Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1332/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin vəkili və nümayəndəsi Emin Məmmədovun, cavabdehin nümayəndəsi (bacısı) Ellada Quliyevanın iştirakı ilə, İddiaçı cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdeh məşğul olduğu biznes fəaliyyəti ilə əlaqədar Türkiyəyə mal aparıb. İddia olunur ki, xx.xx.2018-ci tarixdə o, özünə məxsus olan malları Türkiyəyə aparmaq məqsədilə Heydər Əliyev adına X1rkən Hava Limanının 1 №-li Terminalının 1-ci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-RAY monitorunda yoxlamadan keçən, Bakı-İstanbul aviareysinin sərnişini olan iddiaçıya məxsus əl çantasını öz çantası kimi götürərək Türkiyəyə aparıb. İddia olunur ki, həmin çantanın içərisində iddiaçıya məxsus 12.500 ABŞ dolları və 230 manat məbləğində pul olub. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə X5 İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin “xeyli miqdarda ziyan vurmaqla oğurluq” cinayətinə görə məsuliyyət müəyyən edən 177.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, cavabdeh təqsirləndirilən şəxs, iddiaçı isə zərər çəkmiş şəxs kimi tanınıb. Cavabdeh istintaqdan gizləndiyinə görə onun barəsində axtarış elan olunub və xx.xx.2018-ci il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılıb. Cavabdeh hal-hazırda Türkiyədədir. Tələb və onun həlli: İddiaçı həmin əl çantasının içərisində olan pulla bağlı iddia qaldırıb. İddia ərizəsində cavabdehdən tələb olunub: 1) zərərin əvəzi kimi 12.500 ABŞ dolları ödənilməsi, habelə həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 937,5 ABŞ dolları ödənilməsi; 2) zərərin əvəzi kimi 230 manat ödənilməsi, habelə həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 17,25 manat ödənilməsi; 3) vəkilə ödənilmiş xidmət haqqının əvəzi kimi 90 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat ödənilməsi. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 12.500 ABŞ dolları və 230 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Emin Məmmədov, cavabdehin nümayəndəsi (bacısı) Ellada Quliyeva bildirdlər ki, cavabdehin iddiaçıya məxsus pul məbləğini əldə etdiyini təsdiq edən sübut yoxdur, ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdi ki, qətnamə qanunidir, apellyasiya şikayəti rədd olunmalıdır. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. İddia ona görə rədd olunmalıdır ki, tələbin əsası kimi istinad olunan hal sübut olunmur. Tələb əl çantasının deyil, pulun qaytarılmasıdır. Şərti olaraq belə hesab olunsa ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar əl çantasının cavabdeh tərəfindən götürüldüyünü təsdiq edir. Belə halda sual əmələ gələcək ki, həmin çantanın içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pul olduğu hansı sübutlarla təsdiq olunur ? Bu, təsdiq olunmur. Əl çantasının içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pul olduğunu yalnız iddiaçı bildirir, bunu təsdiq edən mötəbər sübut yoxdur. İstintaq orqanının - X5 İdarəsinin İstintaq Bölməsinin cinayət təqibi üzrə qərarlarında (cinayət işi başlama, təqsirləndirilən şəxs kimi tanıma, zərər çəkmiş şəxs kimi tanıma və s.) 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun talanması qeyd olunsa da bu qərarlar məhkəmə üçün predyudisial əhəmiyyət daşımır. Mülki-Prosessual Məcəllənin preyudisiya müəyyən edən 82.4-cü maddəsində “cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar” deyiləndə məhkəmə qərarı nəzərdə tutulur. Türkiyəyə mal aparmaqda cavabdehə Hava Limanında kömək etmiş 2 şəxsin izahatı istintaq orqanı tərəfindən alınıb. Bu şəxslər Həsənli Aydan Zöhrab qızı və Cəfərova (Səlimova) Günel Hüseyn qızıdır. Onlardan birinin – X2 izahatından (iş v. 146-148) görünür ki, konveyer lentinin digər tərəfində yükün təhvil alınması zamanı birinci çıxan əşyanı – qəhvəyi rəngli qadın əl çantasını cavabdehə məxsus olduğunu zənn edərək götürüb və cavabdehə verib, çantanın içərisində nə olmasından xəbəri olmayıb. Digər şahid Həsənli Aydan Zöhrab qızının izahatından (iş v. 143-144) görünür ki, o, ümumiyyətlə əl çantası görməyib, X3 “WhatsApp” vasitəsilə onunla əlaqə saxlayaraq yüklərin içərisində bir ədəd qadın əl çantası olduğunu bildirərək həmin çantanın cavabdehin olub-olmadığını soruşub, o isə cavabdehin özündən soruşmağı məsləhət görüb. Türkiyəyə mal aparmaqda cavabdehə Hava Limanında kömək etmiş Cəfərova (Səlimova) Günel Hüseyn qızı hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilib. Onun ifadəsindən görünür ki, çantanı açmayıb və çantanın içərisində nə olduğunu görməyib. Həmin şahid ifadəsində daha sonra qeyd edib ki, Türkiyədən qayıdanda Hava Limanında onu saxlayıblar, polis əməkdaşları onun yanında cavabdehə zəng edərək telefonun səs ucaldanı vasitəsilə cavabdehlə danışıblar. Həmin vaxt cavabdeh telefonda deyib ki, pul ondadır, qaytaracaq (iş v. 159). Lakin bu məlumat iddianın təmin edilməsi üçün kifayət deyil. Belə ki, şahid pulun cavabdehdə olmasının deyil, pulun cavabdehdə olması barədə telefon vasitəsilə edilən etirafın şahidi olub. Cavabdehin etirafı bir şəxsin ifadəsi ilə müəyyən oluna bilməz. Pulun cavabdehdə olduğunu sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəf başqa sübut təqdim etməyib və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmayıb. Beləliklə, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi, yəni iddiaçıya məxsus 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun ələ keçirilməsi sübut olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənim 1096-cı maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, iddia əsassızdır, rədd olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatda preyudisial əhəmiyyət kəsb etməyəcək. Belə ki, Cinayət-Prosessual Məcəllənin 65.7-ci maddəsinə görə məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Göründüyü kimi “hadisənin olub-olmaması” ifadəsindən istifadə olunub. İddianın rədd edilməsi barədə qətnamə hadisənin olmamasını müəyyən edən qətnamə sayılmır. Əgər məhkəmə əl çantasının içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olmadığını qət etsəyidi, belə halda qətnamə hadisənin olmaması barədə qətnamə sayılardı. Hazırda məhkəmə bunu qət etmir, iddianı yalnız ona görə rədd edir ki, çantanın içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olub-olmadığını müəyyən etmək mümkün deyil, çünki iddiaçı tərəf bu barədə sübut təqdim etməyib. Sübutetmə məsələsinə münasibətdə mülki prosesin və cinayət prosesinin qaydaları fərqlidir. Ona görə də bu qətnamə çantanını içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olduğunu cinayət prosesinin qaydalarına uyğun olaraq müəyyən etməyə mane olmur. Bunun əksi baş versəyidi, yəni məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul etsəyidi, bu qətnamə çantanın içərisində həmin pulun olduğunu müəyyən edən qətnamə sayılacaqdı və cinayət təqibi üzrə icraatda preyudisial əhəmiyyət daşıyacaqdı. Bu isə onunla nəticələnəcək ki, 1 şəxsin (pulun cavabdehdə olması barədə telefon vasitəsilə edilən etirafın şahidi olan şəxsin) ifadəsi əsasında cavabdeh məhkum olunacaq. Çünki, qətnamə preyudisial əhəmiyyət daşıdığına görə cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə bununla bağlı (çantanın içərisində olan pulla bağlı) hər hansı araşdırma apara bilməyəcək, əgər aparsa bu, preyudisiyanın inkarı sayılacaq və qanuna zidd hesab olunacaq. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızına qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1332/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1332/2021
05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver