Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1325/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e- 2(008)-5477/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2022ci il tarixdə AKX-04542xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur - PQ-4, izolə edilmiş və açıq şəraitdə qoyulmuş su qızdırıcı kolonkalar/qeyri standart, dəmir peç. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İddiaçının əməkdaşları tərəfindən Cavabdeh barəsində aşağıdakı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 24624 kub metr qaza görə 2462,40 manat (sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir). Hazırda iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə hesablanmış borcun 2420,50 manat hissəsinin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2420,50 manat məbləğində zərərin və 44.21 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2464,71 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə AKX-04542xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2420,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2(008)- 5477/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 43,20 manat məbləğində zərər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 14,21 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin 2 avadanlığı qeydiyyata alınmışdır-PQ-4 və qızdırıcı radiator peçi. xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 24624 kub metr qaza görə 2462,40 manat zərər aşağıdakı qaydada hesablanmışdır: PQ4-ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 24 saat x 270 gün = 7776 kub metr, Kombinin maksimal saatlıq sərfi 2,6 kub metr x orta iş rejimi 24 saat x 270 gün = 16848 kub metr, cəmi 24624 kub metr. Məhkəmə hesab etmişdir ki, hesablama səhv olmuşdur. Akt tərtib edilən zaman qaydalarda zərərin hesablanma qaydası nəzərdə tutulmadığından və iddia xx.xx.2023-cü ildən sonra verildiyindən (dəyişikliyin edildiyi), hesablama məhz Qaydaların 6.5-3-cü bəndinə əsasən hesablanmalıdır (İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır). Göründüyü kimi, iddiaçının əməkdaşları tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla hesabat aparılmışdr. Bundan başqa, Qaydaların 6.5-1.3-cü bəndi pozularaq, istehlakçıda olmayan kombi üçün hesabat aparılmış, müqavilədə qeyd olunan digər avadanlıqlar üzrə hesabat aparılmamışdır. Bundan başqa, qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixinin məhz 270 gün əvvəl olduğuna dair sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, saldodan son baxışın 2020-ci ilin noyabr ayında keçirildiyi görünür, belə ki, 2020-ci ilin noyabr ayında cavabdeh tərəfindən 82 kub metr qaz sərfiyyatına görə 8,20 manat sərfin məbləği hesablanmışıdr. Odur ki, məhkəmə hesab etmişdir ki, zərərin hesablaması yalnız PQ4 üçün sutkanın 12 saatı və 30 gün nəzərə alınmaqla hesablanmalıdır, belə ki, hər ay qazın sərfi saldoda əks etdirildiyindən baxışın 30 gün əvvəl keçirildiyi nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, zərərin hesablanması aşağıdakı qaydada aparılmalıdır: PQ4ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 12 saat x 30 gün = 432 kub metr üçün 43,20 manat zərər. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməklə, 43,20 manat zərər tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Cavabdehin qanunsuz hərəktləri nəticəsində o, 43,20 manat məbləğdə əsassız varlanmış, iddiaçı isə bunun əsasında zərərə düşmüşdür. İddiaçı tərəfindən məhkəməyə iddiaçının adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 2424,5 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir. Məhkəmə həmin ərizə ilə bağlı hesab etmişdir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. İddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan da başqa, cavabdeh gözdən əlildir, o, imzaladığı sənədi oxumaq iqtidarına malik deyil. Cavabdehin özünün də bildirdiynə görə, o, sayğacın dəyişdirilməsi ilə əlaqədar hansısa sənədə imza atmışdır. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2 pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da akt tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Bundan sonra isə xx.xx.2022-ci il tarixində cavabdeh İddiaçı İByə ərizə ilə müraciət edərək hesablanmış dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi istehlakçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq akt tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbinin tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirildiyi halda, həmçinin də cavabdehin borcun etirafına dair ərizəsinin olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini qismən təmin etmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyriqanuni istifadə faktını tanımış, lakin həmin faktla bağlı tərtib edilmiş akt üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Bundan başqa istehlakçıya aid olan abonent koduna hesablanmış məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əməkdaşları tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 24624 kub metr qaza görə 2462,40 manat (sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir) hesablanmışdır. Hazırda iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə hesablanmış borcun 2420,50 manat hissəsinin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi baxışı zamanı isə cavabdeh həmçinin bildirmişdir ki, cəmi bir ay kənar xətdən istifadə etmiş, ona hesablanan zərər hədsiz dərəcədə yüksəkdir. Göründüyü kimi, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması onun etirafı ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən borcun məbləğinin hesablanması üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 24624 kub metr qaza görə 2462,40 manat zərər aşağıdakı qaydada hesablanmışdır: PQ4-ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 24 saat x 270 gün = 7776 kub metr, Kombinin maksimal saatlıq sərfi 2,6 kub metr x orta iş rejimi 24 saat x 270 gün = 16848 kub metr, cəmi 24624 kub metr. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki vəziyyətdə hesablamanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2 6.5-3-cü bəndinə əsasən aparılması barədə mövqeyi düzgün olmuşdur. Çünki akt tərtib edilən zaman Qaydalarda zərərin hesablanma qaydası nəzərdə tutulmamışdı və iddia xx.xx.2023-cü ildən sonra verildiyindən (dəyişikliyin edildiyi), hesablama məhz Qaydaların 6.5-3-cü bəndinə əsasən hesablanmalıdır. (İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır). İş materiallarında olan aktdan göründüyü kimi, iddiaçının əməkdaşları tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla hesabat aparılmışdr. Həmçinin cavabdehin 2 avadanlığı ( PQ-4 və qızdırıcı radiator peçi) qeydə alınsa da istinad edilən Qaydaların 6.5-1.3-cü bəndi pozularaq, istehlakçıda olmayan kombi üçün hesabat aparılmış, müqavilədə qeyd olunan digər avadanlıqlar üzrə hesabat aparılmamışdır. Bundan başqa, qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixinin məhz 270 gün əvvəl olduğuna dair sübut məhkəməyə təqdim edilməmişdir. Saldodan isə son baxışın 2020-ci ilin noyabr ayında keçirildiyi görünür, belə ki, 2020-ci ilin noyabr ayında cavabdeh tərəfindən 82 kub metr qaz sərfiyyatına görə 8,20 manat sərfin məbləği hesablanmışıdr. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, zərərin hesablaması yalnız PQ-4 üçün sutkanın 12 saatı və 30 gün nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, hər ay qazın sərfi saldoda əks etdirildiyindən baxışın 30 gün əvvəl keçirildiyi nəzərə alınmalıdır və zərərin hesablanması aşağıdakı qaydada aparılmalıdır: PQ4-ün maksimal saatlıq sərfi 1,2 kub metr x orta iş rejimi 12 saat x 30 gün = 432 kub metr üçün 43,20 manat zərər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması nəticəsində böyük məbləğdə ziyan vurulmasını bildirsə də bu barədə mötəbər sübutlar təqdim etməmiş, işin qeyd olunan halları ilə vurulmuş zərərin - 43,20 manat olması müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2(008)- 5477/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə