Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1345/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3926/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2,8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh Xudafərin MMC ilə xx.xx.2005-ci il tarixdə 13 saylı müqavilə bağlayaraq Bakı şəhəri Atatürk prospekti 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin A4 korpusunun birinci mərtəbəsində C hərf oxları ilə 16-19 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsini 427.800.000 AZM almış, qeyriyaşayış sahəsinin dəyərini müqavilə bağlandığı gün cəmiyyətin kassasına ödəmiş, qeyriyaşayış sahəsinin sərhədləri müəyyən olunaraq ona göstərilmişdir. İddiaçı2 Məmməd oğlu Cavabdeh MMC ilə xx.xx.2005-ci il tarixdə 14 saylı müqavilə bağlayaraq Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin A5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsini ********* AZM almış, qeyri-yaşayış sahəsinin dəyərini müqavilə bağlanan gün cəmiyyətin kassasına ödəmiş, sahənin sərhədləri müəyyən edilərək ona göstərilmişdir. 2015-ci ilin noyabr ayında iddiaçılara məlum olmuşdur ki, Cavabdeh MMC ilə X1 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış 23 saylı müqaviləyə əsasən Bakı şəhəri Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində Cavabdeh MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1ci və 2-ci mərtəbəsində yerləşən və layihə üzrə nəzərdə tutulmuş 4564 kv.m qeyri-yaşayış sahəsi İ.A.Ağarəhimova satılmış, sonuncu həmin qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd almışdır. Beləliklə xx.xx.2005-ci il və xx.xx.2005-ci il tarixli müqavilələr əsasında iddiaçılara göstərilən qeyri-yaşayış sahələri dörd aydan sonra İ.A.Ağarəhimova satılmışdır. İddiaçılar hüquqlarının pozulması ilə əlaqədar 2016-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh MMC ilə X1 arasında mübahisəli qeyri-yaşayış sahələrinə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sahələrdən onların istifadəsi üçün yaranmış maneələrin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsi məqsədilə iddia qaldırılmış, uzun sürən məhkəmə çəkişmələri iddia tələblərinin təmin olunmaması ilə yekunlaşmışdır. Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində Cavabdeh MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 99 kv.m və 93 kv.m qeyriyaşayış sahəsini iddiaçılara satmasını həm təqdim etdiyi rəsmi sənədlərlə həm də, məhkəmələrdə verdikləri izahat və ifadələrlə təsdiq etmişdir. Cavabdeh MMC hazırda da iddiaçıların həmin qeyri-yaşayış sahələrini aldıqlarını, dəyərini MMC-nin kassasına ödədiklərini inkar etmir. Buna baxmayaraq, hal-hazıra kimi Cavabdeh MMC İddiaçı1 ilə bağladığı xx.xx.2005-ci il və İddiaçı2 Məmməd oğlu ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və müvafiq olaraq 99 kv.m və 93 kv.m qeyri-yaşayış sahələrini iddiaçılara təqdim etməmişdir. Bu isə mülki qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq tələblərin pozulması deməkdir. Cavabdeh MMC-nin müqavilə öhdəliklərini icra etməməsi göz qabağındadır. Ona görə də məhkəmə tərəfindən Cavabdeh MMC-nin üzərinə İddiaçı1 ilə xx.xx.2005-ci il tarixdə bağladığı 13 saylı müqaviləyə uyğun olaraq İddiaçı1 Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsinin, İddiaçı2 ilə xx.xx.2005-ci il tarixdə bağladığı 14 saylı müqaviləyə uyğun olaraq Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı2 təhvil vermək vəzifəsi qoyulmalıdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3926/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd olunmuşdur.
4. İddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-3926/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdirlər.
5. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, mübahisənin predmeti qeyri-yaşayış sahəsidir. İddiaçılar İddiaçı1 VÖEN-i vardır. İddiaçıların hər ikisi sahibkardır. Mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
9. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
14. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
15. 32.3-32.5-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 16.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Həmin Qərarın 16-cı və 17-ci bəndlərində qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPM-nin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3926/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
19. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır.
20. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.
21. İş materiallarından göründüyü kimi, fərdi sahibkar (VÖEN **********) olan İddiaçı1 və İddiaçı2 tərəf olduqları müqavilələr üzrə mübahisəli qeyri-yaşayış sahələrinin təhvil verilməsini xahiş edirlər. İddiaçıların irəli sürdüyü tələblər iştirakçıların subyekt tərkibinə, tələblərin mahiyyət və məzmununun yaxınlığına, mübahisələndirilən hüquq münasibətlərinin bir-biri ilə bağlı olmasına, araşdırılan tələblərin söykəndiyi sübutların eyniliyinə görə bir-biri ilə əlaqəlidir.
22. Buna baxmayaraq bir-biri ilə əlaqəli olan və bir icraatda baxılması mümkün olan iki tələbdən biri (İddiaçı1 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s.) kommersiya məhkəməsinə, digəri isə (İddiaçı2 Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin təhvil verilməsi və s.) ümumi məhkəməyə aiddir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən həmin tələblər üzrə birlikdə verilmiş iddiaya kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, hazırki tələblər sözügedən maddənin dispozisiya şərtlərinə cavab verdiyi üçün İddiaçı2 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s. tələbinə kommersiya məhkəməsində baxılması mümkündür.
23. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisəyə, yuxarıda qeyd edilənlərə əsasən ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
24. Halbuki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
25. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3926/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
26. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3926/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xudafərin MMC-yə qarşı Xudafərin MMC-yə Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 istifadəsinə və mülkiyyətinə verilməsi, Bakı şəhəri Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş iki mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində hündürlüyü 2.8 metr, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 ifadəsinə və mülkiyyətinə verilməsi vəzifələrinin həvalə edilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova