Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1306/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdehlər ata-övladdır, iddiaçı isə onların tanışıdır. Tərəflərin arasındakı mübahisə borc pulun verilməsi ilə bağlıdır. Borcla bağlı yazılı müqavilə bağlanmayıb, o cümlədən pulun verilməsi və qaytarılması ilə bağlı heç bir sənəd tərtib olunmayıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 41.500 manat, faiz borcu kimi 13.070 manat pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 1-ci cavabdehə cəmi 41.500 manat pul verib. 1-ci dəfə 2013-cü ilin avqust ayında 11.500 manat, 2-ci dəfə 2014-cü ilin dekabr ayında 20.000 manat, 3-cü dəfə həmin gün (2-ci pulun verildiyi gün) 4.000 manat, 4-cü dəfə xx.xx.2015-ci ildə 6.000 manat pul verib. Pulu faizsiz verib. 1-ci cavabdeh 2018ci ilin avqust ayında 1.500 manat pulu geri qaytarıb. Qalan borc 40.000 manat təşkil edir. Ona görə də 40.000 manatın qaytarılmasını tələb edir. Pulu 1-ci cavabdehə versə də 2-ci cavabdeh pulu şəxsən özünün qaytaracağını ona vəd edib. Odur ki, pulun qaytarılmasını hər iki cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, 2013-cü ildə iddiaçıdan faizlə 11.500 manat borc pul alıb. Sonra iddiaçıdan yenə borc pul istəyib, iddiaçı başqa şəxsdən 20.000 manat pul alıb, həmin pulun hesabına onun iddiaçıya olan 11.500 manat borcu bağlanıb, qalan 8.500 manatı iddiaçı faizlə ona verib. Pulun qaytarılması üçün müddət təyin olunmamışdı. Aldığı pulu tam qaytarıb, faizləri də ödəyib. İddiaçıdan başqa pul almayıb, ona görə də hesab edir ki, iddia əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, şəxsən özü iddiaçıdan borc pul almayıb. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, 18.500 manat pul 1-ci cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi rədd olunmalıdır. Belə ki, hazırkı işin materiallarına 1-ci cavabdehin Pirallahı Rayon Polis Şöbəsinə verdiyi yazılı izahatın surəti əlavə olunub (iş v. 11). Həmin izahatdan görünür ki, cavabdeh iddiaçıdan cəmi 20.000 manat pul aldığını etiraf edir, lakin pulu tam qaytardığını bildirir. Belə ki, cavabdeh bildirir ki, iddiaçıdan 2013-cü ildə 11.500 manat pulu faizlə borc alı, daha sonra 2014-cü ilin dekabr ayında iddiaçıdan əlavə olaraq 20.000 manat pul istəyib, iddiaçı isə ona bildirib ki, Bəxtiyar adlı şəxsdən 20.000 manat pul ala, həmin puldan öz pulunu (11.500 manatı) götürə, qalan pulu (8.500 manatı) ona verə bilər. O, razılaşaraq iddiaçıdan 8.500 manat pulu götürmüşdür. Göründüyü kimi, 1-ci cavabdeh 2013-2014-cü illərdə 20.000 manat borc aldığını etiraf edir. Ona görə də iddiaçı 20.000 manat borc verdiyini sübut etmə yükündən azaddır. İddiaçı 1.500 manatın ona qaytarıldığını etiraf edir. Ona görə də cavabdeh 1.500 manat pulun qaytarıldığını sübut etmə yükündən azaddır. Qalan 18.500 manatın qaytarıldığı sübut olunmur. Belə ki, iddiaçı 18.500 manatın ona qaytarılmadığını bildirir, cavabdeh isə 18.500 manatın qaytarıldığını təsdiq edən sübut təqdim edə bilmir. Pulun qaytarılma müddəti tələbetmə məqamı ilə müəyyənləşdirildiyinə görə iddia müddəti keçməyib. Ona görə də iddiaçı 18.500 manatın qaytarılmasını tələb etməyə haqlıdır. İddianın qalan hissəsi sübut olunmur. Belə ki, 1-ci cavabdeh iddiaçıdan 20.000 manatdan başqa pul almadığını bildirir, iddiaçı isə cavabdehə 20.000 manatdan başqa pul verdiyini sübut edə bilmir. O cümlədən müəyyən olunur ki, iddiaçı 2-ci cavabdehə pul verməyib. Belə ki, tərəflər özləri bunu təsdiq edirlər. 2-ci cavabehin şifahi formada 1-ci cavabdehin borcunun qaytarcağını vəd etməsi onun üçün öhdəlik yartamayıb. Bundan başqa, iddiaçı cavabdehin puldan faydalanmasına görə faiz ödənilməsini tələb etəsə də, cavabdehin puldan faydalandığı sübut olunmur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 449 və 739-cu maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. 18.500 (on səkkiz min beş yüz) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi cəmi 45 (qırx beş) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-1306/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1306/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver