Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1337/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin hüquqi varisi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Yasin oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova, iş № 2(008)-4223/21) iddia təmin olunaraq 24.05.2013-cü il tarixli, 3-D5-120-250-13 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 Yasin oğlunun hüquqi varisi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə həmin müqavilə üzrə 1900.46 manat faiz borcunun tutulması qət edilmişdir. Qətnamədən cavabdehin hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə ləğv olunmalı və işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iş üzrə iddia məhkəmədə 07 may 2021-ci ildə qaldırılmışdır. İddia qaldırılan zaman cavabdeh (borc alan) Cavabdeh1 Yasin oğlu sağ olmamışdır. O, 03.09.2016-cı ildə ölmüşdür. Məhkəmə cavabdehin hüquqi varisini işdə iştirak etməyə cəlb etməklə işin icraatını davam etdirmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı prosessual pozuntu sayır və hesab edir ki, cavabdeh kimi göstərilən Cavabdeh1 məhkəmədə iddia qaldırılana qədər ölmüş olduğundan o, iş üzrə tərəf ola bilməzdi və onun bir tərəf kimi hüquqi statusu olmadığından prosessual hüquq varisi də işdə iştirak etməyə cəlb edilə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Yasin oğlu birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl vəfat etmişdir və vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Bu mənada, həmin hal müəyyən olunduqdan, yəni iddiaçının vəfat etmiş şəxsə qarşı iddia qaldırdığı bilinəndən sonra, birinci instansiya məhkəməsi əslində icraata xitam verməli və iddiaçıya mərhumun vərəsələrini müəyyən edərək onlara qarşı iddia irəli sürmək hüququnun olduğunu izah etməli idi. Lakin görünür məhkəmə, prosessual qənaət prinsipini nəzərə almaqla işin icraatını cavabdehin hüquqi varislərini cəlb edib davam etdirməyə üstünlük vermişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, prosessual hüquq varislərinin işdə iştirak etməyə cəlb olunmaları üçün onların əvəz etdikləri şəxs işdə tərəf olmalıdır. Məhkəmə icraatı başlanana qədər olmüş şəxs isə qanunun mənasından göründüyü kimi işdə tərəf ola bilməz. Bu, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinin məzmunundan da aydın görünür. Həmin maddədə də mübahisələndirilən hüquq münasibətində tərəf olan şəxsin sıradan çıxması ilə əlaqədar onun hüquq varisi ilə əvəz olunmasını nəzərdə tutur. MPM-mim 58.1-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. MPM-nin 254.1.1, 256.0.1, 261.0.7-ci maddələrində də məhz iş üzrə tərəf olan şəxsin ölümündən sonra iş üzrə icraatın davam etdirilib-etdirilməməsi məsələsi nizama salınmışdır. Digər tərəfdən, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da qeyd olunduğu kimi məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini, vərəsələrin mirası qəbul edib-etməmələrini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinin tələbinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, borclu Cavabdeh1 məhkəmədə icraat başlanana qədər öldüyündən o, işdə tərəf ola bilməzdi və təbii ki mövcud olmayan tərəf hüquq varisləri ilə də əvəz edilə bilməzdi. Bu əsasla məhkəmə hüquq varisini cəlb edib işə baxmaqla prosessual pozuntuya yol vermişdir. Ona görə də işin icraatına məhkəmədə baxılmalı olmadığına görə xitam verilməli və borclunun mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququ olması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-cü maddəsinə görə iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib , bu Məcəllənin 259.01-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işin icraatına MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və mülki iş üzrə icraata xitam verilsin. Mərhum Cavabdeh1 Yasin oğlunun mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququ olması "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1337/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1337/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver