Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-134/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Mühəndis Tikinti Layihə” MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-134/2023 (Açar sözlər: maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Mühəndis Tikinti Layihə” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vəliyev X9 qəsəbəsi Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yaşayır.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Sabunçu rayonu ərazisində kollektorun tikintisi” işlərinin yerinə yetirilməsi, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehin öhdəsinə qoyulmuşdur.
3. İddiaçı Cavabdeh MMC-nin gördüyü işlər zamanı qazıntı aparılması səbəbindən onun yaşadığı evin divarlarında çatların əmələ gəlməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə müraciət etmişdir və Agentlik tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 37/36- 02348 saylı cavab məktubunda ünvan 3 ünvanda yaşayan İddiaçı müraciətinə əsasən, həmin ünvana baxış keçirildiyi və baxış zamanı “Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi baş verdiyi məlum olduğu, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşməsi qeyd olunmuşdur.
4. Cavabdeh MMC tərəfindən Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində görülmüş işlər zamanı dəymiş ziyana görə bəzi vətəndaşlara kompensasiya verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzilə dəymiş 14000 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin noyabr-dekabr aylarında kanalizasiya çəkilişi ilə əlaqədar "xxxx" ASC-nin rəhbərliyi altında qazıntı işləri aparılan zaman bir çox sakinlərin mənzilləri kimi, onun da mənzilinə silkələnmə nəticəsində ziyan dəyərək bünövrəsi yerindən tərpənmiş və çöldən pilləkəni yerindən sürüşmüşdür, seyf qapısı isə zədələndiyindən çətinliklə açılıb-bağlanır. Mənzilin otaqlarının divarları çatlamış, döşəmə və tavana ziyan dəyərək qəzalı vəziyyətə düşmüşdür. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə, həmçinin "xxxx" ASC-nin 155 saylı qaynar xəttinə məlumat vermişdir. Belə ki, layihənin icraçılarından biri olan Arif adlı məsul şəxsin iştirakı ilə mənzilinin divarlarında çat olan yerlərinə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə mayak qoyularaq bir müddət gözləməyi məsləhət görmüşlər. Mənzilində bərkidilmə işləri aparılmadığı üçün silkələnmə və sürüşmə aktivliyi olduğuna görə qoyduqları işarə mayaklarının bəzilərində cırılma və qopma aşkarlanmışdır. Belə olan halda FHN-nin Tikintiyə Nəzarət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mənzilinə baxış keçirilərək mənzilində olan çatların və çöldən pilləkənin sürüşməsinə həqiqətən də "xxxx" ASC-nin apardığı qazıntı ilə bağlı olmasını təsdiq edib rəy verərək "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2018-ci il xx/xx-02348 saylı məktubla onun ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsinə dair göstəriş verilməsini "xxxx" ASC-nin rəhbərliyindən xahiş etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə şifahi və yazılı müraciətlərinə müsbət cavab verilməmişdir. Daha sonra o, dəqiqləşdirmişdir ki, həmin ərazidə qazıntı işlərini "xxxx" ASC-nin tapşırığı ilə Cavabdeh MMC həyata keçirmişdir. Qazıntı işləri ilə əlaqədar onun mənzilinə 14000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın ödəilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Halbuki Cavabdeh MMC tərəfində onun qonşulari Elçin Əlizadəyə 5000 manat, Emin Nemətova 3000 manat, Səyyar Qasımova 12000 manat, Tahir Hacıyevə isə 29700 manat məbləğində vurulmuş ziya görə pul ödəmişlər. Yalnız məhkəmə prosesi dövründə MMC-nin nümayəndəsi tərəfindən ona əvvəlcə 200- 300 manat, daha sonra isə 4000-5000 manat pul təklif edilmiş, lakin o, dəymiş ziyanın daha yüksək olduğunu bildirərək, həmin təklifi qəbul etməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini, ona dəymiş 14000 manat maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)- 104/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 13.624 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, şahid ifadələri, ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilmişdir. Buna görə də, cavabdehdən ekspertiza rəyi həddində, yəni 13.624 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbibi təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılaraq heç bir hüquqi əsaslar olmadığı halda iddia təmin olunmuşdur. Belə bir nəticəyə gələrkən Məhkəmə iş materiallarına təqdim olunmuş sübutlara, mütəxəsis rəyinə əhəmiyyət verməmiş, iddianın rədd olunmasına əsas verən hallara düzgün hüquqi qiymət verməmiş, təqdim olunmuş subutları təhrif etmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərarını qəbul etmişdir. İş materiallarından görünür ki, Mühəndis Tikinti Layihə Azərsu ASC-nin sifarişi ilə Sabunçu rayonunun Sabunçu qəsəbəsində vağzal ətrafı “yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində Əfəndiyev küçəsində yığma dəmir beton borulara yağış kollektorunun sökülməsi ilə əlaqəli işlər görmüşdür. Qazıntı işlərir aparıldığı ərazi iddiaçının yaşadığı mənzilin 6-10 metr aralıq məsafəsində aparılmışdır. Qazıntı işlərinin aparılması ilə əlaqəli müəyyən aralıq məsafəsində yerləşən yaşayış evinin «silkələnməsi» və bu səbəblə divarlarında çatların yaranması kimi iddia tələbində irəli sürülənlərin həmin qazıntı işləri ilə heç bir əlaqəsi olmamışdır. Yaşayış evinin fundamentinin qazıntı işlərinin aparıldığı xəttdən 6-10 metr aralıq məsafəsində yerləşməsi ilə əlaqədar iddiaçının yaşadığı mənzilə zərərin dəyməsi imkanları qeyri mümkündür.» Mənzilin fundamentinin tərpənməsi səbəb olma və silkələnməsi və silkələnmədən divarlarda çatların yaranması» yalnız həmin mənzilin qüvvədə olan tikinti-normativ qaydalarına əməl olunmadan vaxtilə tikilməsi, bünövrə eninin və dərinliyinin az olmaqla yük daşıma qabiliyyətinin olmaması səbəbindən yarana bilərdi. Mənzil 40 il bundan əvvəl - 1980-ci ildə inşa olunmuş, özbaşına tikilmiş, heç bir tikinti norma və qaydalarına əməl olunmamış, mənzilin bönövrəsinin уük daşıma qabiliyyəti olmamışdır. Dam örtüyü 2 yamaclı ağac materiallarından yığılmışdır, Döşəmə və qapıları taxtadan olmuşdur, 2 mərtəbəli evin mərtəbə örtüyü isə ağac atmalar ilə örtülmüşdür. Yükdaşıyan divarların qalınlığı 20 sm-dir, əhəng daşlarından inşa olunmuşdur. İddiaçının şikayəti əsasında «Azkommunlayihə» KLİ-nin mühəndisləri tərəfindən mənzilə baxış keçirilmiş, fundamentinin tərpənməsi və divarlarda çatların yaranması səbəbləri tikinti norma qaydalarının tələbləri baxımından yoxlanılaraq araşdırılmışdır. xx.xx.2018-ci il tarixli «Azkommunlayihə KLİ-nin mühəndisləri tərəfindən verilmiş rəydə göstərilmişdir ki, «Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikilməsi, bünövrə eninin və dərinliyinin az olması, mərtəbələrin ortük səviyyəsində monolit dəmir beton kəmərinin olmaması səbəbindən irəli gəlmişdir».
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4775/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-104/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsinin maddi və prosessual hüququ normalarına istinad etmişdir
ç)Kassasiya instansiya məhkəməsində icraat
15. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbibi təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5509/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4775/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “....Ekspertin verdiyi 10/2139 saylı, 30 dekabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, iddiaçının mənzilinin divarlarında olan çatların, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, evdə əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər. Ekspert həmin rəyi verərkən özü bilavasitə cavabdehin gördüyü işlərlə iddiaçının evində yaranan çatların və pilləkən sürüşməsinin arasında səbəbli əlaqənin olmasını müəyyən etmək üçün zəruri tədqiqat (ev ilə qazıntı aparılan yerin arasında olan məsafə, qazıntının dərinliyi, torpağın strukturu və s.) aparmamışdır. Ekspert bunun əvəzində FHN Tikintidə X4 Agentliyinin 24 may 2018-ci il tarixli xx/xx-02348 saylı məktubuna istinad etmişdir. Həmin məktubda göstərilir ki, Baki şəhəri, ünvan 5 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası FHN-a ünvanladığı 16 aprel 2018-ci il tarixli müraciətlə bağlı mütəxəssislərimiz tərəfindən yerində baxış keçirilmişdir. Baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularinin kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verməsi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür. Mülki işin 5-ci vərəqində olan həmin məktubda qoşma kimi fotoşəkillər, habelə Agentliyin mütəxəssislərinin tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli rəyin surəti göstərilmişdir. Mülki işin 14-15 və 78-79-cu vərəqlərində olan FHN Tikintidə X4 Agentliyinin “Azkommonlayihə” KLİ-nin mühəndisləri C.Qurbanov və M.Nəbiyevin tərtib etdikləri 25 aprel 2018-ci il tarixli rəydən isə görünür ki, İddiaçı Əliağa oğluna məxsus Baki şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yaşadığı evin divarlarında və pəncərə boşluğu ətrafında şaquli çatın yarandığı və tavanın (arxa otaqda) çökməsi müşahidə olunmuşdir. Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikildiyi, bünövrə eninin və dərinliyinin az olması, örtük səviyyəsində monolit dəmir-beton kəmərin olmaması müəyyən edildi. Həmin deformasiya və çatların yaranmasının Cavabdeh MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi yoxdur. Göründüyü kimi, ekspertin rəy verərkən istinad etdiyi məlumat mənbələrində ziddiyyətlər mövcuddur ki, bu halda da, həmin rəylərdən birinə əsaslanan ekspert rəyi ilə müəyyən olunan maddi zərər həcmində iddianın təmin olunması barədə gəlinən nəticə qanuni və əsaslı hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. ..Lakin birinci instansiya məhkəməsi ekspert rəyini bu cür qiymətləndirilməsini aparmamışdır. Halbuki, cavabdeh də yazılı vəsatət verərək bu əsaslarla ekspert rəyinə etirazını bildirmişdi. Bundan başqa, cavabdeh apellyasiya şikayətində də ekspert rəyi ilə bağlı eyni dəlilləri irəli sürmüş, lakin lakin apellyasiya həmin dəlillərə heç bir qiymət verməmi, ümumiyyətlə onları araşdırmamışdır. ..”
d) Proses iştirakçılarının izahatı
18. Təkrar apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi. 19.Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunana hissəsində qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnaməni o hissədə mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
37. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, iş materiallarında olan Bakı ŞİH-nin Bakı şəhər MMKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi D.Abdullayev tərəfindən tərtib edilmiş plandan görünür ki, ünvan 1 ünvanında iki mərtəbəli, ümumilikdə beş otaqlı, ümumi sahəsi 114,9 kv.m. olan yaşayış evi mövcuddur.
40. 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 38 saylı və xx.xx.2021-ci il tarixli, 89 saylı arayışlardan aydın olur ki, İddiaçı və onun ailə üzvləri xx.xx.2001-ci ildən Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2004-cü ildən isə ailə üzvləri ilə birlikdə həmin ünvanında pasport qeydiyyatına alınmışdır.
41. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LWC- 2017/09 saylı “işlər üzrə satınalma müqaviləsindən görünür ki, icraçı, yəni Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə, yəni "xxxx" ASC-yə AR Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli 264S saylı Sərəncamına əsasən “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sualrının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Sabunçu rayonu ərzisində kollektorun tikintisi” işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür.
42. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 37/36- 02348 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı müraciətinə əsasən, həmin ünvana baxış keçirilmiş və baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verdiyi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür.
43. Sabunçu qəsəbə sakinləri Tahir Hacıyev və X3 tərəfindən verilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh MMC tərəfindən mənzillərinə dəymiş ziyana görə müvafiq olaraq Tahir Hacıyevə 29700 manat, X1 isə 3000 manat məbləğində kompensasiya ödənilmişdir.
44. Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Sazişdən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yağış suyu kanalizasiya kollektorunun çəkilişi zamanı qəsəbə küçələri ensiz olduğuna görə X5 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyana görə 3000 manat məbləğində vəsaiti Olqa Neymətovanın hesabına ödəməyi öhdəsinə götürmüşdür.
45. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş (protokol, i.v.101- 102) Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yaşayan X11 (iddiaçının qonşusu, evlərinin divarı bitişik), X12 (iddiaçının qonşusu) və X13 (iddiaçının qonşusu) öz ifadələrində Cavabdeh MMC-nin apardığı qazıntı işləri nəticəsində mənzillərinə maddi ziyan dəydiyini, bunun müqabilində MMC tərəfindən Səyyar Qasımova 12.000 manat, Elçin Əlizadəyə 5.000 manat, Emin Nemətova 3.000 manat məbləğində kompensasiya ödənildiyini bildirmişlər.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2139 saylı, 30 dekabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilin divarlarında olan çatların, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13624,0 manat məbləğində müəyyən olunur.
47. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası FHN-nin Tikintidə X4 Agentliyinə sorğu ünvanlayaraq, Azərbaycan Respublikası FHN-nin Tikintidə X4 Agentliyinin “Azkommonlayihə” Kli-nin verdiyi 25 aprel 2018-ci il tarixli rəylə, Azərbaycan Respublikası FHN-nin Tikintidə X4 Agentliyi tərəfindən verilmiş 24 may 2018-ci il tarixli 3/36-02348 nömrəli rəy arasında ziddiyyətin aydınlaşdırılması və Mühəndis Tikinti Layihə” MMC tərəfindən aparılmış qazıntı işləri zamanı məhz MMC-nin təqsirindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilə zərər dəyib-dəyməməsi ilə bağlı mütəxəssiz rəyinin verilməsi xahiş olunmuşdur.
48. Azərbaycan Respublikası FHN-nin Tikintidə X4 Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-01304 nömrəli məktubda bildirilmişdir ki, Agentliyin “Azkommunlayihə” KLİ-nun mütəxəssisləri tərəfindən ünvan 7 ünvana 2018-ci ildə baxış keçirmişlər. Keçirilmiş texniki baxışın nəticəsinə əsasən fərdi yaşayış evində əmələ gəlmiş nöqsanların "xxxx" ASC-nin sifarişi ilə Sabunçu qəsəbəsində kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsinin olmaması haqqında müvafiq rəy tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, “Azkommunlayihə” KLİ-nun mütəxəssislərinin verdiyi rəyini əsas götürülməsini xahiş edilmişdir.
49. Bundan sonra (təkrar apellyasiya baxışı zamanı) məhkəmənin qərardadına əsasən təkrar ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2651 saylı, 30 sentyabr 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilir ki, Azərbaycan Respublikası FHN-nin Tikintidə X4 Agentliyinin 24 may 2018-ci il tarixli xx/xx-02348 saylı məktubunun məlumatlarını, yaşayış sahəsində olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, qazıntı işlərinin aparılması zamanı əmələ gələn titrəmələri, torpağın kipləşdirilməsi,) nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzilə Cavabdeh MMC tərəfindən aparılmış qazıntı işləri nəticəsində zərərin dəydiyi müəyyən edilir.
50. Daha sonra (təkrar apellyasiya baxışı zamanı) məhkəmənin qərardadına əsasən yenidən təkrar ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7700 saylı, 17 mart 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzildə olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, qazıntı işlərinin aparılması zamanı əmələ gələn titrəmələri, torpağın kipləşdirilməsi) nəzərə alaraq, həmin mənzildə mövcud olan qüsurlar "xxxx" MMC tərəfindən aparılmış qazıntı işləri nəticəsində yaranmaya xarakterik olduğu və bu işlər nəticəsində həmin mənzilə zərər dəydiyi müəyyən edilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin "Azkommunlayihə" KLİ-nun mütəxəssisləri tərəfindən tərtib edilmiş 25 aprel 2018-ci il tarixli rəydə isə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilində mövcud olan deformasiya və çatların yaranmasının "Azərsu” ASC-nin sifarişi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi vağzal ətrafı yağış sularının kənarlaşdırılması layihəsi çərçivəsində "xxxx" MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi olmadığı və həmin evdə yaranmış deformasiyalara səbəbin onun tikinti norma və qaydalarına əməl olunmadan tikilməsindən, bünövrə eninin və dərinliyinin az olmasından, örtük səviyyəsində monolit dəmir-beton kəmərin olmamasından olduğu göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 24 may 2018-ci il tarixli xx/xx-02348 saylı məktubuna əsasən, ünvan 8 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 16 aprel 2018-ci il tarixli müraciətlə bağlı, mütəxəssislərimiz tərəfindən yerində baxış keçirilmişdir. Baxış nəticəsində "Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması" layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verdiyi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq, yaşayış evinin təhlükəsiz istismarını və sakinlərin yaşayışının təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması məqsədbirlər görülməsinə dair aidiyyəti üzrə göstəriş verməyini xahiş edilmişdir.
51. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
53. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (protokol i.v.120) iddiaçıya 3.000 manat pul ödənilməsinə razı olduğunu bildirmişdir.
54. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, onların hər birisini ayrılıqda və birlikdə dəyərləndikdən sonra (yəni həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı işin faktiki halları, şahid ifadələri, ekspert və mütəxəssis rəyləri) məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilir.
55. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi, yəni 13.624 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair düzgün nəticəyə gəlmişdir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova