Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1339/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi e- 2(004)-1780/2019 saylı 05 mart 2019-cu il tarixli qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 05 fevral 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” KB QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” KB QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 114.403,02 ABŞ dolları əsas borc, 2.224,34 ABŞ dolları faiz borcu, 85.865,84 ABŞ dolları cərimə, 16.398,48 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 21.8891,68 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1780/2019 saylı 05 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dan, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış 114.403,02 ABŞ dolları əsas borc, 2.224,34 ABŞ dolları faiz borc, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 118.127,36 ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə), ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan “xxxx” QSC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki zaminə münasibətdə Bank tərəfindən məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür. Belə ki, Bankla bağlanmış kredit müqaviləsinin son ödəniş tarixi 24.01.2016-cı il olsa da, iddiaçının iki il ərzində, 24.01.2018-ci il tarixə kimi zaminlərdən pul tələb etmək hüququ olmuşdur ki, bu hüququndan vaxtında istifadə etməmiş və məhkəməyə 22.01.2019-cu il tarixdə müraciət etməklə müddəti ötürmüşdür. Odur ki, hər iki zaminə münasibətdə zaminliyə xitam verilməklə. İddia tələbə həmin zaminlərə qarşı rədd edilməlidir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul olunmuş və işə son olaraq baxılması 05.02.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 MMC bu barədə lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X6 oğlu apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehlərə aid hissədə ləğv edilərək iddianın həmin cavabdehlərə qarşı rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki işdə apellyasiya şikayəti həmin zaminlər tərəfindən verilmiş və qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlardan müəyyən olunur ki, 170/02/3059/14 saylı 24.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə illik 20% ödənilməsi şərti ilə 12 ay müddətinə 120.000 manat kredit verilmişdir. Zamin Cavabdeh2 170/02/3059/14 saylı 24.01.2014-cü il tarixli zaminlik müqaviləsi əsasında borclunun kredit müqaviləsi üzrə öhdəliyini icra etməsinə birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 21.01.2015-ci il tarixdə tərəflər arasında 170/02/3059/14 saylı 24.01.2014-cü il tarixli kredit müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kredit 24 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi 24.01.2016-cı il müəyyən edilmişdir. Cavabdeh2 və Cavabdeh3 170/02/3059/14 saylı 21.01.2015-ci il tarixli zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlar. 19.03.2015-ci il tarixdə tərəflər arasında 170/02/3059/14 saylı 21.01.2014-cü il tarixli kredit müqaviləsinə 02 nömrəli əlavə saziş, 170/02/3059/17 saylı zaminlik müqaviləsinə isə 01 nömrəli əlavə saziş imzalanmışdır. 170/02/3059/14 saylı kredit müqaviləsinə 02 nömrəli əlavə sazişinə əsasən Bank borcalana 114.438 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 170/02/3059/17 saylı zaminlik müqaviləsinə 01 nömrəli əlavə sazişinə əsasən tərəflər arasında bağlanmış 170/02/3059/14 saylı 21.01.2014-cü il tarixli kredit müqaviləsinin 02 nömrəli əlavə sazişinə əsasən verilən 114.438 ABŞ dolları kredit, ona hesablanmış faizlərin, kredit müqaviləsi və kredit xətti müqaviləsinə olmuş əlavələrdən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər bankın qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Ləğv prosesində olan “xxxx” QSC tərəfindən cavabdehlərə ünvanlanmış bildiriş məktublarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Kredit müqaviləsi üzrə borcun ödənilməsi borcalan tərəfindən təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin olunan hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İş üzrə birinci instansiya məhkəməsi cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə əsasən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, 170/02/3059/14 saylı 24.01.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 01 saylı 21.05.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin ödənilməli oılduğu son tarix 24.01.2016-ci il tarix göstərilmişdir. 21.05.2015-ci il tarixdə də Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin zaminliklə təmin olunmuş öhdəliyin icra vaxtı tərəflər arasında 24.01.2016-cı il tarix müəyyən olunduğu halda, iddiaçı hazırki iddia ilə məhkəməyə 22.01.2019-cu il tarixində, yəni müqavilə müddətinin bitdiyi tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində onun verildiyi müddət qurtartıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən- iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1780/2019 saylı 05 mart 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Ləğv prosesində olan “xxxx” QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 170/02/3059/14 saylı 24.01.2014-cü il tarixli və 170/02/3059/14 saylı 21.01.2015-ci il tarixli zaminlik müqavilələri üzrə həmin şəxslərin zaminliklərinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-1339/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1339/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver