Məhkəmə qərarları › İş №2(103)-1323/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1323/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1323/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh Bankın xeyirinə 3648.21 USD əsas, 369.15 USD faiz, 13.98 USD cərimə, cəmi 4031.34 USD və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3648.21 USD əsas, 369.15 USD faiz borcunun, 05 USD cərimə borcunun, cəmi 4022.36 USD məbləğində borcun (məzənnə üzrə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq, ”xxxx” KB ASC-nin xeyirinə ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan verdiyi şikayət də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya ərizəçinin şikayətinin arqumentini əsassız hesab edərək qeyd edir ki, mülki işin materiallarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin surəti xx xxxx 2019-cu il tarixdə sifarişli məktubla “Azərpoçt” vasitəsi ilə göndərilmiş, həmçinin cavabdeh ərizəsində bildirmişdir ki, qətnamə ona göndərilsə də, o, qətnaməni itirmiş, axtarışları nəticəsiz qaldığından qətnaməni məhkəmədən təkrarən əldə etmiş, apellyasiya şikayəti ilə məhkəməyə təxminən 1 il 4 ayadək müddət keşdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-741/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar