Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1314/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2023-ci il tarixli, e-2(011)-9044/2023 nömrəli qərardadından iddiaçıların şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1- ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 m2 olan mübahisəli mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında 303 saylı 04 noyabr 2010-cu ildə bağlanmış müqavilənin və ona əlavə "xxxx" MMC arasındakı 30 dekabr 2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, iddiaçıların mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(011)- 9044/2023 saylı qərardadı ilə iddiaçıların cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
3. Həmin qərardaddan iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(011)- 9044/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(103)-1314/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(011)-9044/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.; Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı).”
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.”
9. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadı ilə də qərara alınmışdır ki, “Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Əqdə əsaslanan iddialara baxıldığı halda, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadın 53-cü bəndinə əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir
11. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
12. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5394/2019 nömrəli 29 may 2019-cu il tarixli Qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı2 qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC) cavabdeh İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan bir otaqlı mənzildən çıxarılmaları və mübahisə olunan mənzilin ona təhvil verilməsi tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 348/2019 saylı 14 fevral 2019-cu il tarixli Qətnaməsi ilə rədd edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2019 saylı 14 fevral 2019-cu il tarixli Qətnaməsi ləğv edilmişdir. Cavabdeh İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir.
13. Həmçinin, məhkəmə kollegiyası tərəfindən digər İddiaçı1 münasibətdə məhkəmə qərarının mövcudluğu da araşdırılmış və müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(011)-3940/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilərək İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Hər 2 qətnamə üzrə iddianın təmin olunması əsası kimi hazırda etibarsızlığı irəli sürülən müqaviləyə istinad olunmuşdur.
14. İddiaçının digər tələbi mənzilə mülkiyyət hüquqlarının tanınması olsa da, həmin tələb də məhz müqavilənin etibarsızlığı ilə bağlıdır, yəni, yalnız müqavilə etibarsız hesab olunduğu təqdirdə mülkiyyət hüququnun tanınması müzakirə predmeti ola bilər. Lakin yuxarıda qeyd olunduğu kimi müqavilənin etibarlı olması yekun məhkəmə aktlarına əsasən təsdiqini tapmışdır.
15. Göründüyü kimi, iddia ərizəsinə əlavə edilmiş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iddianın məhkəmənin icraatına qəbul edilməsini istisna edir.
16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2023-ci il tarixli, e-2(011)- 9044/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2023-ci il tarixli, e-2(011)- 9044/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev