Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1339/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 qızının iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-1185/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ASC-yə, Qaradağ rayon icra və probasiya şöbəsinə və Ağdam rayon Notariat Kontoruna qarşı iddia qaldıraraq ona cavabdehlərin hərəkətləri nəticəsində yetirilmiş iztirab, işgəncə və sağlamlığın pozulması ilə baş verən ağırlaşmanın əvəzi olaraq 3000 manat məbləğində maddi təzminat ödənilməsi barədə qətnamə, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru S.Əhmədlinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarının və bununla bağlı Ağdam rayon Notariat Kontorunun xx.xx.2020-ci il tarixli 8İ-26 saylı icra sənədinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə akt çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata icra məmurunun qərarının və Notariat Kontorunun icra sənədinin ləğv olunması barədə akt çıxarılmasına dair hissədə xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş N 2(002)-1185/20) iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin Qərb filialından xəstəliyi ilə əlaqədar illik 29% olmaqla 60 ay müddətinə kredit götürmüşdür. O, kredit götürən zaman ona bildirmişlər ki, heç bir nağd kredit pulu ödəməyəcək, kredit ancaq onun pensiya kartından “xxxx” ASC tərəfindən xx xxxx 2021-ci il tarixə qədər hər ay 95 manat 23 qəpik tutulacaq, yəni kreditin tutulması “xxxx” ASC-nin səlahiyyətindədir. xx xxxx 2016-cı il tarixdən onun pensiya kartından 95 manat 23 qəpik tutulmuşdur. Ancaq 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İ qrup əlillərə əlavə təqaüd təyin edilən zaman o da təqaüdə düşdüyü üçün onun da pensiya kartı “xxxx” ASC-nin Qaradağ filialı tərəfindən 2019-cu ilin avqust ayında dəyişdirilmişdir. 2019-cu ilin avqust-sentyabr-oktyabr aylarında onun kartından kredit pulu tutulmamışdır. O da bu barədə “xxxx” ASC-yə müraciət etmiş, ona demişlər ki, get, narahat olma, tutacağıq, ancaq növbəti bir ay da tutmamışlar. O, məcbur olub yenə banka müraciət etmişdir. Ona demişlər ki, narahat olmasın, hər ay pensiya kartından bir az artıq pul tutub borcu bağlayacaqlar. Bundan sonra düz 5 ay - 2020-ci ilin noyabr, dekabr, yanvar, fevral, mart ayları onun pensiya kartından təqribən 160 manatdan artıq pul tutmuşlar. “xxxx” ASC-nin 3 ay öz məsuliyyətsiz, vəzifə borcunu yerinə yetirməyən işçisinin məsuliyyəti onun üzərinə qoyulub. Onun haqqında Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsində ondan 1708 manat 88 qəpik pul tutulması haqqında icra sənədi üzrə icraata başlanılıb. O, noyabr 2019-cu ildən bu günə kimi hər ay pensiya almağa gedəndə bankomatda onun pensiya pulunun verilməsinə qadağa qoyulduğunu görüb çox əsəbiləşmişdir. Bu da onun sinir sisteminə ciddi təsir edib. Sonradan şikayət etdikdən sonra pensiyasını alır. Bu qanunsuz hərəkətlər onun müalicə etdirdiyi sinirlərini tamam korlayıb. Üslü sinir nevrologiyası xəstəliyi şiddətli ağrılara çevrilib və ona mənəvi zərər vurub. O, xx.xx.2020-ci il tarixdə bu sinir ağrılarını götürmək üçün Madera Hospitalda əməliyyat olunmuşdur. Onun haqqında Qaradağ rayon icra və probasiya şöbəsinin çıxardığı qərarı öz şəxsiyyətinə təhqir kimi hesab edir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı ilə “xxxx” ASC-nin qərb filialı arasında xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən İddiaçı bankdan 60 ay müddətinə 29% ödənilməsi şərti ilə 3000 manat kredit verilmişdir. Aylıq annunitet 95 manat 23 qəpik təşkil edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddia tələbi cavabdehin hərəkət və hərəkətsizliyi ilə bağlı mənəvi ziyanın tutularaq ödənilməsi xarakterli olmasına baxmayaraq məhkəmə onu maddi ziyanın ödənilməsi kimi xarakterizə edərək göstərib, yanlışcasına, hüquqi əsası olmadan səhv təvsir etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair sədrlik edənin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddia ərizəsinin məzmumundan göründüyü kimi, iddiaçının tələbi cavabdeh və üçüncü şəxslərdən onların hərəkətləri nəticəsində yetirilmiş iztirab, işgəncə və sağlamlığının pozulması ilə baş verən ağırlaşmanın əvəzi olaraq 3000 manat məbləğində pulun tutulması barədədir. Digər tələblər üzrə işin icraatına məhkəmə qaydasında baxılmalı olmadığına görə məhkəmənin müvafiq qərardadı ilə xitam verilmişdir. Həmin qərardad məhkəmə qaydasında mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi ziyanın (maddi təzminatın) ödənilməsi tələbinə dair iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borcun vaxtında və tam şəkildə ödənilməməsinə görə məsuliyyəti məhz borcalan, yəni, iddiaçı daşıyır və bu səbəbdən də iddia təmin edilə bilməz. İddiaçı kredit borcunu şərtləşdirilmiş vaxtda və məbləğdə borc verənə qaytarmalıdır. Lakin iddiaçı aldığı pensiya məbləğindən müəyyən hissəni borc verənə ödəməmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddəsinə istinad etmişdir. Apelyatorun mövqəeyinə görə cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymiş, lakin məhkəmə bunu nəzərə almamış və qiymət verməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı istər əmlak, istərsə də qeyri əmlak xarakterli zərərə məruz qalmasını, iztirab və sarsıntı keçirməsini sübuta yetirməlidir. Lakin işdən göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, maddi və mənəvi zərərə məruz qalmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1339/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1339/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver