Məhkəmə qərarları › İş №2(103)-1344/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1344/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1344/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2156/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25723.49 manat əsas, 79,44 manat faiz, cəmi 25802,93 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 184,57 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2156/2022 saylı, 25 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25723,49 manat əsas, 79,44 manat faiz, cəmi 25802,93 (iyirmi beş min səkkiz yüz iki manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 184,57 (bir yüz səksən dörd manat əlli yeddi qəpik) manat dövlət rüsümu və bildirişin qeydə alınmasına görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 110.000 (bir yüz on min) manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh və digər şəxslərin mənzili tərk etmələri qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinin 3.1.6-cı bəndində borc alanın 60 gün ərzində ona verilmiş əsas borc hissəsini və onun faizini ödəniş cədvəli ilə ödəmədikdə annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə, kredit müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə bağl ımüvafiq əsaslar yaranır. Onda kreditor borc alandan borc qalığının hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilməsi göstərilir. Eyni zamanda Bankla bağlanmış ipoteka müqaviləsinin 2.5.6.-cı bəndinə əsasən, ipoteka ilə təmin olunmuş öhdəliklər üzrə annuitet ödənişlər 12 ay ərzində ardıcıl olaraq, 2 dəfədən çox gecikdirildikdə, borcun ipoteka predmetinə yönəldilməsinə yol verilir. O da nəzərə almalıdır ki, borclu hal hazırda kredit ödənişi üzrə qalıq 3629 manat qalıq borcunun ödənişini etmişdir və ona verilmiş 102 aylıq ödəniş cədvəlində müəyyən edilmiş aylıq ödəniş cədvəllərini ödəmədə qabaqlamışdır. Birinci instansiya məhkəməsinin baxışı ərəfəsində cavabdeh kredit ödənişi cədvəlində buraxılmış aylıq ödənişlər təsnifatında gecikməni aradan qaldırmış, ödəniş cədvəlini qabaqlamışdır. Beləliklə, kreditin qaytarılması üçün müəyyən edilmiş 102 aylıq müqavilə müddəti üzrə ödəniş cədvəli tam bərpa edilmişdir. Odur ki, cavabdehə iddiaçının ödənişlərdə müqavilə müddəti çərçivəsində ödənişlərinin bərpa edilməsinə şərait yaratmaması cavabdehin əmlakını teztələsik satdırmaq yolu ilə kreditin tələb edilməsi mövqeyi mübahisəlidir. Belə ki, bağlanmış müqavilədə onsuzda gecikmə baş verdiyi halda, müqavilənin şərtinə uyğun olaraq dəbbə pulu hesablanması müəyyən olunur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbində irəli sürdüyü bu tələblərin məhkəmə tərəfindən düzgün qiymətləndirilməsi baş verməmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmadığı üçün, ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Mübahisələndirilən qətnamədə iddiaçı kredit müqaviləsinin 1.2-ci bəndinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması və nəticədə İddiaçı ASC-nin kredit müqaviləsi bağlananda ümid etdiyi haqqlardan məhrum olduğunu bildirir. Məhkəmə bu mövqeni çıxartdığı qətnamənin əsası kimi qəbul etməklə, cavabdehin hüquqlarını pozur. Cavabdehin hüquqlarının pozulması orda ifadə olunur ki, bağlanmış kredit müqaviləsinin müddəti 102 aydır. Müqavilənin müddətinin başa çatmasına təxminən 23 ay qalmışdır. Kreditin ödənilməsinin zəmanəti olaraq ortada əhəmiyyətli daşınmaz əmlak, mənzil girov qoyulmuşdur. Əgər hesab ediləs ki, cavabdeh baş verən iqtisadi çətinlikdən kreditin ödənilməsi cədvəlinə əməl edilməməsi, kreditin ödənilməsindən imtina edilməsi anlamını vermir. Eyni zamanda girov müqaviləsi və kredit müqaviləsində kreditin ödənməsində ödəmə vaxtları pozulduğu halda, cavabdehin krediti gecikdirməsinə görə vaxtında ödəməməsinə görə dəbbə pulu, yəni iddiaçıya gecikmiş müddət üçün dəymiş zərəri cavabdehdən tələb etmək hüququna malikdir. Həmçinin, dəymiş zərərin tələb edilməsini müstəqil qaydada da həyata keçirə bilər. İddiaçı isə bu hüquqlardan istifadə etmir və kredit müqaviləsinin müddətinin başa çatmasına 24 ay qaldığı halda, birbaşa ödənməyən kredit məbləğinin, ödənməsi zəruri olan kredit məbləğinin girov əmlaka yönəldilməsini tələb edir. Məhkəmə bu qarşılıqlı münasibəti düzgün təhlil etmir. Belə ki, cavabdeh özünün etirazında da bildirir ki, o kreditin gecikdirilmiş hissəsinin ödənilməsindən yayınmır və bu ödəmə cədvəlində baş vermiş ötürülmüş müddətlərin bərpa etməyi, kredit öhdəliyini də yerinə yetirəcəyinə məhkəmənin diqqətinə cəlb etsə də məhkəmə bu qarşılıqlı münasibəti düzgün qiymətləndirmədən tələsik qətnamə çıxarır və nəticədə bu məsələyə AR Mülki Məcəllə ilə müəyyən edilmiş 17-18-ci maddələrin tətbiqi baxımından cavabdehin qanunla qorunan hüquqlarını pozur. Odur ki, qətnaməni əsaslı və qanunu hesab etmir. Cavabdeh olaraq mən kredit ödənişlərində gecikməni aradan qaldırmış və ödənişi cədvəl üzrə qabaqladığı halda, bu barədə məhkəməyə məlumat versə də, Nəsimi Rayon Məhkəməsi bu əhəmiyyətli faktı nəzərə almamışdır. Hesab edir ki, məhkəmə bunu araşdırmalı idi. Halbuki, ödəniş gecikdirməsinin aradan qaldırması faktı iddiaçının tələbinin xitamı üçün əsaslar yaradan hüquqi faktdır. AR CPM nin 399.1.1–ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslardan sayılır.

Apelyasiya baxışı zamanı verilən izahatlar

5. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya baxışı zamanı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

6. Apellyasiya baxışı zamanı məhkəmə baxışında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 ərizənin təmin olunaraq mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

11. Kollegiya cavabdehin təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda cavabdehin təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 2(103)-1344/2023 saylı mülki iş üzrə apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2156/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına Cavabdeh münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar