Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1331/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddia, İddiaçı Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maneənin aradan qaldırılması, özbaşına tikilmiş pəncərənin bağlanması ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən ünvansız fərdi yaşayış evi ilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış (tikilmiş) hündürlüyü 10 metr, eni 10 metr olan metal lövhələrdən ibarət olan mülkiyyət hüququnun pozulmasına səbəb olan maneənin (hasarın) cavabdehin vəsaiti hesabına aradan qaldırılması (sökülməsi), ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «qanunsuz tikilmiş pəncələrin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının rədd edilərək, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 3-cü massivdə yerləşən, 642 H saylı evin onun həyətinə baxan pəncərələrinin hörülərək tamamilə bağlanması və onun həyətinə müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onun əsaslandırılmışdır ki, o, 2013-cü ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 642 H ünvanında alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi alaraq, fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra 2017-ci ildə çıxarış və ünvan almışdır. Evinin arxasında yaşayan Cavabdeh ilə aralarında qanunverciliyə uyğun olaraq, 2 metr 20 sm hündürlüyündə daş hasar hələ o, torpaq sahəsini almamışdan öncə çəkilmişdir. Ev tikintisindən sonra Cavabdeh qeyri-qanuni olaraq onun həyətinə tərəf baxan pəncərələrin bağlanmasını tələb etmişdir. Qeyd edir ki, onun evinin pəncərələri də onun həyətinə baxır. Badamdar qəsəbəsində bir-birinin həyətinə baxmayan ev pəncərəsi olmadığını, onların ümumiyyətlə onun həyətinə baxmadığını bildirməyinə baxmayaraq o, bununla razılaşmamışdır. 2021-ci ilin sentyabr ayının 20-dən sonra ƏyyubZeynalov onun evinin pəncərələrinin qarşında 5 ədəd iri dəmir turbalar basdırmış, onların arasını metal lövhələr ilə örtmüş və pəncərələrinin qarşısını tam bağlamışdır. Cavabdehin inşa etdiyi həmin tikili evinin 1-1.5 metrliyində olmaqla 1-ci, 2-ci və 3-cü mərtəbələrinin pəncərələrinin qarşısını kəsmiş, evin 3 otağına, qaraja və qazanxanaya gələn günəş işığı tamamilə kəsmiş, nəticədə evdə rütubət yarandığından otaqlardan istifadə yararsız hala gəlmişdir. 3-cü mərtəbədə isə görünüş dairəsi məhdudlaşmışdır, digər mərtəbələrlə birlikdə qaranlıq yaranmışdır. Dəfələrlə bu barədə cavabdehdən hasarın sökülməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, cavabdeh iradlarına məhəl qoymayaraq qanunsuz tikintini sökməmişdir. Eyni zamanda hasar dəmirdən olduğu üçün külək əsəndə güclü səs yaranır ki, bu da onlar üçün mütəmadi olaraq əlavə narahatçılıq yaradır. Tikinti getdiyi müddətdə və ondan sonra dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də də bir faydası olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli XO-02-04-PA/B-58/2- ********* nömrəli cavab məktubundan göründüyü kimi, Ə.Əzizov tərəfindən qanunsuz hasarın tikintisi və quraşdırılması işləri icazəsiz aparılaraq şəhərsalma qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, Ə.Əzizov 10-11 metr hündürlüyündə hasarı çəkmək üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə almalı idi. Lakin, o, belə icazə almadan qanunsuz tikinti işləri aparmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 32-ci məhəllədə 2 sot torpaq sahəsi çıxarışla adına rəsmiləşdirmiş və həmin torpaq sahəsində bütün tikinti normalarına riayət edilməklə ev tikmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus torpaq sahəsinin yanındakı torpaq sahəsini İddiaçı almış və həmin ərazidə ev tikməyə başlamışdır. Ev tikilən zaman evin şəhərsalma və tikinti normalarına uyğun olmadığını görüb bu barədə ona dəfələrlə xəbərdarlıq etmişdir. Hətta pəncərələrin onun həyətinə düşən hissədə tikilməməsini xahiş etsə də, cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır. Bu barədə dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər etsə də, müraciətləri cavablandırılmamışdır. Son zamanlarda qonşunun onun həyətinə baxan pəncərə qoyması, onu və ailə üzvlərini narahat edir. O, özünə məxsus həyətyanı sahədən ailə üzvləri istirahəti üçün istifadə edə bilmir. Hətta həmin pəncərələr onun evinin içini belə göstərdiyindən, o, evində də rahatlıqla hərəkət edə bilmir. Bütün bunlar onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnun və insan azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır. Cavabdeh tərəfindən heç bir hüquqi əsaslar olmadan və tikinti normalarına riayət edilmədən ev tikilmiş, onun həyətinə pəncərə qoyulmuşdur.
1. Səbail Rayon Məhkəməsinin 2(009)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə ilkin iddia təmin edilərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət maneə - hasarın Cavabdeh vəsaiti hesabına aradan qaldırılması – sökülməsi qərara alınmış, qarşılıqlı iddia rədd edilmişdir.
2. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh şikayətində qeyd etmişdir ki, məhkəmə müvafiq qurumların məktubuna və ekspert rəyinin mötəbərliliyinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir, buna görə də şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 3-cü şəxslər müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli XO-02-04-PA/B-58/2-202104017 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə bitişik, ara məsafəsi gözlənilmədən qonşusu tərəfindən tikilmiş dəmir hasarın sökülməsinə dair müvafiq göstərişin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitşsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı X1 məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 H ünvanındakı fərdi yaşayış evinin mövcud pəncərələrinin 1,5 metrliyində qonşusu Cavabdeh tərəfindən quraşdırılmış hündürlüyü 10 metr olan metal lövhələrlə bağlandığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi, nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat təqdim edilməsi bildirilmişdir.
8. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 01 fevral 2022-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvana yerində baxış keçirilmiş və lazımi izahatlar verilmişdir. İki qonşu arasındakı münasibət mübahisə xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 saylı sahə/0,02 ha torpaq sahəsi Cavabdeh tərəfinədn ipotekanın əlavə qeydiyyatı ilə xx.xx.2016-cı il tarixdə X2 xeyrinə yüklü edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli rəyindən görünür ki, tədqiq olunan ünvanda yerləşən yaşayış evləri arasındakı sərhəd hasarının hündürlüyünün 2,35 metr, həmin hasara bitişik, iddiaçıya- məxsus yaşayış evinin pəncərələrinin qarşısında metal konstruksiyalardan inşa edilmiş lövhənin eni 9,0 metr, hündürlüyü 5,5 metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1. bəndinin və Tikinti Norma və Qaydaları 2.08.01,89*-un 1.3., 1.4. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) inşası nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinin həmin hissədə yerləşən otaqlarına düşən təbii işığın və havalanmanın qarşısının alındığı müəyyən olunur. Baxış zamanı İddiaçı mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edildiyi və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim R.Eyvazov) ilə Səbail Rayon Məhkəməsinin icraatın dayandırılması ilə bağlı 2(009)-62/23 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadı ləğv edilmiş və qərardadda hazırki işin Bakı İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Səbail Rayon İH və 3-cü şəxs R.Balakşiyevaya qarşı “texniki pasportda dəyişiklik aparılmasının həvalə edilməsi” tələbinə dair inzibati işdən asılılığı və bağlılığının olmaması müəyyən olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir .
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
16. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə ilkin cavabdehin şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, mülki iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçının yaşayış evinin pəncərələrinin onun həyətinə baxması və bunun qanunsuz olması əsası ilə öz həyəti ilə iddiaçının həyətini ayıran hissədə metal löhvələr quraşdırmışdır. Hazırda iddiaçı həmin metal löhvələrin onun mülkiyyətindən rahat və qanuni istifadəsinə maneə törətdməsini iddia edərək cavabdehin hesabına sökülməsini tələb edir. Cavabdeh də iddiaçının evinin yaşayış evinin şəhərsalma və tikinti normalarına uyğun olmayan şəkildə inşa edilməsi, tikinti işləri aparılan zaman bu barədə qarşı tərəfi xəbərdar etməsi, cavabdeh tərəfindən buna məhəl qoyulmaması, bu barədə dəfələrlə müvafiq yerli icra hakimiyyəti orqanlarına müraciətlər etsə də, müraciətlərinin cavablandırılmaması, qonşunun pəncərələrindən onun həyətinin və evinin içinin görünməsi onu və ailə üzvlərini narahat etməsi, özünə məxsus həyətyanı sahədən ailə üzvlərinin istirahəti üçün istifadə edə bilməməsi kimi hallara istinad edərək pəncərələrin hörülərək tamamilə bağlanması və onun həyətinə müdaxilələrin aradan qaldırılmasını xahiş etmişdir.
19. Mülki işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3- cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus həmin ünvanda olan 642H saylı fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneə (hasar) AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyil və həmin quraşdırılmış metal lövhələrdən ibarət olan maneə (hasar) iddiaçının evinin otaqlarına düşən təbii işığın və havalanmanın qarşısının alır. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, ev mövcud vəziyyətdə çıxarış və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edilmiş, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələr texniki pasportun göstəriciləri ilə üst-üstə düşür.
20. Bununla da müəyyən olunur ki, cavabdeh tərəfindən hər iki ev arasında quraşdırılmış metal lövhələr iddiaçının öz evindən sərbəst istifadəsinə maneə yaradır, həmçinin iddiaçıya məxsus ev hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş ərazidə inşa olunmuş və cavabdehin həyətinə baxan pəncərələr texniki göstəricilərlə üst üstə düşür. Bu baxımdan da, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz.
21. Bundan başqa, cavabdeh tərəf təkrar ekspertizanın təyin edilməsini xahiş etsə də, iş üzrə verilmiş ekspert rəyininin mötəbərliliyini şübhə altına ala biləcək, əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut verə bilməmişdir.
22. Kollegiya cavabdeh tərəfin icraatın dayandırılmasına dair vəsatəti ilə bağlı isə qeyd edir ki, qətnamənin 12-ci bəndində qeyd edildiyi kimi, Səbail Rayon Məhkəməsi hazırki iş üzrə icraatı 17 avqust 2023-cü il tarixli qərardadla Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə bağlı dayandırmışdır, həmin qərardaddan iddiaçının verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmuş, mülki işlə inzibati işin əlaqəli olmadığı müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı ləğv edilmişdir. Bu səbəbdən də, hazırki mərhələdə cavabdehin verdiyi eyni əsaslara dair vəsatət əsassız olduğundan kollegiya tərəfindən təmin edilməmişdir. Nəticə:
23. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini təmin, qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-62/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov