Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1310/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 33595,03 manat əsas, 12644,81 manat faiz borcu olmaqla, ümumilikdə 46239,84 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 33595,03 manat, faiz borcu üzrə 13540,67 manat olmaqla, cəmi 47135,7 manat kredit borcunun və 30,40 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-1992/21) iddia tələbi qismən təmin edilərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 33443,24 manat əsas, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi qət edilmiş, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsinin iddiaçıdan, 60 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 10 faizlə 180 ay müddətinə 36,590 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC 16 mart 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyəti öz üzərinə götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən qətnamə çıxarılan tarixədək faiz borcunun artması halı araşdırılmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin predmeti olan mənzil müqavilə bağlanarkən tikilməmiş, bu istiqamətdə heç bir hərəkət edilməmişdir. Kredit müqaviləsi bağlanarkən iddiaçıya bu hal məlum idi. Mənzil üzrə bütün hüquqlar iddiaçıya keçdiyinə görə onun həmin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Bu barədə Banka müvafiq məktub göndərilmişdir. Faiz borcunun hesablanması onun yox ,digər cavabdehin hərəkətsizliyinə görə baş vermişdir. İddiaçının nümayəndəsi təmsil etdiyi qurumun apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh1 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətini qəbul etmədi və özünün apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi isə iddiaçının apellyasiya şikayətinin rədd, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1-16-03-2015-YS- AAAF-AE saylı 16.03.2015-ci il tarixli kredit Müqaviləsinə Bank borcalana illik 10 faizlə, 180 ay müddətinə 36,590 AZN məbləğində kredit vermiş, borcalan isə verilmiş krediti qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın bank qarşısında öhdəliklərinin icrasına məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 21.06.2021-ci il tarixədək hesablanmış 33595,03 manat əsas, 12644,81 manat faiz borcu olmaqla, ümumilikdə 46239,84 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra 30.09.2021-ci ildə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27.09.2021-ci il tarixə hesablanmış əsas borc üzrə 33595,03 manat, 13540,67 manat faiz borcu olmaqla, cəmi 47135,7 manat kredit borcunun və 30,40 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspert qarşısında 21.06.2021-ci il tarixinə borcun hesablanması barədə sual qoyulmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 12.10.2021-ci il tarixli rəyi ilə 21.06.2021-ci il tarixinə əsas borc 33443,24 manat, faiz borcu 12689,85 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrini və ekspertin rəyini əsas götürərək 33443,24 manat əsas, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ekspert qarşısında sual qoyarkən iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almamış, sözügedən ərizənin verildiyi tarixə, yəni 27.09.2021-ci il tarixinə borcun məbləğini müəyyən etməmişdir. Bununla da, MPM-nin 218.3-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya baxışı zamanı 27.09.2021-ci il tarixə cavabdehin Bank qarşısında borcunun məbləğinin müəyyən edilməsi məqsədilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 19.04.2022-ci il tarixli rəyi ilə əsas borc 33443,24 manat, faiz borcu 13581,67 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu məbləği iddia tələbi həddindən yüksəkdir. Belə olan halda Kollegiya belə qənaətə gəlir ki, cavabdehdən iddia tələbi həcmində faiz borcu, yəni 13540,67 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Əsas borcun məbləğinə gəldikdə isə, birinci instansiya məhkəməsi həmin hissədə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyator etdiyi ödənişlər nəticəsində Banka daha az məbləğdə borcunun qaldığını təsdiq edən, həmçinin ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, o cümlədən onun tələbə cavab verməli şəxs olmaması ilə bağlı dəlilləri əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından rədd olunmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslı olduğundan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə tutulan faiz borcunun məbləği 13540 (on üç min beş yüz qırx) manat 67 (altmış yeddi) qəpik müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1310/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1310/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver