Məhkəmə qərarları › İş №2(103)-1308/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1308/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1308/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyan" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyan" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 12 iyun 2024-cü tarixli rəydən görünür ki, çəkisi 250 kiloqramlıq heyvanı elektrik cərəyanı vurub öldürmüşdür. Heyvan sahibi həmin vaxt Lərik rayon Baytarlıq Xidmədləri İdarəsinə müraciət etməmişdir. Müraciət ancaq 12 iyun 2024-cü ildə olmuşdur və heyvan sahibində olan videoyazılara əsasən rəy tərtib edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona vurulmuş 1500 manat ziyan pulunun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Lerik rayonunun Nücü kəndində yaşayırlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatlarında olan iri buynuzlu heyvanları Nücü kəndinin örüş sahəsinə buraxmışdır. Həmin tarixdə axşam saatlarında inəyi geri dönmədiyindən inəyi örüş sahəsində axtarsalarda lakin hava dumanlı olduğu üçün tapa bilməmişdirlər. Səhərisi yenidən inəyin axtarışına çıxdıqda ona məxsus bir baş ağ-qara rəngli inəyin elektrik naqilinin üstünə düşməsi nəticəsinə tələf olmasını görmüşdü. Həmin inəyin çəkisi 250 kq təşkil edirdi. Bu səbəbdən baytarlıq idarəsinin nümayəndəsi tərəfindən rəy verilmişdir. Həmin hadisə ilə bağlı foto şəkillər çəkilmişdir. Bu səbəbdən sözügedən ziyanın ödənilməsi ilə bağlı Azərişıq ASC-in Lerik rayon filialına müraciət etsələr də onlar iddiaçıya 1700 manat dəymiş ziyandan 200 manat ödəmiş, qalan 1500 manat ziyanın ödənilməsindən imtina etmişdilər. Belə ki, ərizəsinə əlavə etdiyi rəylə müəyyən olmuşdur ki, ona məxsus 1 baş iri buynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Həmçinin baytarlıq idarəsinin nümayəndəsi tərəfindən tərtib olunmuş rəydən görünür ki, ona məxsus iri buynuzlu inək xx.xx.2023-cü il tarixdə Lerik rayon Nücü kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olmuşdur. Ona məxsus iri buynuzlu inək cavabdehin təqsiri üzündən ona görə tələf olmuşdur ki, elektrik xəttinə eletrik əməkdaşları tərəfindən vaxtı-vaxtında nəzarət olunmamışdır. Həmçinin elektik xətləri yerlə çəkilmiş olsa belə onda həmin xətlər ətrafdakılara təhlükə yaratmadan çəkilməlidirlər. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində ona ziyan dəymişdir. Belə olan halda ona məxsus heyvanın tələf olmasına yaranmış səbəb elektik xəttinin qırılıb yerə düşməsi ilə sübuta yetir. Hazırda cavabdehin təqsiri üzündən ona 1700 manat ziyan dəymişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyan" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia qaldıraraq elektrik naqilinin üstünə düşməsi nəticəsinə ona məxsus 250 kiloqramlık heyvanın tələf olduğunu və nəticədə ona 1500 manat məbləğində ziyan dəydiyini iddia etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut (yarma protokolu və sair) təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, hadisənin 20 sentyabr 2023-cü ildə baş verməsinə baxmayaraq iddiaçı həmin vaxt Lərik rayon Baytarlıq Xidmətləri İdarəsinə müraciət etməmişdir. Müraciət ancaq 12 iyun 2024-cü ildə olmuş və buna əsasən həmin tarixli rəy tərtib edilmişdir. Lərik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 12 iyun 2024-cü tarixli rəyin hadisədən 09 ay sonra tərtib edildiyindən məhkəmə hesab edir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi dəyərləndirilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyan" tələbinə dair iddiası təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 448.2, 1096, 1097.1, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4292/2024 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya Məhkəməsində məhkəmə iclasında izahat verərkən qətnamənin təsviri hissəsində qeyd olunan məzmunda izahat verməmiş. Onun izahatı və işin həqiqi halları apellyasiya şikayətində qeyd etdiyi kimidir. Nəsimi Rayon Məhkəməsi öz qətnaməsində qeyd edir ki, guya o həmin günün axşam saatlarında hava dumanlı olduğundan heyvanını tapa bilməmiş, yalnız bir gündən sonra onun üzərinə elektrik naqilinin düşməsi nəticəsində öldüyünü görmüş və iddia edirlər ki, heyvan xəstə imiş, bir gün əvvəl orada ölübmüş və təsadüfən elektrik naqili onun üzərinə düşüb. Faktlar isə tam əksini sübut edir. Sonra da cavabdeh tərəf iddia edir ki, o aidiyyatı qurumlara gec məlumat vermiş, baytar həkimdən heyvanın yarılıması ilə bağlı aktı yoxdur. Faktiki olaraq o həmin gün "xxxx" ASC-nin 199 nömrəli qaynar xəttinə, Ərazi İcra nümayəndəliyinə və s. qurumlara müraciət etmiş. Lakin Lerik rayon elektrik şəbəkəsindən bu işlə maraqlanmadığını gördükdə xx.xx.2023-cü il tarixdə Lerik rayon X9 Lerik rayon Elektrik Şəbəkəsinə məktub ünvanladı. Həmin gün Lerik rayon Elektrik şəbəkəsinə gedərək oranın müdiri və baş mühəndisi ilə görüşüb vəziyyəti onlara danışdı, videogörüntüləri və foto şəkilləri onlara göstərdi. Sonra baş mühəndis ona öz kabinetində dedi ki, daha heç kimə şikayət etməsin, ona dəymiş zərəri tez bir zamanda ödəyəcəklərini bildirmişlər. Sonrakı günlərdə baş mühəndis onun kartına 200 (iki yüz) manat pul köçürdüb, qalan məbləğin hamısını birdəfəlik ödəyəcəyini söz verdi. Belə vədlərlə aylarla onu aldatdılar. Sonda iddiaçı onların yalan vədlərindən bezərək, Lerik Rayon İcra Hakimiyyətinə, Lerik Rayon Prokurorluğuna və Polis şöbəsinə müraciət etmiş. Baytar həkimin heyvanın yarılmasını qeyd edən Nəsimi Rayon Məhkəməsinin diqqətinə çatdırır ki, onun ilk gündən 8 aya qədər şikayət etdiyi qurumların heç birisi onun elektrik cərəyanı vurmuş heyvanını mütləq şəkildə vacib olduğunu ona başa salmamışdılar, onun da bu işdə məlumatı olmamışdı. Nəsimi Rayon Məhkəməsi onun maddi sübut kimi çəkdiyi foto şəkil və videolardakı tarixi (saat və gün) düzgün qiymətləndirməmiş, təkcə baytardan yarılma aktın olmadığını əsas gətirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır.Elektrik xəttinin heyvanın üzərinə düşməsi nəticəsidə heyvan tələf olmuşdur. Hadisə olan gün cavabdehin qaynar xəttinə və digər qurumlara müraciət edib. Video görüntüləri təqdim etmiş. Müraciətini də heyvanın tələf olduğu gün edibdi. İzahatdakı olan imza ona məxsus deyil. Qarşı tərəf onu aldatdı. Baş mühəndis onun kartına 200 manat pul köçürdüb. Qalan pulu da ödəyəcəyini söz verdi. Ona demədilər ki, baytarlıqdan arayış almalıdır. Məhkəmədə bu barədə bildirdilər. Polis şöbəsinə hadisədən 2 gün sonra müraciət edib.Çünki dedilər ki, şikayət edilməsin. Pulu ödəyəcəklərin dedilər. İcra nümayəndəliyinə də şikayət etmiş. Heyvan yarılmadığı üçün həmin an üçün arayış yoxdur. Kartına 200 manatı Əlican adlı mühəndis 2024-cü ilin mart ayında atıb. Kartına 200 manatı Əlican Şahbazov atmışdır. Elektrik montyoru Bəylər Nərimanov telefonla hadisəni çəkib. Daha sonra qarşı tərəf ona hədə-qorxu gəlmişdir ki, niyə videoyaya çəkib. İlk gündən dedilər ki, ödəyəcəyik, şikayət olunmasın. Ona bildirirdilər ki, məhkəməyə müraciət etməsin, məsələ həll olunacaq. Amma ödəniş etmədilər. Dekabrda əməliyyat olunmalı idi. Əlicana yazmışdı, o da yazmışdır ki, rəisə məruzə ediləcək. Heyvanı 2 gün sonra tapmayıb. Hadisə olan gün qaynar xəttə və digər orqanlara müraciət edib. Ondan sonra kənddə yenə bu hadisələr olub. Yenə də qarşı tərəf nə ödəniş edir, nə də məsələnin həlli üçün cəhd edir. O da onlara izah edir ki, onun vəziyyətinə düşməsinlər. Baytarlıqdan arayış alınmalı olduğunu ona deməyiblər. İşçiləri də hadisəni etiraf edib. Polis bölməsinə, prokurorluğa müraciətlər edib. Ona da bildirilər ki, məsələnin həlli onların səlahiyyətində deyil. Ona izah edən olmadı ki, hansı addımı atmalıdır, haraya şikayət etməlidir. Rayon məhkəməsində qarşı tərəfin 200 manatın ödəməsindən məlumatı olmuşdur. Apellyasiya məhkəməsində isə məlumatının olmadığını bildirmişdir. Yüksək elektrikli kabel örüş tərəfdən keçir və ora düşəndə yeri yandıra bilər. Ora bərbad vəziyyətdədir. Elektrik montyoruna deyirlər, xətti ayırır. Tənzimlənmə yoxdur. Ona vədlər verdilər ki, məsələ həll ediləcək. Amma heç nə olmadı. Məhkəməyə gəlib getmək üçün də xeyli xərc çəkib. Həmin görüntünü elektrik montyoru Bəylər Nərimanov çəkmişdir. Elektrik xəttini də kəsdiyini bildirib. Heyvan onun olub. Oradakılar da bunu bilir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, baş mühəndisin 200 manat pul köçürməsi barədə məlumatı yoxdur. Hadisədən 9 ay sonra baytarlıqdan arayış alınıb. Heyvanın yarma protokolu, analizlər yoxdur. Video-görüntüdən arayış necə yazıla bilər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 200 manat pul köçürməsini iddiaçı sübut etməli idi. Rəis tərəfindən hadisə ilə bağlı göstəriş verilməyib. xx.xx.2024-cü ildə pul ödənibsə, sonra sentyabr-mart ayına qədər niyə başqa ödəniş iddiaçıya edilməyib. 200 manat bəlkə də iddiaçı əməliyyat olunacaq deyə kömək xarakterli verilib. Pulun təyinatını bilmir. Rəhbərliyin məlumatı olsa idi, yarim il sonra iddiaçıya pul verilməzdi. İddiaçı polis bölməsinə müraciət etməli idi, icra nümayəndəliyinə, bələdiyyəyə bu barədə bildirməli idi. Heyvanın həqiqətən də iddiaçının olması təsdiq edilməli idi. Yarma protokolu tərtib edilməli idi. Arayış verilməli idi ki, tələf olan heyvan iddiaçının olub. Baytarlıqdan verilən arayış necə alınıb bilinmir. Rayon məhkəməsində iclas təxir edildi ki, iddiaçı iddiasını sübut edə bilsin. Lakin, iddiaçı aylar sonra tərtib edilmiş arayışı təqdim edib. Bu da sübut qismində qəbul edilə bilməz. Rayon məhkəməsində 200 manat məsələsinin sübut edildiyi halda iddiaçı digər şəxslə məsələni həll edə biləcəyini deyib. Heyvanın ola bilsin xəstəliyi olub, ona görə tələf ola bilər. Görüntədəki şəxsi tanımır. Video nə zaman çəkilib bilinmir. Əgər ASC-nin işçisidirsə iddiaçı onu şahid qismində rayon məhkəməsində dəvət etməli idi. İddiaçı sübut etməli idi ki, heyvan elektrik vurması nəticəsində tələf olmuşdur. Əgər heyvanı yüksək gərginlikli elektrik vurubsa heyvan yanmalı idi. Videodan görünür elə hal yoxdur. İddia rədd edilməlidir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 250 kq olan iri buynuzlu heyvanının 20 sentyabr 2023-cü il tarixdə elektrik cərəyanı vurması nəticəsində tələf olması və nəticədə ona dəymiş ziyanın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı faktiki hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut – yarma protokolu və s. təqdim edilməmişdir. Digər tərəfdən hadisə 20 sentyabr 2023-cü ildə baş verməsinə baxmayaraq iddiaçı tərəfindən 12 iyun 2024-cü il tarixdə müraciət edildiyi üçün Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəyi mötəbər sübut qismində qiymətləndirilə bilməz.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmişdir.

21. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, onun tərəfindən məhkəməyə təqdim edilən video görüntülər və video şəkillər işə birinci instansiya məhkəməsində baxılması zamanı araşdırılmamışdır. Belə ki, iddiaçının şikayətinin dəlillərinə görə hadisə baş verdikdən sonra "xxxx" ASC-nin 199 nömrəli qaynar xəttinə, Ərazi İcra nümayəndəliyinə müraciətləri cavabsız qalmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Lerik rayon X9 Lerik rayon Elektrik Şəbəkəsinə məktub ünvanlamış, həmin gün Lerik rayon Elektrik şəbəkəsinə gedərək oranın müdiri və baş mühəndisi ilə görüşüb vəziyyəti onlara izah edib, videogörüntüləri və foto şəkilləri onlara göstərmişdir. Baş mühəndis ona heç kimə şikayət etməməsini, ona dəymiş zərəri tez bir zamanda ödəyəcəklərini bildirmişlər. Sonrakı günlərdə baş mühəndis tərəfindən onun kartına 200 manat pul köçürülüb, qalan məbləğin hamısını birdəfəlik ödəniləcəyi vədi verilmişdir.

22. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilir ki, 04 oktyabr 2024-cü il məhkəmə iclasının protokolundan müəyyən olunur ki, iddiaçı tərəfindən disk və arayış məhkəməyə təqdim edilmişdir.

23. İşə apellyasiya məhkəməsində baxılması zamanı 06 mart 2025-cü il tarixli məhkəmə iclasında tərəflərin iştirakı ilə CD diskdə təqdim edilən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilir ki, videoda səsi gələn şəxs 20 sentyabr 2023-cü il X6 məxsus ərazidə 3 nömrəli hava xəttində baş vermiş dalğalanma nəticəsində İddiaçı məxsus təsərrüfata aid dananı elektrik xəttinin vurduğunu, İddiaçı dəymiş ziyanın ödənilməsi lazım olduğu, əks halda İddiaçı şikayət edəcəyini bildirmişdir. Diskə əlavə edilmiş ikinci videoda qeyd edilir ki, videonu çəkən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektrik montyoru kimi videonu onun çəkdiyini, montyor olaraq elektrik xəttinə baxış keçirən zaman elektrik cərəyanının İddiaçı məxsus heyvanı vurduğunu təsdiq etmişdir. X1 tərəfindən çəkilmişdir.

24. Elektron Məhkəmə İnformasiya Sistemində araşdırma zamanı müəyyən edilir ki, X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətində elektrik montyoru vəzifəsində işləyir, 595 manat əmək haqqı alır.

25. Nücü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 13 sentyabr 2024-cü il tarixli, 5-65-29/2-148/2024 saylı arayışdan görünür ki, iki yaşlı iribuynuzlu ala-qara cins boğaz heyvanı xx.xx.2023-cü il tarixdə yüksək gərginlikli elektrik naqilinin yerə düşməsi səbəbindən ölmüşdür.

26. Masallı rayon mal bazarının müdiri tərəfindən tərtib edilmiş rəydə qeyd edilir ki, çəkisi 250 kq olan iri buynuzlu heyvanın bu günə olan bazar qiyməti 1800-2000 manat təşkil edir.

27. İddiaçı cavabdehin əməkdaşının ona 200 manat ödədiyini təsdiq edir. 200 manat ödənilməsi ilə bağlı sübut təqdim edir. İddiaçı cavabdeh tərəfindən ona 200 manat ödənildiyini nəzərə alaraq 1500 manat tələb edir.

28. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus heyvanın elektrik cərəyanı vurması nəticəsində tələf olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.

29. Mülki Məcəllənin 1108.1-ci maddəsində qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilməlidir.

31. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 17,50 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 17,50 (on yeddi manat əlli qəpik) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar