Məhkəmə qərarları › İş №2(103)-13061/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13061/2019

15.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13061/2019 15.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2553/19 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş avansın geri qaytarılması və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,avans kimi ödədiyi 5000 (beş min) manat məbləğini, o cümlədən bu iki ayda onun həmin şirkətə gedib gəlmək üçün 1000 (bir min) manat və əlavə olaraq iki ayda pulunun cavabdehdə qaldığı üçün məhrum olduğu təxmini 3000 (üç min) manat qazancından və işin məhkəməyə verilməsi üçün ödədiyi rüsum və sənədləşmə xərcləri üçün 100 manat olmaqla, cəmi, 9100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2553/19 saylı, 09avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, o, dostu ilə birlikdə hərəsinə bir mənzil almaq üçün cavabdeh MMC ilə razılığa gəlmiş, MMCilkin ödəniş çox olarsa, mənzilin bir kvadrat metrinin 1100 manat yox, 900 manat olmaqla ala biləcəkləri bildirilmiş, ilkin ödəniş etmək üçün onun pulu az, dostunun isə pulu olduğuna görə onlar həmin təkliflə razılaşmış, həmin vaxt ona hər mənzilə görə 3000 manat pul ödəməli olduğu deyilmiş, o da hər iki mənzil üçün 5000 manat ödəmiş, bu vaxt ona mədaxil sənədi təqdim olunmuş, lakin alacaqları mənzillərə dair heç bir müqavilə bağlanmamışdır. MMC-nin əməkdaşları ona bildirmişlər ki, üç gün sonra danışdıqları kimi müqavilə bağlanacaqdır, amma 3 gün sonra dostu mənzilin sahəsinin az olduğunu, bu səbəbdən həmin mənzili ala bilməyəcəklərini bildirmiş, o isə mənzili almaq istədiyini bildirmiş, bu zaman MMC-nin əməkdaşları ona danışdıqları şərtlərlə deyil, yeni şərtlərlə mənzil sata biləcəklərini bildirmiş, həmin şərtlər onun üçün ağır olduğuna görə o, mənzili ala bilməmişdir. O, ödədiyi 5000 manat avansı tələb etdikdə isə şirkət həmin pulun beh olduğunu və pulu qaytarmayacaqlarını bildirdi. Aralarında heç bir yazılı beh müqaviləsi bağlanmadığı halda, şirkətin onun ödədiyi pulu qaytarmaqdan imtina etməsi əsassızdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o və dostu uzun müddətdir ki, mənzil almaq istəyirdi, internetdən cavabdeh MMC-nin reklamını görmüş sonra dostu ilə birlikdə şirkətə gedib menecer Amid bəylə danışmış, həmin vaxt bina hələ tikilməmişdi, bünövrəsi (kotlovan) qoyulmuşdu, şirkət əməkdaşı binanın il yarıma tikiləcəyini qeyd etmiş, onun ilkin ödəniş üçün pulu az olmuş, dostu isə pulu olduğuna görə onun daha çox ilkin ödəniş edə biləcəyini bildirmiş, bu zaman MMC əməkdaşı da ilkin ödəniş çox olarsa mənzilin bir kvadrat metrini 1100 manat yox, 900 manat olmaqla ala biləcəkləri bildirilmiş, həmin vaxt ona hər mənzilə görə 3000 manat pul ödəməli olduğu deyilmiş, o da hər iki mənzil üçün 5000 manat ödəmiş, bu vaxt ona mədaxil sənədi təqdim olunmuş, lakin alacaqları mənzillərə dair heç bir müqavilə bağlanmamışdır. MMC-nin əməkdaşları ona bildirmişlər ki, üç gün sonra danışdıqları kimi müqavilə bağlanacaqdır, 3 gün sonra müqavilə bağlayacağı gün onunla mənzil götürmək istəyən dostunun valideynləri mənzilin sahəsinin bir qədər az olmasından narazlıq edərək mənzili götürməkdən imtina etdi. Bu zaman o mənzilərdən yalnız birini götürmək üçün şirkət nümayəndəsi ilə danışıqlar aparmış, lakin onlar artıq müqavilə şərtlərinin dəyişdiyini bildirmiş, mənzilin hər kvadratı üçün 1100 manat ödəməli olduğunu bildirmiş, onların irəli sürdüyü yeni şərtlər isə onun imkanı xaricində olduğundan, mənzili almaq fikrindən o da daşınmış və şirkətə ödədiyi 5000 (beş min) manat avansı geri tələb etmişdir. Şirkət isə bu məbləğin beh olduğunu əsas gətirərək geri qaytarmayacağını israrla bildirmiş və iki aya qədər onun pulunun geri qaytarılması ilə bağlı apardığı danışıqlar heç bir nəticə verməmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili R.Cəbrayılov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, tərəflər arasında heç bir beh razılaşması bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Bu halda Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə riayət edilməlidir. Hazırkı halda, belə müqavilə olmadığından ödənilən məbləğ beh deyil, avansdır. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, tərəf bəyəndiyi mənzili kvadratı 1100 manat olmaqla almağa razılaşsa, ödədiyi 5000 manat da nəzərə alınmaqla MMC hazırkı gündə də onunla müqavilə bağlamağa hazırdır, lakin iddiaçı iki ədəd mənzil almaq üçün MMC-yə 5000 (beş min) manat beh vermiş, sonradan mənzilləri almaq istəyən şəxslərdən biri beh verilmiş mənzilin ölçüsünün az olmasını əsas gətirərək imtina etmiş, iddiaçı özü isə yeni şərtlərin onu qane etməməsi səbəbi ilə ikinci mənzildən imtina etdiyini bildirmişdir. Tərəflər arasında beh razılaşması olmuş, iddiaçı mədaxil orderinə imza edərək behi ödəmiş, razılaşmanın pozulması cavabdeh tərəfindən deyil, məhz iddiaçının özü tərəfindən edilmişdir ki, bu halda da mülki qanunvericiliyin tələblərinə əsasən beh geri qaytarılmır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli N009 saylı mədaxil orderindən görünür ki, İddiaçı 5000 manat Cavabdeh MMC-yə pul ödəmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış məktubdan məlum olur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Nizami Rayonu,Rüstəm Rüstəmov 72A ünvanında yerləşən yaşayış kompleksində 30 və 38 saylı mənzillər üçün ödənilmiş 5000 (beş min) manat məbləğində avansın, götürüləcək mənzillərin ödənişi ilə bağlı yaranmış çətinlikləri nəzərə alaraq geri qaytarılmasını xahiş etmiş, əks halda qanunvericiliyə müvafiq olaraq aidiyyatı dövlət qurumlarına məsələ ilə bağlı müraciət olunacağını bildirmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətiqismən təminedilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli məsələ iddiaçı tərəfindən ödənilmiş məbləğin beh müqaviləsi əsasında ödənilməsi ilə bağlıdır. İddiaçı bunun avans kimi ödənildiyini qeyd edir və bildirir ki, aralarında heç bir rəsmi müqavilə bağlanmayıb. Cavabdeh isə aralarında beh razılaşmasına əsasən iddiaçı tərəfindən 5000 manat ödənildiyini qeyd edir və iddia tələbinin əsassız olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5-ci maddə). Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Diqqət yetirmək lazımdır ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan həmin normaların tələbləri imperativdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Məhkəmə kollegiyası qeyd edir ki, beh müqaviləsi öhdəliyin icrasını təmin etməklə yanaşı, həm də müqavilənin bağlanmasını təsdiq edən bir amil və ödəmə üsuludur. Kollegiya qeyd edir ki, cavabdeh iddiaya qarşı etiraz edərək tərəflər arasında beh müqaviləsi olduğunu bildirir və bunun təsdiqi kimi xx.xx.2019-cu il tarixli N009 saylı mədaxil orderinə istinad edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz, çünki mədaxil qəbzi yalnız ödənişin edilməsini təsdiq edir, heç bir halda ödənişin təyinatını müəyyən etmir. Həm də nəzərə almaq lazımdır ki, həmin sənəd birtərəfli qaydada cavabdehin özü tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Kollegiya qeyd edir ki, hazırkı halda beh müqaviləsinin qanunvericilikdə bağlanması şərtlərinə (MM maddə 331 və 491.2) əməl edilmədiyindən ödənilmiş məbləğin beh razılaşması əsasında ödənilməsi təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının avansın qaytarılması barədə iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2.) MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Aparılmış məhkəmə araşdırmaları zamanı da müəyyən olunmuşdur ki, tərəflər arasında inşa edilməkdə olan binada mənzilin alınmasına (əldə edilməsinə) dair ilkin danışıqlar (razılaşma) olmuş, həmin vaxt ilkin razılaşma əsasında iddiaçı cavadehə 5000 manat ödəmiş, sonradan isə həmin danışıqlar pozulmuş, tərəflər arasında müqavilə bağlanmamışdır. Belə olan halda məlum olur ki, iddiaçı tərəfindən cavabdehə vəsaitinin ödənilməsi əsası aradan qalxmışdır. Bu səbəbdən də, ödənilmiş 5000 manat avansın geri qaytarılması barədə iddia tələbi Mülki Məcəllənin 1091.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun gəldiyindən təmin edilməlidir. Kollegiya qeyd edir ki, maddi ziyana görə iddia tələbi isə iddiaçı tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002- ci il ta-rixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəflər arasındakı həqiqi münasibətləri düzgün qiymətəndirə bilməmiş və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən avans kimi ödənilmiş 5000 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu (30+15) 45 (qırx beş) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2553/19 saylı, 09avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5000 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (30+15) 45 (qırx beş) manat Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar