Məhkəmə qərarları › İş №2(103)-13438/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13438/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13438/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 29200 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxx 2017-ci il tarixdə onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 34000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu xx xxx 2022-ci il tarixədək ildə 6800 manat olmaqla qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Cavabdeh 2018-ci ildə cəmi 4800 manat pul ödəmiş, 2018-ci il üçün qalan 2000 manatı isə ödəməmişdir. Ona görə də, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 3797/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 29200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki,2018-ci ildə səhhətində ondan asılı olmayan səbəblər üzündən ciddi problemlər yarandığından həmin il 6800 manat borcun boyük bir hissəsini, yəni 4800 manatı iddiaçıya ödəmişdir. Bununla da bağlı iddiaçıya məlumat vermişdir. İddiaçının isə müqavilə üzrə öhdəliyi vaxtından əvvəl tələb etməsi qanunsuzdur. Müqavilədə göstərilən tarixə qədər o, borcu tam şəkildə ödəyəcəyi halda, məhkəmə işə qeyri-obyektiv yanaşmış və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-3797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində cavabdeh izahatında etiraf etmişdir ki, iddiaçıya 29200 manat məbləğində borcu vardır. Cavabdeh iddianın etiraf olunması barədə birinci instansiya məhkəməsinə yazılı ərizə ilə müraciət etmiş, iddianı etiraf etmənin hüquqi nəticələri ona izah olunmuşdur. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixinədək, borc verənə ildə 6800 manat qaytarmaq şərti ilə 34000 manat borc vermişdir. Cavabdeh həmin borcundan 2018-ci ildə cəmi 4800 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin iddiaçıya 29200 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yaranmışdır və birinci instansiya məhkəməsi cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh səhhətində yaranan problemlər üzündən öhdəliyi tam icra edə bilmədiyi barədə məhkəməyə tutarlı sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi 29200 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Cavabdeh qətnamənin ləğv edilib işə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinin məzmunundan göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməni ləğv edib işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti yoxdur. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 3797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar