Məhkəmə qərarları › İş №2(103)-1311/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1311/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1311/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2286/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Bakı Ağır Cinayəllər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)- 19/2020 saylı hökmünə əsasən təqsirləndirilən İddiaçı müdafiəçisi Vəkil Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilməsi hökm edilmişdir. Təqsirsiz hesab olunmuş İddiaçı cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanlanmış X2 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs İddiaçı tərəfindən ona dəymiş 120000 manat maddi ziyandan qalmış 65000 manat pul İddiaçı qohumları tərəfindən ona ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65000 manat maddi ziyan, 2000 manat mənəvi ziyan, tərəfindən ödənilmiş 292 manat dövlət rüsumu, vəkilə ödənilmiş 110 manat, cəmi 67230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayəllər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddətinə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü çıxarılmamışdan əvvəl onun azalığa buraxılmağı üçün qohumlarını məcbur etmişlər ki, “zərərçəkmiş” şəxsə 65000 manat pul ödənməlidir. Mərhum anası onun azad olunması üçün bütün əmlaklarını sataraq 65000 manat pul toplayaraq “zərərçəkmiş” cavabdehin anası X5 vermişlər. Bu barədə notarial qaydasında təsdiq edilmiş ərizə almış və məhkəməyə təqdim etmişlər. Bundan sonra onun barəsində AR CM-nin 70-ci maddəsi tətbiq olunmuş və həbsdən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli hökmü ilə ayellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cirayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, haqqında bəraət hökmü çıxarılmışdır. Ali Məhkəmənin CK-nın qərarı ilə dövlət ittihamçısının verdiyi kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli bəraət hökmündə ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə, təqsirsiz hesab edilmiş və ona bəraət verilmişdir. Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən imzası təsdiq edilmiş X3 ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona dəymiş 65000 manat maddi ziyan ona ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona qarşı olunan ədalətziliyin əvəzini uca Allah vermişdir. Belə ki, eyni qaydada başqa bir nəfəri şərləmək istədikdə həmin şəxs X6 və onun əri X11 qətlə yetirmişdir Mərhumların yeganə oğlu sağ qaldığından mərhumların hüquq varisi kimi ona qarşı mülki iddia qaldırır.

6. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2286/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 65000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, tərəfindən ödənilmiş 292 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 110 manatın, cəmi 67230 manat pulun alınaraq ona verilməsi tələbi təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin anasına ziyanın vurulması ehtimal edilən cinayət əməlinin törədilməsində hazırki iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən təqsirsiz hesab edilərək ona bəraət verildiyindən iddiaçının ödənilmiş (iddia tələbində qeyd edilən məbləğdə) pul məbləğinin geri qaytarılmasının tələb etmək hüququ yaranmışdır. İddiaçı isə təqsirsiz hesab edildiyindən onun tərəfindən ehtimal edilən cinayət əməlinin törədilməsi səbəbindən vurulmuş maddi ziyanın əvəzi kimi cavabdehin anasına ödənilmiş 65000 manat məbləğində pul hüquqi əsas olmadan əldə edildiyindən mülki qanunvericiliyin tələblərinə əsasən əsassız varlanmış şəxs hesab edilir. Bununla da hazırki iş üzrə cavabdehdən, yəni (cinayət işi üzrə zərərçəmiş şəxs olan Dilarə Əhmədovanın varisi) Cavabdeh tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız varlanma obyektini (65000 manat pul vəsaitini) qaytarmaq barədə tələb etmək hüququ qüvvədən düşmüşdür. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020ci il tarixli 1(103)-19/2020 saylı qanuni qüvvədə olan hökmü ilə İddiaçı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və ona baraət verilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun olması ona xx.xx.2020-ci il tarixdə məlum olmuşdur. İddiaçı isə xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən təxminən 5 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ, iddiaçıya öz hüququnun məlum olduğu vaxtdan iki il keçdiyinə görə qüvvədən düşmüşdür. Yuxarıda qeyd olunan əsaslara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 65000 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 2000 manat mənəvi ziyan tələbinə dair hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1095-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 107, 119.1, 216-220-ci və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2286/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə göstərilmişdir ki, məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız varlanma obyektini (65000 manat pul vəsaitini) qaytarmaq barədə tələb etmək hüququ qüvvədən düşmüşdür. Məhkəmnin gəldiyi bu nəticə də tam yanlışdır. Ona ğörə ki,bu hal əsassız varlanma hesab oluna bilməz.Mən məcbur olub,cavabdehin anasına mənə şər böhtan atıb həbsə saldırdığına ğörə “maddi ziyan” əvəzi olaraq ödəniş etmişəm. Ona qarşı irəli sürülmüş ittiham sübut olunmadığından aldığını eyni qaydada qaytarmalıdır. Bu zaman isə pul tələbindən irəli ğələn iddia müddəti tətbiq edilməlidir. Həmin zaman İddiaçı özü həbsdə olmuşdur. İddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Belə ki, müddət keçməmişdir. Bakı Apellyasiya Məhkəməsinin CKnın xx.xx.2020-ci il tarixli hökmü ilə bəraət verilmişdir. Bu hökm çıxarılan zaman dövlət ittihamçısına çıxışa hazırlaşmaq üçün vaxt verilməmişdir. Bu səbəbdən həmin hökmdən dövlət ittihamçısı kassasiya protesti verilmiş, Ali Məhkəmənin CK-nın xx.xx.2020-ci il tarxli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda ümumi iddia müddəti 10 ildir. Pul tələbləri üzrə iddia müddəti isə 3 ildir. Məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixdə bəraət hökmü çıxsa da həmin hökmdən prokuror kassasiya protesti vermiş, Ali Məhkəmənin CK-nın sentyabr ayında çıxardığı qərardan sonra mart 2022-ci l tarixdə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia müddətini ötürməmişdir. İddia ərizəsinə cavabdeh ilə aralarında olan borcun etirafına dair SMS və səs yazılarını əlavə edib. Lakin məhkəmə tərəfindən təqdim edilmiş bu subutlara heç bir qiymət verməmişdir. Nəticədə qanunsuz və əsassız br qətnamə çıxarılmaqla onun hüquqları pozulmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada apellyasiya şikayətinə etiraz göndərilmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfi olaraq apellyasiya şikayətini aşağıda göstərilənlərə görə əsassız hesab edilir: 1. İddiaçı cavabdehə və ya cavabdehin anası X5 vermədiyi pulu tələb edir. İddiaçı iddia tələbinin əsası kimi ona məxsus olan pul vəsaitinin – 65000 manat məbləğinin cavabdehin anası mərhum X8 dəymiş zərərin əvəzi kimi ödənilməsini, sonradan İddiaçı məhkəmə hökmü ilə cinayət işi üzrə bəraət aldığına görə qeyd edilən məbləği X4 tələb etmək hüququnun mövcud olmasını göstərmişdir. Qeyd edilənlərlə bağlı bildirilir ki, iddiaçı 65000 manat məbləğinin mərhum X5 verilməsini təsdiq edən sübut qismində məhkəməyə sonuncunun notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Ərizə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanlanmış və ərizənin mətnində göstərilir: “Təqsirləndirilən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı tərəfindən mənə dəymiş 120000 manat maddi ziyandan qalmış 65000 manat pul İddiaçı qohumları tərəfindən (kim tərəfindən???? Nə vaxt???? Harada????) mənə ödənildiyindən mənim ona qarşı heç bir şikayət və tələbim yoxdur. Mən onu bağışlayıram və ərizəmi yüngülləşdirici hal kimi qəbul etməyinizi xahiş edirəm.” Lakin həmin ərizə hər hansı bir məbləğin cavabdehin anası mərhum X5 ödənilməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, əvvəla ərizənin yazılmasında əsas məqsəd ərizənin mətnindən göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsində iddiaçı barəsində cinayət işinə baxılan zaman iddiaçıya nisbətən yüngül cəza verilməsi olmuşdur, bu adətən təcrübədə istifadə edilən bir haldır ki, təqsirləndirilən şəxsin qohumlarının xahişi ilə zərərçəkmiş şəxslər alicənablıq göstərərək belə bir ərizə verirlər ki, həmin ərizələri yüngülləşdirici hal kimi məhkəmələr nəzərə alsınlar. Məhkəmə iclasında iddiaçı özü də bildirdi ki, cavabdehin valideynləri ilə 20 il müddətində yaxın tanış olmuşlar, aralarında yaxşı münasibət olmuşdur. Belə olan halda cavabdehin anası D.Əhmədovanın humanistlik göstərərək pulu almadan iddiaçının barəsində cinayət işinə baxılan zaman cəzasının yüngülləşdirilməsi üçün belə bir məzmunda ərizə verməsi heç də təəcüb doğurmur. Qeyd edilən ərizədə 65000 manat məbləğinin verildiyi yer və vaxt, məbləğin kim tərəfindən verilməsi və qəbul edilməsi göstərilməmişdir, bu da, habelə belə bir məbləğin miras əmlak toplusuna daxil olması barədə məhkəmə işində hər hansı bir sübutun olmaması əslində qeyd edilən məbləğin cavabdehin mərhum anasına verilmədiyini təsdiq edir. Həmin ərizə o zaman sübut qismində qəbul oluna bilərdi ki, qeyd edilən məbləğ notariusun depoziti vasitəsilə və ya bank ödənişi vasitəsilə X5 ödənilərdi, yəni ortada maliyyə sənədləri mövcud olardı ki, bu barədə məhkəmə işində sübutlar mövcud deyildir. Bundan başqa iddiaçı iddia ərizəsində göstərmişdir ki, pul məbləği iddiaçının anası tərəfindən X5 verilmişdir, məhkəmə iclasında isə verilən suala cavab olaraq iddiaçı konkret olaraq bildirdi ki, pulu X5 iddiaçının bacısı vermişdir. Qeyd edilən ziddiyyət də əslində heç bir pul məbləğinin X5 ödənilmədiyini göstərir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında göstərmişdir ki, iddiaçının anası tərəfindən iddiaçıya məxsus olan pul iddiaçının bacısına verilmiş, iddiaçının bacısı da X5 vermişdir. Belə olan halda sual olunur: bu üç ifadədən görəsən hansı doğrudur, ümumiyyətlə doğrudurmu və doğrudursa pulun məhz kim tərəfindən verilməsini təsdiq edən sübut niyə təqdim edilməmişdir, ümumiyyətlə iddiaçının həmin məbləğdə pul vəsaitinə malik olmasına dair sübut da (bank çıxarışları, maliyyə sənədləri, məbləğin mənşəyini təsdiq edən maliyyə sənədləri və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işində ümumiyyətlə iddiaçının qeyd edilən tələbi irəli sürmək hüququnun olmasını – yəni iddiaçı tərəfindən cavabdehin anası X5 hər hansı bir məbləği ödəməsinə dair heç bir sübut yoxdur. Cavabdehin anasının eyni qaydada başqa bir nəfəri şərləmək istədikdə həmin şəxsin X6 və onun əri X11 qətlə yetirməsi barədə apellyasiya şikayətində bildirdikləri də bütün iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər kimi əsassızdır. Belə ki, X9 və onun əri X12 onların bağında gözətçi işləmiş əvvəllər dəfələrlə məhkumluğu olan şəxs tərəfindən faciəli şəkildə qətlə yetirilmişlər, həmin şəxs hal-hazırda Qobustan həbsxanasında törətdiyi əmələ görə cəza çəkir və mərhumların qeyd edilən şəxsi şərləmək niyyətinin olması barədə iddiaçının sübutu varsa təqdim etməlidir, sübutu olmayan yalan hal isə yalnız iddia ərizəsində digər göstərilənlərin də əsassız olmasını bir daha təsdiq edir. 2. İddia müddətinin tətbiqi barədə. Yuxarıda qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi əsassız varlanma haqqında Mülki Məcəllənin müddəalarına istinad etmişdir. Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Əgər İddiaçı tərəfindən 2016-cı ilin avqust ayının 5-də cavabdehin anasına 65000 manat pul ödənilmişdirsə (bu hal iş materialları ilə sübuta yetirilmir, belə ki, bu barədə nə qəbz, nə müqavilə, nə də ərizə vardır) o zaman o, təqsirsizdisə bunu 2016-cı ildə də bilirdi, və həmin pulu ən geci 2018ci ilin avqust ayının 5-nə qədər tələb edə bilərdi. Yox əgər İddiaçı özünün təqsirsiz olmasını, yəni pulun (onun ödəmədiyi) ona qaytarılmalı olmasını Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli bəraətverici hökmü qəbul edildiyi andan bildirdisə yenə də hazırki iddia üzrə tələbini (tələb əsaslı və qanuni olduğu halda) xx.xx.2022-ci ilə qədər irəli sürə bilərdi.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Mülki Məcəllənin 1091.1-ci maddəsində qeyd edilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Həmin Məcəllənin 1091.2-cü maddəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

17. Məcəllənin 1095-ci maddəsində qeyd edilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı hazırkı iddia tələbində cavabdehin anası X5 verilmiş 65 000 manat pulun və 2000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir.

23. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçının cavabdehdən pulun tələb edilməsi ilə bağlı subyektiv hüququ olsa da, iddiaçı əsassız varlanma ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 2 illik iddia müddətini ötürdüyü üçün iddia tələbi təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanlanmış notariat qaydasında təsdiqlənmiş xx.xx.2016-cı il tarixli ərizədə iddiaçının qohumları tərəfindən cavabdehin anasına 65000 manat məbləğində pulun verildiyi öz əksini tapmışdır. Pulun verilməsində məqsəd iddiaçının ödəməli olduğu hesab edilən zərərin qarşılanması idi. Lakin hazırda pulun verilməsinə əsas olmuş hallar artıq aradan qalxdığından iddiaçı pulu mərhumun vərəsəsi olan cavabdehdən tələb etməkdə haqlıdır.

25. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə verilmiş etirazında tələb edilən pul məbləğinin cavabdehin anasına kimin tərəfindən verilməsinin mübahisəli olmasına, pul məbləğinin verilməsini təsdiq edən sənədlərin olmamasına, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində iddiaçının təqsirli bilinməsi ilə bağlı işə baxılması zamanı verilmiş - X2 iddiaçının təqsirini yüngülləşdirmək məqsədilə verilən formal ərizə olduğuna istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd edir ki, hazırkı halda iddiaçının qohumu tərəfindən cavabdehin anası- X7 iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq 65000 manat pul məbləğinin verilməsi cavabdehin anasının öz imzası və notarial qaydada təsdiq edilmiş ərizə ilə təsdiq olunur. Cavabdeh tərəf ərizənin əsassız olmasını, həmçinin pulun verilmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

27. Digər tərəfdən işdə olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-19/2020 saylı hökmün surətindən görünür ki, təqsirləndirilən İddiaçı müdafiəçisi Vəkil Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilməsi hökm edilmişdir.

28. Göründüyü kimi, İddiaçı təqsirli hesab olunduğu hesab edildiyi cinayət əməli ilə bağlı bəraət almış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun X1rşı dələduzluq hərəkətləri etmədiyi və maddi ziyan vurmadığı təsdiq olunmuşdur. Bununla da iddiaçının məhkəmə istintaqı gedişi zamanı cavabdehin anasına verilmiş 65000 manat pul məbləğinin ona geri ödənilməsini tələb etmək hüququ yaranmışdır.

29. Əsassız varlanma nəticəsində əldə edilmiş pul məbləğinin geri ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının bəraət alması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin hökmü 13 yanvar 2020-ci il tarixlidir, hökm qəbul edildikdən sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə 2022-ci ilin mart ayında məhkəməyə müraciət etdiyi üçün 2 illik iddia müddəti onun tərəfindən ötürülməmişdir.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin hökmü iddiaçının bəraət alması və dərhal azadlığa buraxılması üçün əsas olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsassız varlanma ilə bağlı cavabdehdən pulun tələb edilməsi hüququnun ona Ali Məhkəmənin iş üzrə qəbul etdiyi hökmü qəbul edildikdən sonra məlum olması ilə bağlı dəlilləri əsassızdır.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)”.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2286/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar