Məhkəmə qərarları › İş №2(103)-1334/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1334/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1334/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Məmmədov Yusif Məcid oğlunun, cavabdeh Hüseynov Zakir Əlihüseyn oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC cavabdeh Hüseynov Zakir Əlihüseyn oğluna qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Hüseynov Zakir Əlihüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov Zakir Əlihüseyn oğlundan xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Hoffmann Led markalı televizor, Sonorous Surefix asqı üçün 164 manat məbləğində ödənilməmiş hissə, 16 manat cərimə borcu, cəmi 180 manat məbləğində pul və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans- Paris dolab, Violetta-Yumsaq-Kunc-Sungerli, ametıst jurnal masa, dehliz dolabı parma mebel üçün 224 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 224 manat, ümumilikdə 404 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazada cavabdeh Hüseynov Zakir Əlihüseyn oğlu ilə bağlanmış xx.xx.2018-ci il tarixli 00309889 №-li olan alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 492 manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) dəyərində olan Hoffmann Led markalı televizor, Sonorous Surefix asqı satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş etməməklə məbləği hissə-hissə ödəmək şərti ilə 12 aya, hər ay üçün 41 manat olmaqla cəmi 492 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00537892 №-li olan alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 4324 manat (23 ay x 188 manat + 0 manat ilkin ödəniş) dəyərində olan Alyans-Paris dolab, Violetta-Yumsaq - Kunc - Sungerli, Ametıst Jurnal Masa, Dehliz Dolabı Parma mebel satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş etməməklə məbləği hissə-hissə ödəmək şərti ilə 23 aya, hər ay üçün 188 manat olmaqla cəmi 4324 manat ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, onun yalnız aldığı Hoffmann Led markalı televizora görə 164 manat məbləğində borcu qalmışdır. Belə ki, o aldığı mebələ görə ödəniş etməmiş və mebelleri iddiaçıya geri qaytarmışdır. Bununla belə iddiaçı həmin mebellərə görə ondan 224 manat məbləğində borc tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin kollegiyanın iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə izahatında göstərmişdir ki, cavabdeh sözügedən mebelləri xx.xx.2019-cu il tarixdə aldıqdan sonra ödənişlər etməmiş və buna görə də mebel dəsti geri qaytarılmışdır. Hazırda mebelə görə cavabdehdən tələb olunan məbləğ onun mebelden itifadə etdiyinə görə məruz qaldığı amortizasiya məbləğidir. Belə ki, mebəl dəstinin dəyəri 4324 manat olmuş, lakin geri qaytarılan mebel dəsti 4100 manat məbləğində qiymətləndirildiyindən, arada yaranan fərq cavabdehdən tələb olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh Hüseynov Zakir Əlihüseyn oğlundan xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans-Paris dolab, Violetta-Yumsaq-Kunc-Sungerli, ametıst jurnal masa, dehliz dolabı Parma mebel üçün 224 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 224 manatın tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin “Cavabdeh Hüseynov Zakir Əlihüseyn oğlundan xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Hoffmann Led markalı televizor, Sonorous Surefix asqı üçün 164 manat məbləğində ödənilməmiş hissə, 16 manat cərimə borcu, cəmi 180 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi” hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00537892 №-li alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə Hüseynov Zakir Əlihüseyn oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00537892 №-li müqaviləyə əsasən “xxxx” MMC Hüseynov Zakir Əlihüseyn oğluna hissə-hissə ödəniş etmək şərti ilə 4324 manat məbləğində Alyans-Paris dolab, Violetta-Yumsaq-Kunc-Sungerli, ametıst jurnal masa, dehliz dolabı Parma mebel ilkin ödəniş etməməklə, 23 ay müddətinə aylıq 188 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Hüseynov Zakir Əlihüseyn oğlunun xx.xx.2019-cu il tarixli 00537892 №-li müqavilə üzrə 224 manat ödənilməmiş məbləğ və 0 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli 00537892 №-li müqaviləyə əsasən oğluna hissə-hissə ödəniş etmək şərti ilə 4324 manat məbləğində Alyans-Paris dolab, Violetta-Yumsaq - Kunc - Sungerli, ametıst jurnal masa, dehliz dolabı Parma mebeli almış, lakin bir müddət istifadə etdikdən sonra ödəniş etmədən mebeli geri qaytamışdır. “xxxx” MMC tərəfindən mebel geri qaytarılan zaman 4100 manat məbləğində qiymətləndirilmişdir. Kollegiyanın qənaətinə görə, mebel bir müddət istifadə edildiyindən amortizasiyaya məruz qalmış və iddiaçı qiymət arasında yaranmış fərqi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar