Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1329/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak və pul» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı «əmlak və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32.500 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 26.000 manat məbləğində olan qızıl-zinət əşyalarının naturada və ya pulla dəyərinin, müalicə adı ilə iki dəfəyə aldığı 1.500 manat (500 manat + 1000 manat) borc pulun, həmçinin, iki dəfə cərrahiyyə əməliyyatına ödədiyi 5.000 manat (2.500 manat + 2.500 manat) məbləğində pul vəsaiti olmaqla, cəmi 32.500 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə yaxın münasibətdə olmuşdur. Bir-birilərinin problemlərinin həllində qarşılıqlı surətdə yardımçı olmuşlar. 2010-cu ilin ortalarından təxminən 2011-ci ilin sonunadək ondan bir sıra qızıl-zinət əşyalarını götürmüş və tezliklə qaytaracağını bildirmişdir. Bu qızıl-zinət əşyalarını lombarda qoyub, pul vəsaiti götürüb övladının toyunu etmək üçün istəmişdir. Övladının toyunu etdikdən sonra, cavabdehdən əşyaların geri qaytarılmasını bildirsə də, ona şirin vədlər vermiş, o da sonuncuya inanmışdır. Artıq onun çətin vəziyyətə düşdüyünü görən cavabdeh, 2013-cü ilin ortalarında borca götürdüyü qızıl-zinət əşyaları barədə öz dəsti-xətti ilə belə bir qəbz yazmışdır: «Mən Cavabdeh yazıb bildirirəm ki, İddiaçı 583 əyarlı 200 qram qızıl, 58 qram 750 əyarlı qızıl borcluyam. Bundan əlavə 170 qram 583 əyarlı qızıl borcluyam». Həmin qəbzi ikisi və onun yaxın tanışı, əslən Ağcabədi rayonundan olan, Mehdi adlandırdığı Nəcəfov soyadlı şəxs də imzalanmışdır. Həmin vaxt sadalanan qızıl-zinət əşyalarının dəyəri 26.000 manat civarında olmuşdur. Bir müddət keçəndən sonra, qızıl-zinət əşyalarının qaytarılmadığını görüb, o, əşyaların əvəzinə, onun pulla dəyərinin hissə-hissə olsa da ödənilməsini bildirdikdə, Laləzar İsmayıllı rayonu, Torçu kəndində oğlunun adına olan torpaq sahəsini satıb pulu verəcəyini vəd etmişdir. Aralarında olan inam hələ itmədiyindən, cavabdeh onu İsmayıllı rayonuna aparıb, Topçu kəndində olan torpaq sahəsini və onunla bağlı sənədləri də göstərmişdir. Bununla bərabər, Laləzar ondan özünün də səhhəti ilə əlaqədar tibbi müayinə olunması üçün birinci dəfə 500 manat və sonra isə 1.000 manat əlavə borc almışdır. Bir müddət keçdikdən sonra yığılıb qalmış borclarını hissə-hissə ödəmək üçün müvafiq iş sahəsində işləyə biləcəyini bildirdiyindən, sonuncuya «Sədərək» TM-də tanışının olduğunu və mağazada işləmək üçün həmin şəxsdən xahiş edəcəyini bildirmişdir. Laləzarın işi düzəlmiş və o, mağazada işləməyə başlamışdır. Buna baxmayaraq, cavabdeh onun pul vəsaitini qaytarmamışdır. Lakin o, işlədiyi mağazada da mübahisə yaratmış, oradan da çıxıb getmişdir. Artıq o, başa düşmüşdür ki, Laləzar ondan borca aldığı qızılzinət əşyalarını və pul vəsaitini geri qaytarmaq fikri yoxdur. O, maddi cəhətdən artıq ziyana düşdüyünü başa düşsə də, sonda torpaq sahəsini satıb pulunu qaytarmasını cavabdehin xalasının xahişi və işə müdaxilə etməsi ilə təkrar olaraq inanmışdır. O, cavabdehlə yaxın münasibətdə olduğundan, cavabdehin hərəkətləri barədə polis orqanlarına şikayət etməmişdir. Lakin, Laləzar ona olan əmlak və pul borcunu qaytarmaq əvəzinə, 2020-ci ilin yanvar ayında Qaradağ RPİ 10-cu PB-yə ondan şikayət etmişdir. Guya ki, o, cavabdehi borcu qaytarmadığına görə hədələmişdir və bu hərəkətlər hələ də davam edir. O, artıq başa düşmüşdür ki, Laləzar onun etibarından sui-istifadə edərək, ona məxsus olmuş, özünün də etiraf etdiyi qızıl-zinət əşyalarını və pulu qaytarmamaq məqsədi ilə haqsız olaraq polis orqanlarına şikayət etmişdir. O, 10-cu PB-də izahatını yazmışdır və bundan sonra, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin hərəkətlərinin nəticəsi olaraq bu günə qədər ona vurulmuş maddi zərərin ödənilməsi barədə məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Laləzarın belə hərəkətləri onu mənəvi cəhətdən sarsıtmış, o, psixoloji cəhətdən stress keçirmiş, səhhətində problemlər yaranmış və nəticədə onkoloji xəstəlik tapmışdır və iki dəfə cərrahiyyə əməliyyatına məruz qalmışdır. Hər cərrahiyyə əməliyyatına isə 2.500 manat olmaqla, cəmi 5.000 manat pul vəsaiti xərcləmişdir. Ambulator müalicələr isə davam edir. Hesab edir ki, cavabdehin hərəkətləri ucbatından o, bu vəziyyətə düşmüşdür. Ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur ki, maddi ziyanın ümumi məbləği 32.500 manat, mənəvi ziyan 10.000 manat təşkil edir. Həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiyi kimi, cavabdehlə vurulmuş ziyanın ödənilməsi barədə məhkəmədən kənar şəkildə heç bir razılaşma mümkün olmamışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 16.820 manat borc, 500 manat mənəvi ziyan və ödənilmiş 25 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Kamran Əsədov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və borc məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X4 3000 manat məbləğində nağd pul vermişdir. X6 cavabdehdən faiz hesabı ilə əsassız və qanunsuz olaraq pul almaq istəmişdir. 2004-2005-ci il tarixdən cavabdeh ondan borc pul alanda qızıl “6 şirvan” dəyərində idi. X1 cavabdehin ödədiyi pulları borc pula deyil, faizə çıxmışdır. X2 iddiasında əsaslandırdığı cavabdehin lombarda qızıl qoymağı tamamilə yalandır. Cavabdeh qeyd etmişdir ki, heç vaxt lombarda qızıl qoymamış. Alver etmək adı ilə ondan qızıl almışdır. 15 il bundan əvvəl qızılın dəyərini indiki dövrə əsasən hesablamış, onun üzərinə saxta borclar yığmışdır. Cavabdehin kartı hər zaman X3 olmuşdur, daimi olaraq kartındakı pullardan istifadə etmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Konstitusiyanın 60, Mülki Prosessual Məcəllənin 384, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş sadə yazılı formada tərtib olunmuş qəbzlərdən (alınıb verilmiş qızıl əşyaları, onların dəyəri və s. ilə bağlı hesabat) müəyyən olunur ki, hazırkı iş üzrə Cavabdeh İddiaçı müxtəlif əyarlı qızıl və brilyant əşyalar almış, müxtəlif vaxtlarda ödənişlər etmiş və 16.820 manat borcu qalmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya iş materiallarına əsasən müəyyən edir ki, hazırki iş üzrə Cavabdeh sadə yazılı formada qəbz imzalayaraq iddiaçıya 583 əyarlı 200 qram qızıl, 750 əyarlı 58 qram qızıl, 583 əyarlı 170 qram qızıl borclu olduğunu bildirmişdir. Tərəflər qeyd edilən qəbzi imzalamaqla kredit müqaviləsi üçün nəzərdə tutulmuş öhdəlik götürmüşlər. İddiaçı həmin öhdəlik üzrə üzərinə düşən vəzifəni – qızıl-zinət əşyalarını cavabdehə versə də, cavabdeh borcu qaytarmaq öhdəliyini yerinə yetirməmiş, bununla da tərəflər arasında olan razılaşmanın və Mülki Məcəllənin tələblərini pozmuşdur. Bu hal həm də onunla təsdiq olunurki, cavabdeh apellyasiya şikayətində borcunun olmasını inkar etməmiş və onun azaldılmasını xahiş etmişdir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinin maddi zərərin 16.820 manat və mənəvi zərərin 500 manat ödənilməsi hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan əlyazmalardan (i.v. 45) görünür ki, cavabdehin 16.820 manat borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında kollegiya qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etmək üçün qızıl-zinət əşyalarının fotoşəkillərinin təqdim edilməsi imkanın olub-olmaması məsəsləsini araşdırmış, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə qızıl-zinət əşyalarının fotoşəkillərini təqdim etmə imkanının olmadığını bildirmişdir. Belə olan halda, ekspertizaya təqdim edilmək üçün tədqiqat obyekti təqdim edilmədiyindən və iş materiallarında mövcud olmaması səbəbindən kollegiya ekspertiza təyin edilmə imkanının olmaması qənaətinə gəlmişdir. Cavabdehin karının hər zaman İddiaçı olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilmədiyindən kollegiya apellyasiya şikayətinin həmin dəlilinə əsassız hesab edir. Mənəvi zərərlə bağlı iddia tələbinə münasibətdə kollegiya hesab edir ki, cavabdehlə iddiaçı arasında borc münasibətləri kifayət qədər uzun müddət öncə - 2010-cu ildə yaranmış, cavabdeh borcun qalıq məbləğini tam şəkildə ödəməmiş və iddiaçı mülkiyyətindən istifadə etməkdən uzun müddət ərzində məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi) iztirablar və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X7 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə X11 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin faktiki hallarına əsasən, İddiaçı mülkiyyət hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması, ona qarşı törədilən qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması aşkardır. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun tutulması tələbinə dair hissədə iddianı qismən təmin edərək, vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 357-398 maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-993/2020saylı xx.xx.2020cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1329/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1329/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver