Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1337/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1337/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4390/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli borc müaviləsinə əsasən Cavabdeh 50000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pulun və 345 manat dövlət rüsumunun tutularaq İddiaçı Aleksandroviçin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Aleksandroviç (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, ““Borc verən” “Borc alana” 50.000 dollar dəyərində borc pul verir.” Həmin müqavilənin 2-ci maddəsinə əsasən, “Borcun nominal məbləğinə heç bir faiz hesablanmır.” Həmin müqavilənin 3-cü maddəsinə əsasən, “Borc bu Borc Müqaviləsinin imzalanması zamanı Borc alana təqdim edilir.” Həmin müqavilənin 4-cü maddəsinə əsasən, “Tam borc məbləği Messenger tətbiqində Borc verənlə Borc alan arasında təsdiqlənən hesaba 01 fevral 2024-cü il tarixindən gec olmayaraq geri qaytarılmalıdır.” Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixədək 50.000 ABŞ dollarının iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı ilə Cavabdeh oglu arasımda bağlanmış mövcud borc müqaviləsi ilə yanaşı, cavabdehin şəxsi istifadəsində olan 050 *** ** ** mobil nömrə ilə aparılmış yazışmalarla da, həqiqətən cavabdehin iddiaçıdan 50.000 ABŞ dolları alması və iddiaçı qarşısında onu qaytarmaq öhdəliyi götürməsi öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, həmin məktub “Azari Express” poçt-daşıma kuryer xidmətinin xx.xx.2024-cü il tarixli aktından göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası ərazisində olmadığından çatdırılmamışdır. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4390/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin təmin edilməsi, Cavabdeh 50000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və 345 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740.2 maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında biznes münasibətləri mövcud olmuşdur. Biznes tərəfdaşlığı çərçivəsində iddiaçıya ödənilməli olan payı borc müqaviləsi formasında rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin hazırda bu həcmdə borcun birdəfəlik ödənilməsi ağlabatan deyildir. Bu səbəbdən, aylıq 1000 (bir min) ABŞ dolları olmaqla tərəfindən icra edilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
29. Belə ki, iş materiallarında olan İddiaçı Aleksandroviç (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 50.000 ABŞ dolları məbləğində pul borc verir, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Müqavilənin 4-cü bəndinə əsasən tam borc məbləği Messenger tətbiqində borc verənlə borc alan arasında təsdiqlənən hesaba 01 fevral 2024-cü il tarixindən gec olmayaraq qaytarılmalıdır.
31. Müqaviləyə əlavə edilmiş qəbul barədə qeyddən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü fərdi nömrəsi xxxxxxx olan xx.xx.2016-cı il tarixində Daxili İşlər Nazirliyi tərəfindən verilən C00964298 seriya nömrəli pasportun sahibi Cavabdeh 50.000 ABŞ dollarını İddiaçı almışdır.
32. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı Aleksandroviç tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmişdir.
33. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Kollegiya hesab edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış və hazırki mübahisənin predmeti olan kredit müqaviləsinin real əsaslarla bağlanıb-bağlanmaması, müqavilə üzrə borc məbləğinin, həqiqətən, cavabdehə verilməsini təsdiq edən sübutların mövcudluğu araşdırılmalıdır.
35. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.
36. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və cavabdeh müqaviləyə əsasən ona verilməli olan 50.000 (əlli min) ABŞ dolları məbləği götürmüşdür.
37. Qeyd edilməlidir ki, cavabdeh özü də şikayətində tərəflər arasında biznes fəaliyyətinin olması və sözügedən məbləğin həmin fəaliyyət nəticəsində iddiaçıya çatası məbləğ olduğunu, ilk imkanda pulu qaytaracağını bildirmiş, sadəcə bu münasibətlərin borc müqaviləsi adı altında qələmə verilməsi ilə razı olmadığını bildirmişdir. Bu hal da bir daha təsdiq edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və cavabdeh bu öhdəliyə əməl etməyərək iddiaçını çatacağına ümid etdiyi nəticədən məhrum etmişdir.
38. Göstərilənlər də onu deməyə əsas verir ki, borcalan qismində cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
39. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
40. Kollegiya apelyasiya şikayətinin borcun aylıq 1.000 (bir min) ABŞ dolları olmaqla, ödənilməsi barədə hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan dəlil borcun hissə-hissə ödənilməsi ilə əlaqədar olduğu təqdirdə də göstərilən tələblə icra mərhələsi çərçivəsində məhkəməyə aidiyyəti qaydasında müraciət etmək hüququ istisna edilmir.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4390/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev