Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1324/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin dəyişdirilməsi tələbi) Bakı şəhəri, 02 fevral 2023-cü il X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4360/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh rəsmi nikahından xx.xx.2010-cu il tarixdə X14 və xx.xx.2012-ci il tarixdə X9 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4510/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4510/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikahdan doğulmuş uşaqlar böyüyür və buna uyğun olaraq, onların saxlanma xərcləri də artır. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4510/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa görə təyin edilən 154 manat miqdarında aliment onların saxlanma xərclərini tam qarşılamır. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasına hər hansı maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Uşaqların maddi və mənəvi ehtiyaclarını təkbaşına qarşılamaq ona olduqca çətindir. Cavabdehdən tutulması tələb edilən məbləğ isə 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumudur. Göstərilənlərin nəzərə alınmasını və uşaqların saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4360/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4510/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X11)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, habelə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin miqdarının uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq, hesab etmişdir ki, alimentin məbləği artırılmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 76-cı, 78-ci, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyəti ilə məşğul olur və 450 manat məbləğində əmək haqqı alır. Bundan başqa hər hansı gəlirə malik deyil. Həmçinin, 26 aprel 2019-cu il tarixdə onunla X6 arasında nikah bağlanmış və həmin nikahdan da xx.xx.2019-cu il tarixdə X12 doğulmuşdur. Həyat yoldaşı işləmir. Ailədə yeganə işləyən odur. Lakin işə baxan məhkəmə bu amilləri nəzərə almamış, işə ədalətsizlik prinsipi nümayiş etdirilməklə baxmışdır. Məhkəmənin qətnaməsi icra edildiyi təqdirdə ona və ailə üzvlərinin bir ay yaşaması, qidalanması və digər xərclər üçün 64 manat pul qalır və məhz bu məbləğlə dolanmaq məcburiyyətindədirlər. Belə olan halda, xx.xx.2019-cu il təvəllüdlü X7 hüquqları kobud şəkildə pozulur, bu uşağın qidalanması, sağlamlığı qayğısına qalınması üçün xeyli məbləğdə vəsait tələb olunur. Lakin məhkəmə tərəfindən bu uşağın hüquqları nəzərə alınmamışdır. Həmçinin iddiaçı da bir valideyin kimi uşaqların maddi tələbatının ödənilməsində iştirak etməlidir. Belə ki, valideynlər uşaqların maddi tələbatlarının ödənilməsində bərabər hüquqlara malikdilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış, yaxşılaşma halı baş verməmiş, aliment miqdarının dəyişdirilməsi üçün əsas yaranmamışdır. Lakin məhkəmə tərəfindən qeyd etdiyi faktlar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
15. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu bir neçə dəfə artırılmış və 2022-ci ildə bir uşaq üçün 193 manat təşkil etmişdir. Cavabdehdən hər uşaq üçün tutulan aliment miqdarı artıq 2019-cu ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (160 manat) uyğun olmamışdır. Bununla belə, 154 manat miqdarında aliment hazırda uşaqların maddi baxımdan təmin edilməsi üçün yetərli deyil. Cavabdehin hazırda digər şəxslə nikahda olması və həmin nikahdan bir uşağının da doğulması, habelə cavabdehin 450 manat məbləğində əmək haqqı alması onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların ən azı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu həddində maddi baxımdan təmin edilməsi və zaman keçdikcə artan tələbatlarının qarşılanmasında iştirak etməsi vəzifəsindən azad etmir. Xüsusilə nəzərə alınmalıdır ki, hazırki mübahisəyədək cavabdehin hər ay ümumilikdə 308 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır. Hüquqi nəticə etibarı ilə cavabdeh ödədiyi məbləğdən əlavə olaraq hər ay (386-308 = 78) ümumilikdə 78 manat məbləğində ödəniş etməlidir. Digər tərəfdən cavabdehin hazırki nikah üzrə ailə üzvlərinin, o cümlədən uşağın maddi təminatı ilə bağlı hər hansı çətinliklərlə üzləşməsi hər hansı mötəbər sübutla təsdiq edilmir. Cavabdehin (450-308 = 142) 142 manata güvənib yenidən nikaha daxil olması və həmin vəsait hesabına hazırda həyat yoldaşını və uşağını təmin etməsi də inandırıcı deyil. Bu da öz növbəsində hazırki nikahdan doğulmuş uşağın yaşayış minimumu səviyyəsində təminatının olmasına dəlalət edir. Belə olan halda, qeyd edilən 78 manat həm cavabdehin hazırki ailəsinin maddi təminatına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərmiş olmayacaq, digər tərəfdən də uşaqların maddi təminatında bərabərliyin təmin edilməsinə xidmət edəcəkdir.
16. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir.
17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (386x12=4.632 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. 18.Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4360/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.