Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-131/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Fondun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın ləğvedicisi olan Fond iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış KFŞ 295 saylı, 26.08.2008-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 0,1 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.170,54 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında bağlanılmış 26.08.2008-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit almışdır. Bank “Kredit müqaviləsi” üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş qeyd edilən məbləği cavabdehə təhvil versə də, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş kredit məbləğini və ona hesablanmış faizləri, müqavilədə və müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəlində” qeyd edilən qaydada, yəni aybaay, hissə-hissə Banka ödəməmişdir. Nəticədə cavabdehin Banka 0,1 manat məbləğində əsas, 2.170,54 manat məbləğində faiz borcu yaranmışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də Bank məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.05.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, baxmayaraq ödənişlər ilk növbədə faizlərin və dəbbənin, son nəticədə isə əsas kredit borcunun ödənilməsinə yönəldilməlidir, Bank, cavabdehin mənafeyini nəzərə alaraq faiz məbləği artmasın deyə ödənişləri ilk növbədə əsas kredit borcunun silinməsinə yönəltmişdir. Məhz bunun nəticəsidir ki, əsas kredit borcunun məbləği 0,1 manat, faiz borcunun məbləği isə daha çox deyil, məhz 2.170,54 manat məbləğindədir. Lakin Rayon Məhkəməsi əsassız olaraq hesab etmişdir ki, Bank, əsas kredit borcunun 0,1 manat məbləğində olmasına baxmayaraq cavabdehə müqavilə şərtlərinə və qanuna zidd olan yüksək məbləğdə faiz hesablamışdır. Rayon Məhkəməsinin mövqeyini əsasla hesab edilə bilməz. Çünki Rayon Məhkəməsi iş üzrə mühasibatlıq ekspertiza təyin etsə idi, onda müəyyən edəcəkdir ki, Bankın hərəkətlərində qanunsuzluq olmamışdır. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun cavabdehdən Bankın xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin tələbin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bank ilə cavabdeh arasında bağlanılmış 26.08.2008-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən Bankdan 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit almışdır. “Kredit müqaviləsindən” və onun tərkib hissəsi olan “Ödəniş cədvəlindən” görünür ki, Bankdan aldığı borcun qaytarmaq üçün cavabdeh aybaay, hissə-hissə Banka əsas və faiz borcu üzrə ödənişlər etməli idi. İş materiallarından müəyyən edilir ki, cavabdeh, “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş kredit məbləğini və ona hesablanmış faizləri, müqavilədə və “Ödəniş cədvəlində” qeyd edilən qaydada ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin Banka 0,1 manat məbləğində əsas, 2.170,54 manat məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi Bank tərəfindən təqdim edilmiş hesablamada əsas borcun 0,1 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun isə 2.170,54 manat məbləğində olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, 26.08.2010-cu il tarixədək qüvvədə olmuş “Kredit müqaviləsi” üzrə cəmi 0,1 manat məbləğində əsas kredit borcunun olması və ötən illər ərzində Bankın həmin məbləğin ödənilməsinin tələb etməməsi onu deməyə əsas verir ki, cavabdehin iddiaçı Banka borcu yoxdur. Rayon Məhkəməsinin mövqeyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə cavabdehin iddiaçı Banka borcunun olub-olmamasını müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.12.2020 - 16.03.2021-ci il tarixli 9/5759 saylı rəylərdən görünür ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 26.08.2008-ci il tarixli “Kredit müqaviləsi” üzrə 26.08.2010cu il tarixə (müqavilənin bitdiyi tarixə) cavabdehin əsas borcu – 00,00 manat, faiz borcu - 2.055,37 manat, 28.03.2018-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borcu – 00,00 manat, faiz borcu 2.170,64 manat təşkil edir. Göründüyü kimi, Rayon Məhkəməsinin əsas borcun tutulmasından ibarət tələbin rədd edilməsi barədə nəticəsi əsaslı olsa da, faiz borcunun cavabdehdən tutulmasından ibarət tələbin rədd edilməsi barədə nəticəsi səhvdir və iş üzrə tərəflərin arasında yaranmış hüquq münasibətlərinə uyğun deyil. MPM-nin 385-ci maddəsinə görə isə bu kimi hallar apellyasiya baxışı zamanı aşkar edilərsə, onda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcun ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin tələb qismən təmin edilməli və 2.055,37 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Banka ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanan və MPM-nin 376, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2019-cu il tarixli qətnamə qismən, yəni faiz borcun ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı irəli sürdüyü iddia qismən, yəni “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun tutulması barədə” hissədə təmin edilsin. Faiz borcun ödənilməsi məqsədi ilə 2.055 (iki min əlli beş) manat 37 (otuz yeddi) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfin ödədiyi dövlət rüsumu cavabdeh tərəfə aid edilsin. Bu məqsəd ilə Cavabdeh 15 (on) beş manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-131/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-131/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver