Məhkəmə qərarları › İş №2(103)-1318/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1318/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1318/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT, Cavabdeh 10.394,34 ABŞ dolları əsas, 669,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.063,53 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Elantra minik” markalı (buraxılış ili: 2013, ban: KMHDG41C7EU819984, rəngi: ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 10.394,34 ABŞ dolları əsas, 669,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.063,53 ABŞ dolları (ödəniş günü məzənnə üzrə manatla) borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutmanın cavabdehə məxsus **-SX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı (buraxılış ili: 2013, ban: KMHDG41C7EU819984, rəngi: ağ) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı QSC-yə ödənilməsi, əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş üzrə iddia müddəti ötürülmüşdür. Bu barədə cavabdeh məhkəməyə ərizə təqdim etmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının nümayəndəsinin məhkməyə təqdim etdiyi X3 adından ödənilmiş xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən onun məlumatı olmamış, 250 ABŞ dolları pulun kim tərəfindən ödənilməsini bilməmiş və onu tanımamışdır. Lakin qətnamədə bu, heç nə ilə əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01258 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 17 % dərəcəsi ilə 20.403 ABŞ dolları kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Həmin tarixli, 1258 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Hyundai Elantra” markalı, **-SX-*** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş və bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 101032 saylı, xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh banka olan borcunu qrafik üzrə qaytarmamış və bank tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişlə borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 10.394,34 ABŞ dolları əsas, 669,19 ABŞ dolları faiz borcu qalmışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehdən əsas və faiz borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdeh, apelyasiya şikayətində hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünə istinad etsə də, Kollegiya bununla razılaşmır və hesab edir ki, rayon məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər xx.xx.2013-cü il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi xx.xx.2019-cu il hesab olunur. Lakin Cavabdeh adına olan ******************** saylı hesabdan çıxarışdan örünür ki, kredit müqaviləsi üzrə sonuncu ödənişlər xx.xx.2017-ci il tarixdə 300 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 250 ABŞ dolları məbləğində ödənilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Belə olan halda, Kollegiya hesab edir ki, icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni xx.xx.2017-ci il tarixdə kredit borcu üzrə 250 ABŞ dolları ödəniş etməklə iddia müddətinin axımını kəsmiş, bununla da iddia müddətinin axımı həmin tarixdən yenidən başlamışdır. Bu halda, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi xx.xx.2021-ci il hesab olunur ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə təqdim edilməklə iddia müddəti daxilində verilmişdir. Cavabdeh, apelyasiya şikayətində ödəniş qəbzindəki imzanın ona məxsus olmadığını və ödəniş edən şəxsi tanımadığını bilirsə də, Kollegiya bu dəlilləri inandırıcı hesab etmir və vurğulayır ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2778/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar