Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1309/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 23A000010015 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.150,25 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.668,46 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 4.885,17 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun “Kredit müqaviləsi” üzrə Bank qarşında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı Bank ilə bağladığı xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” əsasında Bankdan aylıq faiz dərəcəsi 2,75% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində borc götürmüşdür. “Kredit müqaviləsinin” şərtlərinə və müqavilə tərəflərin razılaşdırdıqlar “Ödəniş qrafikinə” əsasən Cavabdeh1 üzərinə öhdəlik götürmüşdür ki, Bankdan götürdüyü krediti aybaay, hissəhissə Banka ödəməlidir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bu barədə Bank ilə cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit və ona hesablanmış faizləri ödəməmişdir. Nəticədə borcalan Cavabdeh1 və zaminlərin Banka 3.150,25 manat məbləğində əsas kredit borcları və 3.668,46 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcları yaranmışdır. Bundan əlavə, borcun ödənilməsinin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə əsasən Bank tərəfindən cavabdehlərə 4.885,17 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bank da bu səbəbdən, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.150,25 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 347,83 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 200 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə 145 manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsinin ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsini əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi zaminlərə münasibətdə iddianı rədd edərkən iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsini düzgün tətbiq etməmişdir. Zaminlərə münasibətdə iddia müddəti ötürülməmiş və bu səbəbdən kredit borcunun ödənilməsi zaminlərdən də tələb edilmişdir. Belə ki, öhdəliyinin qüvvədə olma müddəti ərzində Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı (İş № 2(011)-754/2019) ilə Bankın həmin iddiası baxılmamış saxlanılmışdır. Həmin qərardad Bank tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada əldə edilmişdir. Bu səbəbdən müddətin axımının hesablanması həmin qərardadın qüvvəyə minməsi tarixindən hesablanmalıdır. Bu səbəbdən hesab edilməlidir ki, Bankın zaminlərə qarşı 1 illik iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdehlərdən yalnız (zamin) Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh (digər zamin) Cavabdeh2 isə belə bir ərizə verməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunlara əhəmiyyət verməmiş, hər iki zaminə münasibətdə iddia müddətini tətbiq etmişdir. İddiaçı Bank işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdilər. İş üzrə digər Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini Cavabdeh1 münasibətdə təmin etsə də, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Bank isə qətnamənin bir qismini, yəni iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsinin ləğv edilməsini və onlara münasibətdə də təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin faizlərə və dəbbəyə aid hissəsini bir qismini təmin etməsə də, Bank həmin nəticəni mübahisələndirməmişdir. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,75% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində pulu Bankan borc götürmüşdür. Bank tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bu barədə Bank ilə cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. İşin hallarından və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit və ona hesablanmış faizləri ödəməmişdir. Bank tərəfindən cavabdehlərə ünvanlanmış məktublardan görünür ki, Bank cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Rayon Məhkəməsi iddia ərizəsi ilə cavabdehlərdən tutulması xahiş edilən borc məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2020-ci il tarixli, 9/1482 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “borcalan” Cavabdeh1 tərəfindən iddiaçı Bankdan alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) Banka ödəməli borcu ümumilikdə 3.507,81 manat məbləğində müəyyən edilir, o cümlədən: 3.159,98 manat əsas borc üzrə, 347,83 manat faiz borcu üzrə. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 Banka olan borcu 3.159,98 manat əsas kredit borcu, 842,01 manat faiz borcu müəyyən edilir. Odur ki, rəyi nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Bankın xeyrinə 3.150,25 manat əsas borc, 347,83 manat faiz borcu və 200 manat cərimə borcu tutulmalıdır. İddiaçı Bank qətnamədən verdiyi apellyasiya şikayətində borcun və cərimənin məbləğini mübahisələndirmir. Bankın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddianın zaminlərə aid hissəsini təmin etməyən Rayon Məhkəməsi MM-nin 477.0.4-cü maddəsinə düzgün istinad etməmişdir. Belə ki, Bank zaminlik müqaviləsi üzrə iddia müddətini ötürməyib, iddia müddətinin tətbiqi barədə ərizə zaminlərdən biri tərəfindən verilməsinə baxmayaraq Rayon Məhkəməsi hər iki zaminə münasibətdə tətbiq edib. Bununla bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi zaminlərə qarşı iddianı iddia müddəti bitdiyi üçün deyil, zaminlik müqaviləsinin müddəti bitdiyi üçün rədd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bankın, öhdəliyin icrasının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda tələb edilməsi barədə iddiası və apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan “Zaminlik müqavilələrindən” görünür ki, müqavilələrdə zaminliyin müddəti göstərilməmişdir. “Zaminlik müqavilələrində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Hazırkı iddia isə xx.xx.2020-ci il tarixdə irəli sürülmüşdür. İddiaçı Bank xx.xx.2016-cı il tarixdən bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyi üçün xx.xx.2017ci il tarixdə “Zaminlik müqavilələrinə” xitam verilmişdir. Müqaviləyə xitam verilməsi isə o deməkdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ləğv olunmuş, tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmiş və iddiaçı Bankın tələb etmə hüququ aradan qalxmışdır. Bu baxımdan cavabdeh olan zaminlərin iddiaçı Bank qarşısında heç bir öhdəlikləri qalmamışdır. Zaminliyə xitam verildiyindən zamin olan cavabdehlər iddiaçı Bank qarşısında məsuliyyət daşımırlar. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi zaminlərə qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili formal mülahizə xarakteri daşıyır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissəsi qanuni, əsaslı və işin hallarına uyğundur. İddiaçı Bankın apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1309/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1309/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver