Məhkəmə qərarları › İş №2(103)-1342/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1342/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1342/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-8482/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 28 faiz ödəmək şərtilə 84 ay müddətinə 2100 manat kredit limiti ayırmışdır. Kredit alan kredit müqaviləsinin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. xx.xx.2019-cu il tarixinə Cavabdeh əsas borc üzrə 2098,55 manat, faiz borcu üzrə 647,25 manat olmaqla, cəmi 2745,80 manat borcu mövcuddur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8482/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 3602tkXLQ/14 saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas borca görə 2098,55 manat, faiz borcuna görə 647,25 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2775,80 manat məbləğində pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması, işə tam, hərtərəfli baxılmadan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, kredit üzrə götürülmüş bütün ödənişləri hər ay vaxtında ödəmiş, heç zaman gecikməsi və ya ödəmədiyi aylıq ödənişləri olmamışdır. O, bankdan 800 manat kredit hesabı istəsə də, bank tərəfindən ona 2100 manat kredit köçürülmüşdür. Bunun səbəbini araşdırdıqda isə ona pulun texniki səhv nəticəsində köçürüldüyü bildirilmişdir. Hazırda banka heç bir məbləğdə borcu yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini və ekspert rəyinin qəbul edilməməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və ekspert rəyinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 3602tkXLQ/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik 28 % ödəmək şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), yəni xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 2100 manatadək kredit limiti açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən borcalan Cavabdeh xx.xx.2014-cü il tarixli 3602tkXLQ/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2098,55 manat, faiz borcuna görə 647,25 manat borcu vardır. “xxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının tələb etdiyi kredit borcunun ödənilməsi təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Hazırki iş üzrə verilmiş apellyasiya şikayətində borc məbləğinin miqdarı mübahisələndirildiyi üçün həmin borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 9/197 saylı xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olundu ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3602tkXLQ/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) banka əsas kredit borcu üzrə 2098.55 manat, faiz borcu üzrə 647.25 manat borcu vardır. Həmin kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixə cavabdehə cərimə borcu hesablanmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bank tərəfindən tələb olunan əsas və faiz borcunun məbləği ekspert rəyi ilə öz təsdiqini tapdığı üçün həmin borcun tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri isə formal xarakter daşımaqla yanaşı, iş materialları ilə təkzib olunur. HəmçininCavabdeh Bankla bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə onun tərəfindən edilmiş ödənişlər nəticəsində Banka daha az borcunun yarandığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 145 manat ekspertiza xərci ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8482/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Cavabdeh ekspertiza xərci olaraq 145 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar