Məhkəmə qərarları › İş №2(103)-131/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-131/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-131/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, real zərər olaraq 30.000 ABŞ dolları, əldən çıxmış fayda olaraq 90.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə iddiaçı cavabdeh ilə razılığa gələrək Cəlilabad rayonun ərazisində fermer təsərrüfatı yaratmışdır. Razılığa əsasən fermer təsərrüfatının yaradılması ilə bağlı xərcləri iddiaçı çəkməli, cavabdeh isə təsərrüfatı idarə etməli, sənədləşmə, mühasibatlıq, təsərrüfatın inkişafı üçün bütün işləri görməli idi. İddiaçı, onunla cavabdeh arasında əldə olunmuş razılığın şərtlərinə əməl etmiş, təsərrüfatın ("xxxx" Kiçik Müəssisəsi) yaradılması, təsərrüfatın fəaliyyəti üçün torpaq sahəsinin icarəyə götürülməsi, bu torpaq sahəsi ilə yanaşı, 15 ha əkin sahəsinin, eləcə də damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi və 1 ədəd yük maşının alınması ilə bağlı ümumilikdə 30.000 ABŞ dolları məbləğində xərc çəkmişdir. 2012-ci ildə fermer təsərrüfatından kifayət qədər gəlir götürülməməsi, çəkilmiş xərclərə baxmayaraq ferma təsərrüfatının böyüməsində heç bir irəliləyiş olmaması səbəbindən iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulmuşdur. Buna baxmayaraq, cavabdeh, iddiaçının çəkdiyi xərcin əvəzini iddiaçıya ödəməmişdir. Buna görə də, 30.000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin işinə səhlənkar və laqeyd yanaşması nəticəsində iddiaçı faya əldə etməkdən məhrum olmuşdur. İddiaçı əldən çıxmış fayda kimi ona vurulan zərəri ümumi təsərrüfatın tutumunu, iri və xırdabuynuzlu mal-qaranın və çəkilən xərcləri ümumi bazar qiymətləri ilə müqayisə edərək, müəyyən etmişdir ki, əldən çıxmış faydanın məbləği 90.000 manat təşkil edir. Buna görə də, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, real zərərin əvəzinin ödənilməsi məqsədi ilə 28.000 manat, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 90.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edildiyi kimi həyata keçirilməmiş əsasla, yəni ferma təsərrüfatından gəlir əldə edilməsi məqsədi ilə iddiaçı tərəfindən xərc çəkilmişdir. Cavabdeh isə iddiaçıya məxsus olduğunu etiraf etdiyi 28.000 manat pulu iddiaçıya qaytarmamışdır. Beləliklə, həmin pul məbləği cavabdehə məxsus hüquqi şəxsin mülkiyyəti olan əmlaka qarışaraq itmişdir. Belə olan halda iddiaçıya məxsus 28.000 manat pulu qaytarmayan cavabdeh əsassız varlanmış şəxs olur. Bu səbəbdən də cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin əməlində əsassız varlanma faktı aşkar edildiyindən onun əməli hüquq pozuntusu hesab edilməlidir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin əməlində hüquq pozuntusu olduğu halda hüquqları pozulmuş şəxsin real zərərlə yanaşı əldən çıxmış fayda qismində zərərin əvəzinin də ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də məhkəmə əldə çıxmış faydanın ödənilməsi hissəsində də iddia tələbini əsaslı hesab edir. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fermer təsərrüfatının yaradılması ilə bağlı cavabdeh ilə iddiaçı və cavabdehin bacısının əri Möhübbət Talıbov arasında razılıq olmuş və onlar fermer təsərrüfatını yaratmışlar. Razılıq əldə olunan zaman, razılığın bir şərti də, ondan ibarət olmuşdur ki, fermer təsərrüfatının fəaliyyətindən əldə olunan gəliri ilk olaraq iddiaçı götürəcək, çünki təsərrüfatın yaradılması ilə bağlı zəruri xərcləri iddiaçı çəkmişdir, iddiaçının xərcləri ödənildikdən sonrakı gələr isə onların üçün arasında bərabər bölünəcəkdir. Bu əsasla da 50 hektar torpaq sahəsi alınmış və həmin torpaq sahəsi cavabdehin rəhbəri olduğu "xxxx" Kiçik Müəssisəsinin adına rəsmiləşdirilmiş və 2023-cü ilədək icarə müqaviləsi bağlanılmışdır. Nəzərdə tutulmuş ferma üçün iddiaçı pul qoymuş, xırdabuynuzlu heyvanlar almış, Məhəbbət Talıbov isə öz iribuynuzlu heyvanlarını gətirmişdir. X6 işlətmişdir. 2010-cu ildə artıq həmin fermada təxminən 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur. 2010-cu ildən 2015-2016 cı ilədək cavabdeh həmin fermaya 30.000 manat məbləğində vəsait xərcləmiş və həmin vaxtadək həmin fermadan heç bir qazanc əldə etməmişdir. İddiaçı da həmin fermaya 30.000 manat məbləğində vəsait xərcləmişdir. 2017-ci ildə Möhübbət Talıbov, iddiaçı və cavabdeh fermanın paylarını aralarında bölmək qərarına gəlmişlər. Lakin hesabladıqları qiymətə alıcı tapmamışdılar. Belə olan halda, cavabdeh iddiaçıya digər şəriklərə çatacaq məbləği ödəmək şərti ilə fermanı öz adına keçirməyi təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Nəticədə fermada olan 580 baş xırdabuynuzlu heyvanı tərəflər arasında bölünəcək məbləğə uyğun olaraq iddiaçıya vermişlər. İddiaçı öz mal-qarasının yaza qədər fermada saxlanılmasını və qoyunları yaz aylarında satdıqdan sonra pulunu götürüb gedəcəyini bildirsə də, həmin vaxtdan fermanı idarə etmişdir. Möhübbət Talıbov 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Ondan sonra fermada nə baş verməsi barədə məlumat yoxdur. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək əsassız olan iddianı qismən təmin etmişdir. Bundan başqa, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı hüquqlarının pozulmasını 2018-ci ildə bildiyi halda ən geci 2020-ci ildə məhkəmədə iddia qaldırmalı idi. 4 ildən sonra əsasız varlanma ilə bağlı verilmiş tələb məhkəmə tərəfindən iddia müddətinin ötürülmüş hesab edilərək rədd edilməli idi. Lakin məhkəmə mübahisəli hüquq münasibətlərinin əsassız varlanma kimi qiymətləndirməsinə baxmayaraq həmin münasibətlərə tətbiq edilməli olan maddi hüquq normasını – iddia müddətinə tətbiq etməmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. Apellyator olan cavabdehin vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışı iclaslarında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahatlar vermişlər. Onlar apellyasiya baxışının növbəti iclaslarında iştirak etməmişlər. Bu hal işin baxılmasına maneə olmadığından Məhkəmə apellyasiya baxışını onların iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

10. Belə ki, iddiaçı, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ona dəymiş real zərəri birgə sahibkarlıq fəaliyyətinə sərf etdiyi xərcin ümumi məbləğini təşkil edən 30.000 ABŞ dolları ilə ölçür. İddiaçının tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.5-ci maddəsində tapılır. Həmin maddəyə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

11. Lakin tələbin qanuni əsasının tapılmasına baxmayaraq, Rayon Məhkəməsi mübahisənin həllinə əsassız varlanma qaydalarını tətbiq etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. Rayon Məhkəməsi belə hesab etmişdir ki, ferma təsərrüfatından gəlir əldə edilməsi məqsədi ilə iddiaçı tərəfindən xərc çəkilməsi, lakin cavabdeh tərəfindən çəkilmiş xərcin iddiaçıya qaytarılmaması həyata keçirilməmiş əsas deməkdir. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Məhkəmə qeyd edir ki, əvvəla tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək zəruri xərclər çəkilmiş, tərəflər çəkilmiş xərcin birgə fəaliyyətdən əldə edilməli gəlirdən qaytarılması barədə razılaşmışlar. Yəni iddiaçı xərci öhdəliyin icrası üçün çəkmişdir. Öhdəlik hüququ ilə tənzimlənən münasibətlərə isə əsassız varlanma qaydaları tətbiq edilə bilməz. Digər tərəfdən mülki qanunvericiliyə zidd olmayan şifahi müqavilə üç şəxs arasında bağlanmışdır (Möhübbət Talıbov hazırda vəfat etmiş olsa belə, sağlığında Cəlilabad rayon Polis Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatında bu xüsusatı o da təsdiq etmişdir) və iddiaçının qoyduğu xərcin gəlirdən ilk növbədə götürüləcəyi digər müqavilə tərəflərinin öhdəliyi kimi qəbul edilmişdir. Öhdəliyin qarşılıqlı icra edilməməsi nəticəsində hər kəs icra etdiklərini əsassız varlanma əsası ilə geri tələb etsə, o zaman öhdəlik hüququnun mahiyyətinə xələl gəlmiş olar.

13. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi hüququn tətbiqində səhvə yol verərək, hazırkı mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etməməklə iş üzrə yanlış nəticəyə gəlmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

15. Qeyd edilən hal MPM-in 385.1.1-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etdiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinə işdə olan sübutlar əsasında yenidən qiymət verilməlidir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. İddiaçının cavabdehlə Cəlilabad rayonunda fermer təsərrüfatı yaratmaq barədə razılığa gəlməsi, onların razılaşmasına əsasən iddiaçının təsərrüfatın yaradılması üçün tələb olunan müəyyən xərclər çəkməsi, təsərrüfatın fəaliyyətindən əldə ediləcək gəlirdən iddiaçıya da pay verilməsinin razılaşdırılması işin mübahisəsiz hallarıdır.

18. Belə olan halda əldə ediləcək gəlirdən ona çatası payı tələb etmək hüququ olan iddiaçı, cavabdehin kreditoru qismində çıxış edə bilər.

19. İddiaçı öz tələbinin hüquqi əsasını müəyyən etməkdə sərbəstdir. Onun cavabdehdən öhdəliyin icrasını deyil, real zərərin və əldən çıxmış faydanın əvəzini tələb etmək imkanını seçməsi qanunidir, iddiaçının cavabdehdən hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır və iddiaya Mülki Məcəllənin 443.5-ci maddəsinin tələbi baxımından qiymət verilməsi mümkündür.

20. Qeyd edilən maddənin dispozitiv şərtinə əsasən, iddiaçının cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi üçün cavabdehin öhdəliyin icrasını, yəni əldə edilmiş qazancdan iddiaçıya düşən payı verməsini gecikdirməsi sübuta yetirilməlidir. Bunun üçün isə ilk növbədə fermer təsərrüfatından gəlir əldə edilməsi öz təsdiqini tapmalıdır.

21. İddiaçı bildirir ki, ötən müddət ərzində həmin təsərrüfatdan qazanc əldə edilməməsi mümkün deyil. cavabdeh isə qazanc əldə edilmədiyini bildirir.

22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Hazırkı halda qazancın əldə edildiyini sübut etmək vəzifəsi onu iddia edən iddiaçının üzərinə düşür.

24. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli rəydə (mütəxəssis hesabatında) qeyd olunmuşdur ki, damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi, həmçinin 200 baş xırdabuynuzlu heyvan və 10 baş iribuynuzlu heyvanın hazırkı bazar dəyəri cəmi 66.420 manat təşkil edir.

25. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli rəydə (mütəxəssis hesabatında) qeyd olunmuşdur ki, 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla damazlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların saxlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaq qoyuna münasibətdə 160 baş, inəyə münasibətdə 9 baş, camışa münasibətdə 3 baş müəyyən edilmişdir. 14 il ərzində bioloji olaraq və hər il heyvan sayının bir ölüm faizi və artımın müəyyən (65%) hissəsinin gəlir əldə etmək və saxlama xərclərini (yem, dərmanlama, daşıma, ferma xərcləri) təmin etmək məqsədi ilə istehlakını nəzərə alaraq ümumi say artımı üzrə ehtiyacları ödəmək üçün satışlar həyata keçirildikdən sonra qalan gəlirin 97.157,94 manat təşkil etdiyi müəyyən edilmişdir.

26. Qeyd edilən mütəxəssis hesabatları ehtimala əsaslanmaqla dolayı sübutlar sayılır və yalnız işdə olan digər sübutlarla birgə qiymətlənmə nəticəsində təsdiq edilsə mötəbər sübut kimi qəbul edilə bilər. İddiaçı, özünün iddia ərizəsində məhkəmə iclaslarına dəvət edəcəyi şahidlərin hər il minimum 350 quzu və 10 inəyin (dana) gəlir əldə etmək məqsədi ilə artım kimi satıldığını təsdiq edəcəyini bildirmişdir. Lakin iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək şahidlər təqdim edilməmişdir.

27. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. Zootexnik işi ilə məşğul olur. Cavabdeh ferma açmaq üçün sərmayəyə görə İddiaçı müraciət etmiş, fermanı İddiaçı, Cavabdeh və X1 birgə şəriklər olaraq işlətmişlər. İddiaçı fermanı açmaq üçün sərmayə verdiyini eşirmişdir, lakin onun yanında hansısa pul məbləği verilməmişdir.

28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. 2019-cu ilin may ayından iddiaçının heyvanlarının çobanı olaraq işləyir. Maaşını iddiaçı ödəmişdir. Cavabdehi təsərrüfatda görməmişdir. Fermaya nə qədər xərc qoyulduğunu bilmir. Fermaya çoban olaraq işləməyə gələndə fermada 442 baş xırdabuynuzlu qoyun, 5 baş camış, 10 baş inək, və 2 at var idi. Fermanın normal fəaliyyət göstərməsi üçün bütün şərait yaradılmışdı. Fermanın “QAZ 53” markalı maşını da olmuşdur. İndi isə fermada 200 baş qoyun qalmışdır. İl ərzində heyvanlara təxminən 6.000-7.000 manat yem xərci çəkilirdi.

29. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qeyd edilən təsərrüfatı 1988-ci ildən 2018-ci ilədək özü (Nazilə Talıbova) və mərhum əri Möhübbət Talıbov ailə təsərrüfatı olaraq işlətmişlər. Daha sonra iddiaçı və cavabdeh Möhübbətə şərik oldular. Təsərrüfata qoyulmuş xərc barədə məlumatı yoxdur.

30. Apellyasiya baxışı zamanı cavabdeh tərəf birinci instansiya məhkəməsi tərəfindən özəl qiymətləndirmə şirkətindən əldən çıxmış fayda ilə bağlı mütəxəssis rəyi alındığını, cavabdeh tərəf olaraq həmin mütəxəssis rəyini əsaslı hesab etmədiklərini, belə ki, mütəxəssis rəyinin heç bir mühasibat və vergi sənədinə istinad olunmadan verildiyini, iş üzrə obyektiv araşdırmanın təmin olunması üçün ekspertiza təyin olunmasını xahiş etmiş, iddiaçı tərəf buna etiraz etməmiş, məhkəmənin mülahizəsinə buraxmışdır.

31. Məhkəmə tərəfindən qeyd edilən xüsusatın araşdırılması üçün Azərbaycan Dövlət Aqrar Universitetindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1159 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, mövcud iş materialları, eyni zamanda ekspert vəsatətinə cavab olaraq əlavə təqdim edilmiş sənədlər (6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müəssisənin 2004-2018-ci illər üzrə dövriyyə məbləği barədə arayış məlumatları) əsasında ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə "xxxx" kiçik müəssisəsinin fəaliyyət göstərdiyi 14 il ərzində (2004- 2018) gəlirinin hansı məbləğ təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır.

33. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********001000 nömrəli məktubundan da müəyyən edilir ki, "xxxx" kiçik müəssisəsi tərəfindən qeydiyyata alındığı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək vergi orqanına vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.

34. Cəlilabad Rayon Prokurorluğu tərəfindən iddialıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, araşdırma materialında olan "xxxx" Müstəqil kiçik müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, həmin müəssisə xx.xx.1994-cu ildə qeydiyyata alınmışdır. Araşdırma materialında olan "xxxx" Müstəqil kiçik müəssisəsinin nizamnaməsinin surətindən görünür ki. həmin müəssisəsinin təsisçiləri Cəlilabad rayonu Qasımbəyli kənd sakinləri olan (cavabdeh) Cavabdeh, X3 və X5r. "xxxx" Müstəqil kiçik müəssisəsinin təsisçisi Cavabdeh ilə birlikdə Cəlilabad rayonu Bayxanlı kəndi ərazisində fermer təsərrüfatı qurmaları, lakin iddiaçıya çatacaq gəlirlərin sonuncu tərəfindən etibardan sui-istifadə edilərək ələ keçirilməsi ilə bağlı müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət hadisəsi aşkar edilmədiyindən toplanmış 194C-21 nömrəli material üzrə xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-cı maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

35. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarda qeyd olunur ki, aparılmış araşdırma zamanı “llkin-90” MKM-nin təsisçisi - Cavabdeh ilə İddiaçı birlikdə qurduqları fermer təsərrüfatından gələn gəlirlərin bölünməsi ilə bağlı yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən, toplanmış materialda hər hansı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilməli, tərəflərin yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir.

36. Cavabdeh 194C-21 nömrəli araşdırma materiallarında olan izahatında qeyd etmişdir ki, İddiaçı 1998-ci ildən tanıyır, onunla həm iş yoldaşı, həm də dost kimi münasibətləri olmuşdur. Bacısının əri Möhübbət Talıbov da onunla həmin vaxtlarda birgə işləmişdir. Möhübbət 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Möhübbətin də Yaqubla münasibətləri yaxşı olmuşdur. 2003-cü ildə Möhübbətlə Yaqub birlikdə onun yanına gələrək Cəlilabad rayonu ərazisində torpaq almağı və ferma qurmağı təklif etmişlər, o da onlarla razılaşmışdır. Onların şifahi razılaşmasına görə fermanın alınması ilə bağlı bütün xərclər Yaqub tərəfindən ödəniləcək, qazanc əldə edildikdən sonra həmin fermaya xərclənmiş pulu Yaqub götürəcək və qalan hər il olan gəlirlər bərabər qaydada o, Möhübbət və Yaqub arasında bölünəcəkdir. O, da onlara maddi vəziyyəti yaxşı olduğu halda özü də fermaya əlavə xərclər qoyacağını bildirmişdir. Onların şifahi razılaşmasına əsasən 50 hektar torpaq sahəsi alınmış və həmin torpaq sahəsi rəhbəri olduğu "xxxx" MKM-nin adına rəsmiləşdirilmiş və 2023-cü ilədək icarə müqaviləsi bağlanılmışdır. Həmin aldıqları torpaq sahəsində əvvəllər ferma olmuş, lakin dağılmış vəziyyətdə olmuşdur. Yaqub ilkin olaraq 3.800 manat pul vəsaiti vermiş və həmin pul fermanın qurulmasına xərclənmişdir. Həmin fermaya 11 baş qoyunu ilk dəfə o almışdır. Möhübbət öz iribuynuzlu heyvanlarını da oraya aparmışdır. Belə ki, həmin fermanı Möhübbət işlətmişdir. Tam xatırlaya bilməsə də, 2010-cu ildə artıq həmin fermada təxminən 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur. 2010-cu ildən 2015-2016-cı ilədək o, həmin fermaya 30 min manat məbləğində vəsait xərcləmiş və həmin vaxtadək həmin fermadan heç bir qazanc əldə etməmişdir. Yaqub da həmin fermaya 30.000 manat məbləğində vəsait xərcləmişdir. 2016-cı ildə Yaqub ondan 2.000 manat borc pul almış və sonra həmin pulu qaytara bilmədiyi üçün fermada onun vəsaitindən 2.000 manat azaltmasını bildirmişdir. Belə ki, həmin vəsaiti azaltdıqdan sonra onun fermaya qoyduğu pul 32.000 manat etmiş, Yaqubun isə 28.000 manat olmuşdur. 2017-ci ildə Möhübbət, Yaqub və o, fermanın paylarını aralarında bölmək qərarına gəlmişlər, belə ki, razılığa əsasən öz aralarında qiymətləndirmə əsasında ferma heyvanlarla birlikdə 180.000 manat dəyərində olmuşdur. Həmin fermadan 60.000 manat məbləğində xərci çıxmışlar, fermanı satmaq qərarına gəlmişlər, lakin az məbləğ təklif olunduğu üçün onlar fermanı sata bilməmişlər. O və Möhübbət fermanın dəyərinin onlara aid olan hissəsini ödəmək şərti ilə fermanı öz adına keçirtməsini təklif etmişlər. Lakin, Yaqub fermanı almaq üçün pulu olmadığını bildirmişdir. Razılaşmalarına əsasən onlar fermada olan 580 baş xırdabuynuzlu heyvanı Yaquba vermişlər, həmin 580 baş xırdabuynuzlu heyvan, 37 baş iribuynuzlu heyvan, 2 baş at, 1 ədəd traktor və 1 ədəd yük maşını fermada qalmışdır. Yaqub onlara bildirmişdir ki, 3 ay həmin fermada qalacaq və qoyunları yaz aylarında satdıqdan sonra pulunu götürüb gedəcəkdir. Həmin vaxtdan bugünədək Yaqub həmin fermanı idarə etmişdir. Ondan sonra fermada nə baş verməsi barədə məlumatı yoxdur.

37. Məhkəmə qeyd edir ki, cavabdehin fermada olan heyvaların sayında artım olması, 2017-ci ildə fermanın heyvanlarla birlikdə 180.000 manat dəyərində qiymətləndirilməsi ilə bağlı ifadəsi də təsərrüfatdan gəlir əldə edildiyi mənasına gəlmir. Fermaya qoyulan xərclər və ötən müddət nəticəsində əmlakın dəyərində artımın olması, habelə heyvanların çoxalması hələ qazanc əldə edilməsi anlamına gəlmir. Bu, əmlakın dəyərini əks etdirir. İddiaçı bu artımdan özünə düşən payı naturada tələb edə bilər. Cavabdeh tərəf də izahatında iddiaçıya əmlakı satması, yaxud ayırıb götürə bildiyi yaxşılaşdırmaları götürə, realizə edib çəkdiyi xərci qarşılaya biləcəyi ilə bağlı təklif irəli sürdüyünü bildirmişdir. İddiaçının isə naturada əmlak tələbi mövcud deyil.

38. Hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırkı işdə isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən olunmamışdır. Çünki, iddiaçı tərəfindən cavabdehin fermer təsərrüfatından gəlir əldə etməsi, əldə edilmiş gəlirdən iddiaçıya düşən hissənin ödənilməsinin gecikdirilməsi sübuta yetirilməmişdir.

39. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi sübuta yetmədiyi üçün əsassızdır. f) apellyasiya baxışının nəticəsi

40. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq işin hallarına uyğun olmayan səhv nəticəyə gəlinmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

41. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

42. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya aid edilməli, bu məqsədlə iddiaçıdan ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 500 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 216 manat tutularaq cavabdehə ödənilməlidir.

43. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edildiyindən cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

44. İddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

45. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Bu məqsədlə İddiaçı ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 500 (beş yüz) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 216 (iki yüz on altı) manat tutularaq Cavabdeh ödənilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar