Məhkəmə qərarları › İş №2(103)-1337/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1337/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1337/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-3623/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə 314,11 manat məbləğində kredit borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 05A000030116 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan 2685.89 manat ödəniş etmiş və 314.11 manat məbləğində kredit borcu qalmışdır. Öhdəliklərin icrasını təmin etmək məqsədi ilə digər Cavabdeh2lə zaminlik müqaviləsi bağlanmış və sonuncu bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3623/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 314,11 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun qismən – iddia tələbinin zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə iddianın zaminə münasibətdə təmin edilməyən hissəsində əsassızdır. Cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05A000030116 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 2.4167% ödəmək şərtilə 3000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 314.11 manat məbləğində əsas borcu vardır. İddiaçı apelyasiya şikayətində zaminə aid hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, bank Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması (xx.xx.2016) ilə şərtləşdirilmişdir. Beləliklə, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyindən, zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Kollegiya hesab edir ki, Qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir, buna görə də cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Birinci instansiya məhkəməsinin zaminə aid hissədə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və düzgündür. İddiaçının apelyasiya şikayəti əsassızdır, şikayət hər hansı konkret dəlillərlə əsaslandırılmamış, ümumi sözlərlə ifadə edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, apelyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3623/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar