Məhkəmə qərarları › İş №2(103)-1335/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1335/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1335/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3654/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2139,66 ABŞ dolları əsas, 1654,18 ABŞ dolları faizborcu, 7499,16 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 791,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12084.9 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 7000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin onunla iddiaçı “xxxx” İKB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M- 1-0-240-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar olmasını, həmin müqavilənin müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyini göstərmiş və bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3654/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3654/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən əsassız hesab olunur. Belə ki, “xxxx” İKB ASC 2015-ci il tarixində Şəki rayon Məhkəməsinə müraciət etmişdir. xx xxxxxx 2015-ci il tarixində 2(075)-6413/2015 saylı Məhkəmə Əmri çıxarılmışdır. Əmr icraatı qaydasında baxılmış iş iddia icraatına keçmişdir və xx xxxxxx 2016-cı il tarixində 2(075)-8224/2016 saylı qərardada əsasən, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və bununla bağlı icraat dayandırılmışdır. xx xxxxxx 2017-ci il tarixində 2(075)-36/2017 saylı qərardadla mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır.xx xxxxxx 2019-cu il tarixində PAİOHTD-1262 saylı iddia ərizəsi ilə yenidən Şəki rayon Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixində PAİOHTD-1838 saylı teleqram ilə “xxxx” İKB ASC Şəki rayon Məhkəməsinə müraciət edərək məhkəmə iclasına iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Şəki rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-843/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda qeyd edilənlərdən belə müəyyən olunur ki, İddiaçı dəfələrlə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürməmişdir. 2015-ci il tarixindən həmin kredit müqaviləsi üzrə mülki iş müxtəlif vaxtlarda Məhkəmələrin icraatında olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3654/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana illik 28 faizlə 12 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” İKB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsü üçün öz üzərinə məsullyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı kredit müqaviləsi üzrə 2139,66 ABŞ dolları əsas, 1654,18 ABŞ dolları faiz borcu, 7499,16 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 791,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12084.9 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, borcalan tərəfindən son ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci və 472.3-cü maddələrinə görə borc zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı kredit müqaviləsinə əsasən cavabdehlərin borcunun olması ilə bağlı iddia tələbi əsaslıdır. Göründüyü kimi iddiaçı cavabdehlərdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin Cavabdeh1 müddətin tətbiqinə dair ərizəsi məhkəmə tərəfindən qəbul edilməklə, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, müqavilə üzrə öhdəliyin icra müddəti xx xxxxxxx 2015-ci il tarixdə bitmiş, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, xx.xx.2020-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia müddəti keçirildiyi üçün, ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə, düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin yeganə gəlili olan 2015-ci il tarixdən həmin kredit müqaviləsi üzrə mülki işin müxtəlif vaxtlarda məhkəmələrin icraatında olması (xx xxxxxx 2015-ci il tarixində 2(075)-6413/2015 saylı Məhkəmə Əmri çıxarılması, əmr icraatı qaydasında baxılmış işin iddia icraatına keçməsi və xx xxxxxx 2016-cı il tarixində 2(075)-8224/2016 saylı qərardada əsasən, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi və bununla bağlı icraatın dayandırılması, xx xxxxxx 2017-ci il tarixində 2(075)-36/2017 saylı qərardadla mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, xx xxxxxx 2019-cu il tarixində PAİOHTD-1262 saylı iddia ərizəsi ilə yenidən Şəki rayon Məhkəməsinə müraciət olunması, Şəki rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-843/2019 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması) ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MM-nin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Şərh olunan maddə mülki mübahisəni mahiyyəti üzrə həll etmədən iddia ərizəsinin baxılmamış saxlanıldığı halda iddia müddətinin axımı və hesablanması qaydalarını tənzim edir. Bir qayda olaraq iddia mahiyyəti üzrə baxılmamış saxlanılmışsa, iddia müddəti heç bir dəyişikliyə uğramadan ümumi qaydada davam edir. Belə ki, iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalır və ümumi iddia müddətinə daxil edilir. Hazırki halda da, iddia mahiyyəti üzrə həll olunmadan baxılmamış saxlanıldığı üçün, iddia müddətinin axımı ümumi qaydada davam etmiş, hazırki iddia irəli sürülənədək keçən müddət ümumi iddia müddətinə daxil edilmişdir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı “ İddiaçı” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3654/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən: Xəyal Sarıyev

Hakimlər: Emin Mehdiyev

Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar