Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-132/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-132/2023 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(004)-796/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL 657 saylı “X6” əsasında verilmiş “Ravon Nexia R3” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Cavabdeh2 qeyd edilən avtomobillə yol nəqliyyat hadisəsi törədərək avtomobilə zərər vurmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlərdən vurulmuş zərər üçün 4625 manat pulun və dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL 657 saylı “X6” əsasında verilmiş “Ravon Nexia R3” minik markalı 90 – PL – 413 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin sürücünü iddiaçı ilə digər Cavabdeh1 tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə görə şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə qəza törətmiş və onun barəsində xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə qərarı çıxarılmışdır. Avtomobilə 4625 manat məbləğində zərər dəymişdir. Cavabdehlər zərəri ödəməkdən imtina edir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-796/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında cavabdehin izahatından və müqavilənin müvafiq bəndindən müəyyən olunur ki, avtomobil sığorta olunmuşdur. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı dəymiş zərərlə bağlı öncə sığorta şirkətinə müraciət etməli, daha sonra isə ödənilmiş məbləğ sığorta şirkəti tərəfindən subroqasiya qaydasında Cavabdeh2 qarşı iddia qaldırılmaqla həll oluna bilərdi.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş ziyanın həcmini müəyyən etmək üçün ekspertiza təyin etməkdən imtina etmiş, iş üzrə təqdim edilmiş süburları qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsinin xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və digər Cavabdeh1 hüquqi varisi X5 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
26. Belə ki, birinci instansiya məhkəməsi iş gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə lizinq şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL- 1675 saylı müqavilənin 12-ci bəndinə əsasən: Tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “daxili lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talama və oğurlanma risklərindən “Daxili Lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır. Lizinq obyekti lizinq alan tərəfindən sığortalandıqdan sonra sığorta hadisəsi baş verərsə, Sığorta Şirkəti tərəfindən verilən sığorta ödənişi lizinq verənə ödənilir. Sığorta ödənişini alan lizinq verən həmin məbləği ilk növbədə lizinq alanın lizinq şirkətinə olan gecikən borcunun ödənilməsinə yönəldilir, artıq qalan məbləği isə lizinq obyektinin bərpasına sərf edir. Əgər lizinq obyekti sığorta hadisəsi zamanı tam məhv olarsa, sığorta şirkəti tərəfindən ödənilən sığorta ödənişi lziinq alanın lizinq şirkətinə olan borcuna yönəldilir və bu zaman lizinq verənlə lizinq alan arasında münasibətlətlər bu müqavilənin 11.4-cü bəndinə uyğun olaraq davam etdirilir. 13.7-ci bəndinə əsasən Müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə lizinq alan sığorta müqaviləsi bağlamadıqda, lizinq verən müvafiq müqavilə bağlananadək lizinq obyektini özündə saxlamaq hüququna malikdir.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, avtomobil sığorta olunduğundan iddiaçı dəymiş zərərlə bağlı öncə sığorta şirkətinə müraciət etməli, daha sonra isə ödənilmiş məbləğ sığorta şirkəti tərəfindən subroqasiya qaydasında Cavabdeh2 qarşı iddia qaldırılmaqla həll oluna bilərdi.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi lizinq müqaviləsindən irəli gələn tələb deyil. Həmin müqavilə lizinq təşkilatı ilə İddiaçı arasında münasibətləri tənzimləyir.
29. Bundan başqa iş materiallarından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli AL- 1675 saylı lizinq müqaviləsi üzrə İddiaçı lizinq şirkətinə bütün lizinq ödənişlərini həyata keçirmiş və heç bir borcu qalmamışdır.
30. Kollegiya qeyd edir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsini törədərək İddiaçı tərəfindən ona istifadə üçün verilmiş “Ravon Nexia R3” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması və həmin əmələ görə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir. Bu hal işin mübahizəsiz halıdır.
31. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilərək avtomobilə dəymiş maddi zərərəin əvəzi ondan tutularaq iddiaçıya ödənilməlidir.
32. Maddi ziyanın həcminin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsində ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1375 nömrəli rəydə qeyd olunmuşdur ki, "RS Avtoservis" tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı "Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4232,0 manat müəyyən edilir.
33. Məhkəmə kollegiyası digər Cavabdeh1 aid hissədə iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı digər cavabdehin Cavabdeh2 öhdəliklərini yerinə yetirməsi üçün şifahi öhdəlik götürdüyüni bildirmişdir. Dolayısı yolla onun zamin olduğunu bildirmişdir.
34. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etmədiyi üçün iddia digər Cavabdeh1 hüquqi varisi X3 aid hissədə təmin edilməməlidir.
35. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 4232 manat alınaraq İddiaçı ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2(004)- 796/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 4232 (dörd min iki yüz otuz iki) manat, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat, cəmi 4262 (dörd min iki yüz altımış iki) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova