Məhkəmə qərarları › İş №2(103)-1345/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1345/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1345/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 280/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən zərərin əvəzinə görə cavabdehdən 2000 manat pul tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən maddi ziyana görə 229 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə və aşağıdakı siyahıda sadalanan əşyaların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

1. Armudu stəkan- 17 ədəd

2. Bakallar (pivə) - 17 ədəd

3. Rumka - 10 ədəd

4. Colastəkanı - 13 ədəd

5. Çaxır bakalı - 4 ədəd

6. Kül qablar- 16 ədəd

7. Fincanlar- 16 ədəd

8. Ketçupqabı - 19 ədəd

9. Çaynik-13 salamat – 2 sınıq

10. Kasa-5 böyük - 2 balaca

11. Qəndqabı - 2 ədəd

12. Nəlbəki - 13 ədəd

13. Limon qabı - 2 + 6 limon çəngəli

14. Düz boşqab - 21 ədəd

15. Kiçik boşqab - 21 ədəd

16. Güllü salat qabı - 18 ədəd

17. Böyük düz boşqab - 6 ədəd

18. Aş qabı - 6+ 3 (dərin) + böyük

19. Adi dərin boşqab 19 +2 bulud

20. Tava - 9 ədəd 4 ədəd balaca 5 ədəd böyük

21. Qazarı - 9 ədəd

22. Şişlər - 17 ədəd

23. Çəngəl - 18 ədəd + 9 balaca

24. Xörək qaşığı - 6 ədəd

25. Yağ bıçağı - 18 ədəd

26. Çay qaşığı 9 ədəd + 8 balaca

27. Bıçaq - 8 ədəd + 1 ədəd ət bıçağı

28. Padnos - 3 ədəd

29. Süzgəc -1 ədəd kartof əzən 1 ədəd ət döyən 1 ədəd kəfgir 2 ədəd

30. Kabab kartof setka - 3

31. Sac - 1 ədəd 32. ətçəkən maşını – 1 ədəd 33. ət kartof çevirən- 6 ədəd

34. duz qabı - 19 ədəd (qarışıq)

35. xaledinik (soyuducu) - 4 ədəd, 3 işlək

36. elektronik çaynik- 1 ədəd

37. qazan - 10 ədəd

38. Tava - 6 ədəd + 1

39. Çaydan -2 ədəd

40. ət çəkən 1 ədəd

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Yasamal rayonu Haqverdiyev küçəsi 3A ünvanda yerləşən ümumi sahəsi 89.8 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Bir müddət sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh ona xəbər vermədən, obyekti ona təhvil-təslim etmədən obyekti bağlayaraq, ona məxsus 1 ədəd dəyəri 450 manat olan soyuducu, 12 ədəd qazan dəsti, 10 ədəd tavalar, stəkanlar, bakallar, boşqablar, nəlbəki dəstləri, bıçaq dəsti, piti qabları, 5 ədəd plastmass stullar, 1 ədəd stol, ümumilikdə 1250 manat dəyərində əşyalarını özü ilə götürüb aparmışdır. Bu azmış kimi, kafedəki ikinci soyuducunu qəsdən xarab edərək, yararsız hala salmışdır. Ondan əlavə obyektin otaqlarındakı divar kağızlarını cırmış, obyektin qarşısında dəyəri 120 manat olan iki reklam lövhəsini qıraraq, yerə atmışdır. Habelə, kafenin qarşısında yerə döşənmiş döşəmələri söküb aparmışdır. Sözügedən obyekti icarəyə götürüb işlətdiyi vaxtda cavabdehin “xxxx” ASC-yə 250 manat borcu yığılmışdır. Faktla bağlı hətta hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ona zərər dəymişdir, bu baxımdan da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-280/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçıya dəyən maddi ziyana görə 229 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 127 manat pulun iddiaçıya aid edilməklə İddiaçı 127 (bir yüz iyirmi yeddi) manat pulun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-280/2020 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, qətnamə çox ciddi maddi və prosessual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmlakına vurulan ziyan obyektiv araşdırılmamışdır. Təqdim etdiyi foto şəkillərdən də bəlli olur ki, cavabdeh tərəfindən ona ziyan dəymişdir. Bundan əlavə, ekspert düzgün rəy verməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmiş və əslində qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni iddianın təmin edilməyən hissəsində yoxlayır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarə verən İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 89,8 kv.m olan qeydi-yaşayış sahəsini xx.xx.2023-cü il tarixədək icarəçi Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “icarəçi” tərəfindən ödənilir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 124 manat, xx.xx.2019-cu il tarixdə 105 manat olmaqla, “xxxx” ASC-yə ümumilikdə 229 (iki yüz iyirmi doqquz) manat pul ödəmişdir. İş materiallarında olan siyahılardan görünür ki, müxtəlif tarixlərdə iddia ərizəsində qeyd edilən əşyaların siyahıları tutulmuşdur. Məhkəmənin qərarı əsasında aparılmış və mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/77 saylı, xx xxxx 2020-ci il tarixli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş 2(004)- 280/2020 nömrəli mülki işin 27-ci vərəqinin arxa tərəfində olan "30.03.18" tarixli əşyaları əks etdirən siyahıdakı yazılar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(004)-280/2020 nömrəli mülki işin 26-cı vərəqinin ön və arxa hissəsində əşyaları əks etdirən siyahıdakı yazılar və 27-ci vərəqinin ön tərəfində "xx.xx.2018" tarixli əşyaları əks etdirən siyahıdakı yazılar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı 40 adda məişət əşyalarının qaytarılması hissəsində rədd edərkən həmin əşyaların cavabdehdə olmasının iddiaçı tərəfindən sübuta yetirilmədiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı ərizədə sadalanan məişət əşyalarının qarşılıqlı razılıq əsasında cavabdehə təhvil verildiyini, hazırda cavabdehin həmin əşyaları özündə saxlamaqla, ona qaytarmadığını bildirir. Cavabdeh isə həmin əşyaların ona təhvil verilmədiyini və hazırda onda olmadığını, əksinə icarə obyektini tərk edərkən onun özünə məxsus olan əşyaların orada qaldığını bildirməklə, iddiaçının dəlillərini təkzib edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normaları təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsnə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk növbədə qarşı tərəfin onun hesabına əsassız varlandığını, hazırkı halda tələb edilən əşyaların cavabdehdə olduğunu sübuta yetirməlidir. İddiaçı bu məqsədlə 40 adda məişət əşyalarının onun tərəfindən cavabdehə təhvil verildiyini, lakin cavabdeh icarə obyektini tərk edərkən həmin əşyaları ona qaytarmadığını göstərmiş, bunun təsdiqi olaraq əllə tərtib edilmiş siyahıları sübut kimi məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə həmin siyahılardan yalnız birinin arxa səhifəsində olan siyahıdanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Həmçinin, bu siyahılardan onların hansı məqsədlə tərtib edilməsi, orada sadalanan əşyaların cavabdehə təhvil verilibverilməməsi müəyyən edilmir. Beləliklə, müəyyən edilir ki, iddia tələbində sadalanan 40 adda məişət əşyasının iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi və həmin əşyaların hazırda cavabdehdə olması sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-280/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşad Həsənov

Hakimlər: Məmməd Məmmədov

Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar