Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1327/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2168/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)- 458/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 31 oktyabr 2006-cə il tarixdə Səadət sarayında bağlanmış və 3353 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan 14 oktyabr 2009-cu il təvəllüdlü X4 və 07 fevral 2012-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, Cavabdeh 07 noyabr 2017-ci il tarixdən başlayaraq 14 oktyabr 2009-cu il təvəllüdlü X4 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Hazırda İddiaçı 14 oktyabr 2009-cu il təvəllüdlü X4 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilən alimentin məbləğinin artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh uşaqların saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müəyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılması hesab edir ki, məqsədə müvafiqdir. Həmçinin, 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Odur ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq hər bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurət təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2168/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 154 (yüz əlli dörd) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, 14 oktyabr 2009cu il təvəllüdlü X4 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 31.04 (otuz bir manat dörd qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Belə ki, xx.xx.2017-ci il tarixdən heç bir yerdə işləməmişdir. Bunu təsdiq edən xx.xx.2019-cu il tarixli arayış da əlavə edilir. Göstərilən tarixdə işləmədiyindən həmin aliment məbləğini ödəyə bilməmiş və kifayət qədər artıq borc yaranmışdır. xx.xx.2024-cü il tarixdən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətində işə başlamış və hazırda əmək haqqı 520 manat təşkil edir. Bundan başqa, alimentlə bağlı yaranmış 7371 manat borcu ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru borc məbləği bitənədək hər ay 70% miqdarında, borc bitdikdən sonra isə icra sənədində göstərilən qaydada tutularaq tələbkarın bank hesabına köçürülməsinin təmin edilməsi üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə məktub göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, aylıq əmək haqqı 520 manat təşkil edir və əlavə qazanc yeri yoxdur. Hal-hazırda ailədə yeganə qazanc gətirən şəxsdir və həmin qazancı ilə öz ailəsini çətinlikə dolandırır. Hazırki qəbul edilmiş qətnamə onu çıxılmaz vəziyyətdə qoymaqdadır. Belə ki, 2018-ci il tarixində təyin edilmiş aliment məbləğini, həmin aliment üzrə yığılan borcu çətinliklə ödəyir və hal hazırki qətnamə ilə təyin edilmiş aliment məbləğini ödəyə bilməyəcəyək. Bunun nəticəsində isə məsuliyyətə cəlb olunmaq təhlükəsi ilə üzləşərək 2018-ci il tarixində təyin edilmiş aliment məbləğini də ödəyə bilməyəcək. Hər ay 400 manat məbləğində alimenti ödəmək iqtidarında deyil və bu hal onun üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli halların mövcud olması müəyyən edilməlidir. Lakin məhkəmə onun əmək haqqısının və maddi vəziyyətində hər hansı bir artmanın olmadığı təqdirdə aliment məbləğini artımışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə, alimentin miqdarı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması meyarını nəzərə alaraq hesab edir ki, alimentin məbləği cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləğində 200 manat olmaqla cəmi 400 manat müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Alimentin məbləğinin ödənməsində çətinlik çəkməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu 14 oktyabr 2009-cu il təvəllüdlü X8 və 07 fevral 2012-ci il təvəllüdlü X1 və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki vəziyyətdə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın iddiaçının üzərindədir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehin dəlillərini əsassız hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1 bəndinə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göründüyü kimi hazırki vəziyyətdə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla minimum əmək haqqına münasibətdə müəyyən edilməlidir. Belə ki, iddiaçı 2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin il üzrə minimum əmək haqqı isə 345 manat müəyyən edilmişdir. 2025-ci il üçün isə bu məbləğ 400 manat müəyyən edilmişdir. Hazırda alimentin məbləği minimum əmək haqqı məbləğininin 400 manat müvafiq misli həddinə müəyyən edilməli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla hər uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (200:400=0,5) mislində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarından görünür ki, 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, Plenum qərarının tövsiyələrinə əsasən alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalı idi, əvvəlki qanunvericiliyin tələblərinə əsasən alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal deyil, qanuni qüvvəsini aldıqdan sonra icra edilən qətnamələrin sırasına aid edilmişdir. Lakin məhkəmə kollegiyası həm cavabdehin mənafeyini (maddi vəziyyətini) həm də, iddiaçının birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə artırılmış alimentin məbləğinin tutulma tarixi məhkəməyə müraciət edildiyi vaxtdan, yəni, 01 oktyabr 2024-cü il tarixdən deyil, hazırki apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla hər uşaq üçün 2025-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,5 mislində müəyyən edilməli, həmçinin alimentin bu məbləği hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2168/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. 14 oktyabr 2009-cu il təvəllüdlü X6 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(009)-458/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 154 (yüz əlli dörd) manat alimentin həcmi dəyişdirilərək, 14 oktyabr 2009-cu il təvəllüdlü X6 və 07 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov