Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1339/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1766/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki pasportun surətindən görünür ki, ünvan 1 X3 mülkiyyətində olmuşdur.
2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.58 kv.metr sahədən ibarət olan yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə olmaqla, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun ½ hissə olmaqla, mülkiyyət hüququ verilmişdir.
3. İş materiallarında olan ƏMDX-nin DƏRK və R-i Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə Bakı şəh, Nəsimi r-nu, AK. Mirqasımov küç, 972-ci məhəllə, mənzil 113 (Mirəsədulla Mirqasımov küç, M 15, m 1) X2 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra vərəsə Cavabdeh Oktay qızı xx.xx.2019-cu il tarixli 1 saylı notariat ofisinin 8İ-22661saylı sənədinə əsasən notarial qaydada həmin mənzildən qardaşı vərəsə İddiaçı tam vərəsəlik almasına etiraz etməmişdir və vərəsəlikdən imtina etmişdir.
4. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Rusiya Federasiyasının notarial qaydada təsdiqlənmiş sənədinə əsasən X5 ona məxsus Rusiya Federasiyası, Moskva şəhəri, Perovskaya küç, ev 25, mənzil 32 yerləşən mənzilini oğlu İddiaçı bağışlamışdır. Məhkəmənin 18 sentyabr 2023-cu il tarixli Dövlət Sərhəd Xidmətinə İddiaçı barəsində ölkəyə giriş-çıxışı barəsində ünvanladığı sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-3831/23 saylı məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən xx.xx.2023-cü il tarixində Rusiya istiqamətində giriş etmiş və xx.xx.2023-cü il tarixində isə çıxış etmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS- 027 saylı Ambulator kitabçadan çıxarışına əsasən Cavabdeh oğlu xx.xx.2009-cu il təvəllüdlü X4 birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu (turett sindromu) diaqnozu qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh Oktay qızına qarşı «paylı mülkiyyətdə olan yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilində təqdim olunmuş layihədə göstərilən sahəsi 15 kv.m olan yataq otağının cavabdehin, sahəsi 14 kv.m olan yataq otağının iddiaçının istifadəsində, sahəsi 30 kv.m olan qonaq otağının, sanitar qovşağının, mətbəxin, giriş hissəsinin və eyvanın ümumi istifadədə olmaqla istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil atalarına məxsusdur. Atalarının vəfatından sonra həmin mənzili ƏMDX-nin DƏRK və R-i Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli çıxarış əsasında mənzilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh Oktay qızının adına rəsmiləşdirilmişdir. Qeyd olunan mənzil 30 kv.m sahəsi olan qonaq otağından, 24 kv.m sahəsi olan mətbəxdən, 14 kv.m və 15 kv.m sahəsi olan 2 yataq otağından, girişdən, sanitar qovşaqdan və 30 kv.m olan eyvandan ibarətdir. Cavabdeh iddiaçının həmin mənzildə yaşamağına narazılıq etdiyi üçün iddiaçı paylı mülkiyyətdə olan həmin mənzildəki payını real bazar qiyməti ilə almağı cavabdehə təklif etmişdir, lakin cavabdeh iddiaçının payını almaqdan imtina etmişdir. Belə olan halda iddiaçı məhkəmədən gələcəkdə mübahisələr olmaması üçün paylı mülkiyyətdə olan mənzildən istifadə qaydasını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. 19.10.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinə köçürülməyi, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilində texniki pasportda göstərilən sahəsi 13.6 kv.m olan yataq otağının iddiaçının, sahəsi 17 kv.m olan yataq otağının cavabdehin istifadəsinə, sahəsi 36.8 kv.m olan qonaq otağının, sanitar qovşağının, mətbəxin, giriş hissəsinin və eyvanın ümumi istifadədə olmaqla istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Bakıda yaşamamasını, Bakıda işləməməsini, cavabdehin uşağının xəstə olması, cavabdehin miras payından idddiaçının xeyrinə imtina etməsi, tərəflər arasında mübahisənin olmasını, iddiaçının adına müxtəlif mənzillərin olması, iddiaçının mübahisəli mənzildə deyil, ünvan 2 ünvanda anadan olub qeydiyyatla yaşamasını əsas gətirərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1766/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatının Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 178.1, 213.1, 220.1-220.3, 220.5-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qətnamə çıxararkən özünün xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytardığı tələbə baxmış və səhv nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçının məhkəmə baxışında tələbini artırması hüququnun olmadığını nəzərə almaması düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir. Məhkəmə baxışında artırılmış tələb üzrə qərar qəbul edilməsi qanunsuzdur, həmçinin iddiaçının paylı mülkiyyət hüququ olsa da, mənzildə birgə yaşamanın mümkün olmaması barədə cavabdehin çoxsaylı dəlilinə qiymət verilməmişdir. Eyni zamanda mənzilin ½ hissəsinin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Nigar Vəkilova adlı şəxsə cavabdehin xəbəri, razılığı olmadan, iş məhkəmədə olduğu halda qanunsuz kirayəyə verməsinə dair müqavilənin surəti birinci instansiya məhkəməsində icraat zamanı təqdim oluna bilməyən sübutdur. Çünki məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının mənzilə köçürülməsi barədə qətnamə çıxarıldıqdan sonra, kirayə müqaviləsinin bağlanmasından 4 ay sonra kirayəçi bir qrup şəxslə mənzilə zorla soxulmağa cəhd etmişlər. DİN-in 102 xidmətinə zəng edəndən sonra polis əməkdaşları onları bölməyə aparmış və araşdırma nəticəsində onlara özbaşınalıq etməmələri tapşıırılmışdır. Kirayə müqaviləsinin surəti, polisin məktubu əlavə olaraq tərəfimdən təqdim ediləcəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
18. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
19. 220.2-ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər.
20. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
21. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunan hissədə rədd edilməsini xahiş etdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1766/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
32. İddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçının tələbinin hüquqi əsası ayrılıqda qiymətləndirilməlidir.
33. Kollegiya bildirir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
34. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər.
35. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.58 kv.metr sahədən ibarət olan yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə olmaqla, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun ½ hissə olmaqla, mülkiyyət hüququ verilmişdir..
36. Kollegiya qeyd edir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onalrın öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin, buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusiyon hüququ kimi təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafiəsinə dair “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə yalnız qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər imkan verdiyi halda, cəmiyyətin maraqları naminə, yaxud dövlətin ümumi maraqlara müvafiq olaraq müəyyən hərkətlərin (mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməklə bağlı) yerinə yetirilməsi zamanı mülkiyyət hüququnun məhdudlaşdırılmasını və ya məhrum etməni nəzərdə tutmuşdur.
37. Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.
38. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz.
39. Odur ki, birinci instansiya məhkəməsi doğru olaraq İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarını bərpa etməklə mənzilə köçürülməsini qət etmişdir.
40. Kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən iddia tələbindən kənara çıxmaya dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsinə dair iki ərizə müraciət mövcuddur. Belə ki, ilk ərizə 19 oktyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsində sonuncu hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmişdir. Məhkəmə iclasının audio-video yazısından və eyni zamanda məhkəmə hazırlıq iclasının protokolundan məlum olur ki, iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Təqdim edilmiş ikinci iddia tələbinin həcminin artırılması barədə ərizə isə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.
41. Kollegiya qeyd edir ki, ilkin təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən mənzilə köçürmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi xahiş edilmişdir. İkinci ərizəyə əsasən, qeyd olunanlarla yanaşı, paylı mülkiyyətdə olan mənzildəki payların naturada ayrılması xahiş olunmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlili olaraq qeyd olunan hallar əsaslı deyildir.
42. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə bildirir ki, apellyator iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı təqdim edilə bilməyən sübutların olduğunu bildirsə də, şikayətdə qeyd olunan hallarla bağlı heç bir təsdiqedici sübutlar təqdim etməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1766/2023 saylı 14 noyabr 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.