Məhkəmə qərarları › İş №2(103)-1307/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1307/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1307/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Əliqulu qızı və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4267/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Əliqulu qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 1452.70 manat, cəmi 16886.29 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2013-cü il tarixli, 1-13/82 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 115 ay müddətinə illik 12% dərəcəsi ilə hesablanmaqla 30596.8 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən burclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və “Bank"ın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla "xxxx" ASC arasında 15.08.2013-cü il tarixdə 1-13/82 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4267/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 Əliqulu qızı və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15,433.59 AZN, faiz borcu üzrə 1,452.70 manat, cəmi 16,886.29 manat (on altı min səkkiz yüz səksən altı manat iyirmi doqquz qəpik) və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması qət edilmişdir. Cavabdeh1 Əliqulu qızı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın məhkəməyə təqdim etdiyi ilkiin iddia ərizəsində əsas borca görə 15433,59 manat, faiz borcuna görə 3205,77 manat olmaqla, ümumilikdə 18639,36 manat məbləğində pulun ondan tutulması xahiş olunmuşdur. Məhkəmənin gedişində bankla şifahi qaydada əldə etdikləri razılaşmaya əsasən, borcun bir hissəsini ödəməli, bank isə qarşılığında iddianın baxılmamış saxlanmasında dair məhkəməyə ərizə təqdim etməli idi. Bundan sonra isə ödənişləri şərtləşdirdikləri qaydada ödəməli idi. Buna görə də "xxxx" ASC-yə 2000 manat manat pul ödəmişdir. Bank isə ona iddia ərizəsini geri götürəcəyini bildirmişdir. Bir neçə gün sonra məhkəmədən ona yeni bildiriş gəldi və müəyyən edildi ki, bank borc məbləğinin azaldılması ilə bağlı məhkəməyə müraciət edib. Bununla bağlı banka müraciət edib səbəbin soruşduqda bildirdilər ki, narahat olmayın, məhkəmə günü iddianın geri götürülməsi ilə bağlı ərizə təqdim ediləcəkdir. Proses günü etibarnamə əsasında məhkəməyə anası getmişdi. Məhkəməyə vaxtında çatsa da, hakim bildirmişdi ki, artıq işə baxılıb və yekun qətnamə qəbul edilib. Hakim qarşı tərəfin də prosesdə iştirak etmədiyini bildirmişdir. Yenidən bankla əlaqə saxlayaraq niyə məhkəməyə getmədiklərini və iddianın baxılmamış saxlanılması barədə ərizə verilmədiyini soruşduqda, dedilər ki, nümayəndə başqa prosesdə olduğundan prosesə çata bilməyib və nəticədə anlaşılmaz hal yaranıb. Göründüyü kimi həm bank tərəfindən, həm də məhkəmə tərəfindən aldadılmışdır. Əslində işin baxılmamış saxlanılmayacağını bilsə idi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini, ödədiyi ödənişin hansı səbəbdən hamısının faizdən çıxılmasının araşdırılmasını xahiş edərdi. Məhkəmə də yanlışlığa yol verərək qətnaməsində guya bankın nümayəndəsinin iştirak etdiyini, onlar tərəfdən heç kəsin iştirak etmədiyini qeyd etmişdir. İlkin iddia ərizəsindən də göründüyü kimi ona yalnız əsas və faiz borcu hesablanmış və bunun da məbləği ümumilikdə 18639,36 manat olmuşdur. O, 2000 manat ödədikdən sonra isə məhkəmə qətnaməsində qalıq borcunun 16886,29 manat qeyd edilmişdir. Göründüyü kimi, ödədiyi məbləğin 246,93 manat hissəsi heç bir yerdə qeyd olunmamış və buna nə iddia tələbinin azaldılmasında, nə də qətnamədə izah verilməmişdir. Əlavə olaraq bildirir ki, 14.10.2021-ci il tarixdə, yəni qətnamə qəbul edilməmişdən 5 gün əvvəl, bankla şifahi razılaşmanın davamı olaraq, 450 manat da ödəniş etmişdir. Lakin nümayəndəsinin iştirakı olmadan və bankın nümayəndəsinin iştirakı təmin edilmədən məhkəmə prosesinin keçirilməsi, həmin məbləğin ümumiyyətlə “itib-batmasına” səbəb olmuşdur. Beləliklə, məhkəmənin yol verdiyi pozuntu nəticəsində, bankın artıq hesablamasından əlavə olaraq, 696,93 manat məbləğində pulu itkiyə getmişdir. Təqdim etdiyi qəbzlərdən də göründüyü kimi bütün ödənişlər nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, cavabdehin borcuna dair hesabdan çıxarışı təqdim etməklə izahatında əlavə olaraq bildirdi ki, təqdim etdiyi hesabdan çıxarışda cavabdehin istinad etdiyi 2450 manat ödənişi öz əksini tapmışdır. Lakin ödənişlərin hansı qaydada əsas və ya faiz borcuna silinməsi barədə hər hansı məlumatı yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda iddia tələbi tam təmin edilsə də "xxxx" ASC qətnaməni mübahisələndirməmişdir, digər Cavabdeh1 Əliqulu qızı isə qətnaməni borcun məbləği hissəsində mübahisələndirdiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 Əliqulu qızına münasibətdə borcun məbləği hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2013-cı il tarixli təminatlı kredit (daxili ipoteka krediti) müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 oğluna 115 ay müddətinə, illik 12% ödəmək şərti ilə 30596,8 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 15.08.2013-cı il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 15.08.2013-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin "xxxx" ASC borcalan Cavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş 27.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 15.08.2013-cı il tarixli təminatlı kredit (daxili ipoteka krediti) müqaviləsi üzrə əsas borc üzrə 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 1452.70 manat borc məbləği yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 Əliqulu qızı və "xxxx" ASC-yə 11.06.2021-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehlərə 15.08.2013-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, borcun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilk olaraq iddia ərizəsində cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15.08.2013-cü il tarixli, 1-13/82 saylı Kredit müqaviləsinə əsasən 09.08.2021-ci il tarixinə əsas borc üzrə 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 3,205.77 (üç min iki yüz beş manat, yetmiş yeddi qəpik) manat, cəmi 18639.36 (on səkkiz min altı yüz otuz doqquz manat, otuz altı qəpik) manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 1452.70 manat, cəmi 16886.29 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə və 14 oktyabr 2021-ci il tarixdə müvafiq olaraq 2000 manat və 450 manat kredit müqaviləsinə əsasən qrafik üzrə ödənişlər etmişdir. Göründüyü kimi iddiaçı ilk olaraq 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 3,205.77 (üç min iki yüz beş manat, yetmiş yeddi qəpik) manat, cəmi 18639.36 (on səkkiz min altı yüz otuz doqquz manat, otuz altı qəpik) manat borcun tutulmasını xahiş etsə də, sonradan cavabdeh tərəfindən edilmiş ödənişi faiz borcuna hesablamaqla 27.09.2021-ci il tarixə əsas borc üzrə 15,433.59 (on beş min dörd yüz otuz üç manat, əlli doqquz qəpik) manat, faiz borcu üzrə 1452.70 manat borcu tələb etmişdir. Lakin cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı qaydada silinməsi iş materiallarından müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə həmin hallara dair araşdırma aparmayaraq iddia tələbini tam təmin etmişdir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, ödənişlər nəzərə alınmaqla 27.09.2021-ci il və 19.10.2021-ci il tarixə kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli 9/1086 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 15.08.2013-cı il tarixli, İ-32/82 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 27 sentyabr 2021-ci il tarixədək banka olan borcu 18991,81 manat məbləğində müəyyən olunur,o cümlədən: 27 sentyabr 2021-ci il tarixə əsas borc üzrə 15588,35 manat, faiz borcu üzrə 3403,46 manat; Cavabdeh1 19 oktyabr 2021-ci il tarixədək banka olan borcu 19106,12 manat məbləğində müəyyən olunur, o cümlədən: 19 oktyabr 2021-ci il tarixə əsas borc üzrə 15588,35 manat, faiz borcu üzrə 3517,77 manat. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli 9/1086 nömrəli rəyi hazırki iş üzrə sübut kimi qiymətləndirilə bilməz, belə ki, həmin rəydə 27 sentyabr 2021-ci il tarixə əsas borc üzrə 15588,35 manat, faiz borcu üzrə 3403,46 manat, 19 oktyabr 2021-ci il tarixə əsas borc üzrə 15588,35 manat, faiz borcu üzrə 3517,77 manat müəyyən edilmişdir, halbuki iddiaçı ilk olaraq iddia ərizəsində əsas borc üzrə 15,433.59 manat, faiz borcu üzrə 3,205.77, sonradan isə 27 sentyabr 2021-ci il tarixdə iddia tələbi həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək əsas borc üzrə 15,433.59 manat, faiz borcu üzrə 1452.70 manat tələb etmişdir, göründüyü kimi iddiaçı tərəf Cavabdeh1 tərəfindən edilmiş ödənişdən sonra faiz borcunu azaltsa da, ekspert isə bunun əksinə olaraq əsas və faiz borcları cavabdehin son olaraq etdiyi ödənişlərdən sonra iddiaçının tələb etdiyi məbləğdən də artıq faiz və əsas borc hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə və 14 oktyabr 2021-ci il tarixdə müvafiq olaraq 2000 manat və 450 manat kredit müqaviləsinə əsasən qrafik üzrə ödənişlər etmişdir. Cavabdeh1 tərəfindən edilmiş 2000 manat ödəniş iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda öz əksini tapmış, apellyasiya baxışı zamanı təqdim edilmiş digər hesabdan çıxarışda isə Cavabdeh1 tərəfindən edilmiş 450 manat ödəniş də öz əksini tapmış və iddiaçının nümayəndəsi həmin ödənişin edilməsini təsdiq etmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı qaydada silinməsi iş materiallarından müəyyən edilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edən zaman ilk olaraq tələb etdiyi faiz borcunun məbləğini dəyişmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən edilmiş cəmi 2450 manat ödəniş, iddiaçının ilk olaraq iddia ərizəsində tələb etdiyi faiz borcu - 3205,77 manat faiz borcundan çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tutulmalı olan faiz borcu (3205,77-2450=755,77) 755,77 manat, cəmi borcun məbləği isə 16189,36 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməklə, faiz borcu 755,77 manat, ümumi borcun məbləği isə 16189,36 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri – apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərdən bərabər qaydada tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiymət mübahisələndirilən hissədə 755,77 manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Əliqulu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4267/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “faiz borcunun, həmçinin ümumilikdə borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 Əliqulu qızı və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq faiz borcunun məbləği 755,77 (yeddi yüz əlli beş manat, yetmiş yeddi qəpik) manat, cəmi borcun məbləği 16,189.36 (on altı min yüz səksən doqquz manat, otuz altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 50 (əlli) iddiaçı "xxxx" ASC-dən, qalan 50%-i isə, yəni 50 (əlli) manatı Cavabdeh1 Əliqulu qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar