Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1321/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" ilk iddiasına; cavabdeh MMC-nin iddiaçı Banka qarşı “öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2021-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 nümayəndəsi (övladı) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.11.2021-ci il tarixli qətnamə ilə iddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü "xxxx" iddiasının təmin edilməsini, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 35.583,09 manat, faiz borcu üzrə 14.510 manat, dövlət rüsumun əvəzi olaraq 30 manat, rüsuma görə ödənilmiş bank xidmət haqqının əvəzinin 0,40 manat məbləğində pulun iddiaçı Bankın xeyrinə tutulması; cavabdeh MMC-nin iddiaçı Banka qarşı irəli sürdüyü “öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsini, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh MMC-nin özünə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza xərcinin ilk iddia üzrə cavabdehlərə aid edilməsini və bu məqsədlə 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın həll edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16.11.2021-ci il tarixdə, Bank, “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən Bankın xeyrinə tutulmalı olan əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğinin artırılaraq 15.972,86 manat təşkil etdiyi bildirmiş və iş üzrə qətnamə qəbul edilərkən həmin məbləğin faiz borcu olaraq cavabdehlərdən tutulmasını xahiş etmişdir. Rayon Məhkəməsi isə “iddia tələbinin həcminin artırılması barədə” ərizəni icraata qəbul etməkdən imtina etmiş və bunu onunla izah etmişdir ki, iddia tələbinin həcminin dəyişdirilməsi məhkəmə baxışı zamanı ortaya çıxmış yeni hallar mövcud olduğu halda mümkündür. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddia tələbi məhkəmənin icraatına 09.07.2021-ci il tarixdə, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklər qüvvəyə minəndən əvvəl qəbul edilmişdir. İddiaçı Bank və cavabdeh MMC apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların nümayəndələrin iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilsə də, cavabdehlər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən ilk iddia üzrə iddiaçı Bank apellyasiya şikayəti vermişdir. Bank apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən “iddia tələbinin həcminin artırılması barədə” ərizənin nəzərə alınmamasını, yəni qətnamənin ilk iddianın həll edilməsi ilə bağlı hissəsini mübahisələndirir. Göründüyü kimi iş üzrə tərəflər qətnamənin “qarşılıqlı iddianın təmin edilməməsi barədə” hissəsini mübahisələndirmirlər. Odur ki göstərilənləri, mübahisənin bölünməz olmadığını nəzərə alan Məhkəmə, MPM-nin 372.6-cı maddəsinin tələblərindən çıxış edərək qətnamənin yalnız ilk iddianın həll edilməsi hissəsinin əsaslılığını yoxlamışdır. Apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlilini və mülki işin materiallarını araşdıraraq bildirir ki, iş materiallarından göründüyü kimi Bankın iddiası 07.07.2021-ci il tarixdə (iş v. 5), “iddia tələbinin həcminin artırılması barədə” ərizəsi isə 16.11.2021-ci il tarixdə Rayon Məhkəməsinə təqdim edilmişdir (iş v. 118). İşə baxmış Rayon Məhkəmə “iddia tələbinin həcminin artırılması barədə” Bankın ərizəsini icraata qəbul etməkdən imtina etmiş və bunu onunla izah etmişdir ki, iddia tələbinin həcminin dəyişdirilməsi məhkəmə baxışı zamanı ortaya çıxmış yeni hallar mövcud olduğu halda mümkündür (iş v. 120). Məhkəmə bildirir ki, həqiqətən də MPM-yə edilmiş və 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə, iddia tələbinin həcminin dəyişdirilməsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür (maddə 53). Lakin işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, bu qayda 01.10.2021-ci il tarixədək icraatı başlanılmış mülki işlərə şamil edilmir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə birmənalı olaraq ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bank, iddia və “iddia tələbinin həcminin artırılması barədə” ərizələrində xahiş edir ki, onunla Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF- RO saylı "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.583,09 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 15.972,86 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, rüsumun ödənilməsi üçün tutulmuş bank xidmət haqqının əvəzinin ödənilməsi məqsədi ilə 0,40 manat məbləğində pulun borcalan Cavabdeh1 və sonuncunun qeyd edilən "xxxx" üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh MMC-dən tutularaq ona (Banka) ödənilməsi barədə iş üzrə qətnamə qəbul edilsin. Bankın tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh M.X2 Xidməti Departamenti ilə 16.03.2015-ci il tarixdə "xxxx" bağlayaraq illik 10 % dərəcəsi ilə 38.250 manat məbləğində pulu, 180 ay ərzində hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan borc almışdır. İş üzrə cavabdeh MMC isə qeyd edilən "xxxx" üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bununla əlaqədar olaraq Bank ilə cavabdehlər arasında 16.03.2015-ci il tarixdə 4-16-03-2015-YS-AAAF-RO saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri qismən icra etmiş, tam icra etməmiş, krediti və ona hesablanmış faizləri tam ödəməkdən yayınmışdır. Nəticədə cavabdehlərin iddiaçı Banka 35.583,09 manat məbləğində əsas, 14.510 manat məbləğində faiz borcları yaranmışdır. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu, rüsumun ödənilməsi ilə bağlı isə 0,40 manat bank xərci ödəmək məcburiyyətində qalmışdır. İşdə olan və Bankın ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 illik 10 % dərəcəsi ilə 38.250 manat məbləğində pulu, 180 ay ərzində hissə-hissə, aybaay qaytarmaq şərti ilə Bankdan borc almışdır. Bank ilə Cavabdeh1 və cavabdeh MMC arasında həmin tarixdə bağlanmış "xxxx" görünür ki, cavabdeh MMC qeyd edilən "xxxx" üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və həmin "xxxx" üzrə Cavabdeh1 öhdəliklərinin pozulması halında sonucu ilə eyni məsuliyyət daşıması barədə şərti qəbul etmişdir. İşin hallarından müəyyən edilir və cavabdehlər tərəfindən mübahisələndirilmir ki, borclu olan Cavabdeh1 və zamin olan cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri qismən icra etmişlər. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, həmin öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən 35.583,09 manat məbləğində əsas, 15.972,86 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan məktublardan görünür ki, Bank, qeyd edilən məbləğlərin ödənilməsini tələb etmişdir. “Ödəniş qəbzindən” görünür ki, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Rüsumun ödənilməsi zamanı ondan 0,40 manat məbləğində bank xərci tutulmuşdur. Məhkəmə tərəfindən işin mübahisəsiz halları kimi müəyyən edir ki, iddiaçı Bank ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin Bank qarşısında icra edilməmiş öhdəlikləri. İşin halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə bildirir ki, cavabdehlərin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan onlar Bank qarşısında mülki məsuliyyət daşıyırlar və həmin öhdəlikləri icra etməlidirlər. Belə ki, Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə cavabdehlər tərəfindən iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləğlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rayon məhkəməsinə verilmiş 18.10.2021-ci il tarixli, 9/6185 saylı rəydən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli "xxxx" üzrə (iddia ərizəsi Rayon Məhkəməsinə təqdim olunan) 07.07.2021-ci il tarixə əsas kredit borcu 35.613,13 manat, faiz borcu isə 14.724,88 manat, (sonuncu dəfə edilmiş ödənişin tarixinə) 06.08.2021-ci il tarixə əsas kredit borcu (tutulması tələb edilən məbləğdən bir qədər çox) 35.613,13 manat, faiz borcu (tutulması tələb edilən məbləğdən bir qədər az)15.011,76 manat təşkil edir. MPM-nin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə tərəflərin ekspertiza tərəfindən verilmiş və yuxarıda qeyd edilən rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmələrini, rəyin işin halları ilə təsdiqlənməsini, MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas kredit borcu ekspertiza tərəfindən verilmiş rəyində qeyd edilən məbləğdə deyil, iddia ərizəsində ifadə edilmiş məbləğdə, yəni 35.583,09 manat məbləğində, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə iddia ərizəsində ifadə edilmiş məbləğdə deyil, ekspertiza tərəfindən verilmiş rəydə göstərilən – 15.011,76 manat məbləğində müəyyən edilməlidir. Başqa sözlə, Bankın cavabdehlərə qarşı irəli sürülmüş və hazırki apellyasiya baxışının predmeti olan iddiası qismən təmin edilməlidir. Şərh olunanlara, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 noyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni "xxxx" ASC-nin ilk iddiasının həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı "xxxx" ilk iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16- 03-2015-YS-AAAF-RO saylı "xxxx" üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.583 (otuz beş min beş yüz səksən üç) manat 09 (doqquz) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 15.011 (on beş min beş on bir) manat 76 (yetmiş altı) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, rüsumun ödənilməsi üçün tutulmuş bank xidmət haqqının əvəzinin ödənilməsi məqsədi ilə 40 (qırx) qəpik, cəmi isə 50.625 (əlli min altı yüz iyirmi beş) manat 25 (iyirmi beş) qəpik məbləğində pul borcalan Cavabdeh1 və sonuncunun qeyd edilən "xxxx" üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. "xxxx" ASC-nin iddiasının qalan hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, qətnamənin qalan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" ASC-yə qarşı irəli sürdüyü “öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh MMC-nin özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin ilk iddia üzrə cavabdehlərə aid edilməsini və bu məqsədlə 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1321/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1321/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver