Məhkəmə qərarları › İş №2(103)-1336/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1336/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1336/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndələri X2 və Vəkil (eyni zamanda vəkili), Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı ilə Cavabdeh MMC arasında internet xidmətlərindən istifadə ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. İş üzə qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin kobud pozuntusu nəticəsində dəymiş 10000 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə internet xidmətlərindən istifadə ilə bağlı xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə əsasında cavabdeh tərəfindən internetə qoşulmaq üçün müvafiq avadanlıq təqdim edilməli və internetdən istifadə üçün xidmətlər təqdim olunmalı idi. Cavabdeh MMC tərəfindən keyfiyyətsiz xidmət göstərilmiş və istehlakçı olaraq hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilən avadanlıq (modem) müqavilənin bağlandığı tarixdən sonra iki dəfə sıradan çıxmış və yenisi ilə əvəz olunmadan internet xidməti dayandırılmışdır. Zəmanət müddəti bitmədiyi halda ikinci dəfə həmin avadanlıq çalışmadıqda şirkət tərəfindən avadanlıq yenisi ilə əvəz edilmək əvəzinə avadanlığın ekspertizaya göndəriləcəyini və bu müddət ərzində (təxmini 2-3 həftə) müqavilədə belə bir halın heç bir halda nəzərdə tutulmadığına baxmayaraq internet verilməyəcəyini bildirmişlər. Nəticədə cavabdeh öz müqavilə öhdəliyini icra etməyərək modemin sıradan çıxdığını iddia etdiyi tarixdən etibarən heç bir internet xidməti göstərməmiş, bunun əvəzində isə hər hansı kompensasiya ödəməmişdir. Cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.3-cü maddəsinə əsasən Cavabdeh MMC tərəfindən təqdim edilən avadanlığa 3 ay müddətinə zəmanət verilir. Bu 3 aylıq zəmanət müddəti ərzində cavabdehin təqdim etdiyi və ödəniş aparılan avadanlıqların fəaliyyətində qüsur olduqda dərhal yenisi ilə əvəz, olunmalı idi. Bu qanun pozuntuları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə şikayət məktubları göndərilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şikayətinin araşdırılması proseduru çərçivəsində avadanlığın ekspertizaya təqdim olunmalı olduğu bildirilmişdir. Cavabdeh tərəfin özünün bildirdiyi müəssisəyə avadanlıq yoxlanılması üçün təqdim olunmuş və avadanlıqda heç bir nasazlığın olmadığı aşkarlanmışdır. Bununla bağlı təkrar cavabdehlə əlaqə saxlanıldıqda, avadanlıq saz vəziyyətdədirsə interneti bərpa edə biləcəklərini bildiriblər. Lakin internet xidmətinin olmadığı müddət üçün hər hansı kompensasiya ödəməkdən imtina etdilər. Cavabdehin heç bir əsas və səbəb olmadan iki aydan çox internet xidməti göstərməməsi ciddi qanun və müqavilə öhdəlikləri pozuntusudur. Müqavilə üzrə öhdəlikləri olmasına baxmayaraq internet xidməti ala bilməməyi səbəbindən ciddi maddi zərər çəkmişlər. Belə ki, evdə 5 nəfər şəxs yaşayır. Yoldaşı və övladları işləri ilə bağlı evdə olduqları müddət ərzində internetdən istifadə edə bilməmişlər. Məcburiyyətdən mobil operatorlardan hər gün ödənişlər edilərək internet paketlər alınmış və xeyli miqdarda xərc çəkilmişdir. Yoldaşı özəl sahibkarlıq müəssisəsində rəhbər vəzifələrdən birində çalışdığından daimi olaraq internet çıxışı olmalı və biznesin fəaliyyətinə nəzarət etməlidir. Eyni zamanda Novruz bayramı tətillərində internet xidməti olmaması səbəbindən mühafizə kameraları çalışmamış və tətil zamanı evdən kənara gedə bilməmişlər. Müraciəti ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmiş və məktubda Cavabdeh MMC-nin müqavilə öhdəliklərini pozduğu qeyd olunmuşdur. Şikayət ünvanladığı digər dövlət orqanlarından iddia ərizəsinin təqdim olunduğu tarixədək hər hansı cavab məktubu təqdim olunmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "Shark Telecom” MMCdən 188 (yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı tərəfindən ona dəymiş zərərə dair yalnız bank kartından edilmiş çıxarış təqdim etmişdir. Qeyd olunan çıxarış üzrə edilmiş ödənişləri nəzərə alan cavabdeh 188 manat məbləğində ödəniş edilməsini qəbul etmişdir. Lakin hazırda iddia tələbi üzrə göstərilmiş 10000 manat geridə qalan hissəsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili iddia tələbi üzrə göstərilən məbləğin 188 manat olduğunu, lakin tələbin qalan hissəsinə dair hər-hansı bir sübutların olmamasını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz.

6. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

7. İddiaçı nümayəndələri X2 və Vəkil (eyni zamanda vəkili) hər biri ayrı-ayrılıqda izahatlarında bildirdilər ki, cavabdehin nümayəndəsi üzr istəsə barışıq sazişinin göstərilən şərtlərlə təsdiq edilməsinə etiraz etmirlər.

8. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında üzr istədi və bildirdi ki, barışıq sazişinin təsdiq edilməsinə razıdır.

9. Tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir: 1.Tərəflər 500 (beş yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsinə razılıq verirlər.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (Maddə 881.3)

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

12. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

13. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər

15. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər 500 (beş yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsinə razılıq verirlər.

İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar