ağlabatan mühakimə nəticəsində müəyyən olunur.

27. Baş vermiş hadisədən artıq 8 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Lakin iddiaçı hadisə baş verdikdən sonra ilk dövrlərdə məhkəməyə müraciət etməmiş, məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından sonra məhkəmələr tərəfindən eyni tpili iddiaların təmin olunması təcrübəsi formalaşdıqdan sonra məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Lakin, qeyd olunan xüsusat da iddianın rədd olunması üçün əsas ola bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunan xüsusatlar (səmimi münasibətin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişməsi və s.) birinci instansiya məhkəməsi tərəfindən araşdırılmasa da, məhkəmə kollegiyası tərəfindən həmin xüsusatların araşdırılması üçün iddiaçı dəfələrlə şəxsən məhkəmə iclasına dəvət olunsa da, iştirak etməmiş və bu halların aydınlaşdırılması mümkün olmamışdır.

29. Məhkəmə kollegiyası məhz iddiaçının cinayət işinin gedişatında təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə verməsi, hadisə baş verməmişdən öncə onun özünün də məsuliyyətsiz davranaraq cavabdehin işçilərinə hamamda nəfəsliklərin olması barədə yanlış məlumat verməsi kimi hallarla yanaşı onun cavabdehlərlə birgə yaşadığını, mənəvi yaxınlığının olduğunu, əsasən də hadisə nəticəsində hər 2 valideynini itirməklə ağır mənəvi sarsıntı, iztirab yaşadığını nəzərə alıraq hesab edir ki, mənəvi zərərin məbləği 50000 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, qeyd olunan məbləğ işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mənəvi zərərin məbləği hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci i tarixli, 2(011)-6308/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci i tarixli, 2(011)- 6308/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar