Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1347/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1391/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 220-1AL/HMK nömrəli xx.xx.2017-ci il tarixli lizinq müqaviləsindən görünür ki, Lizinq predmeti Borclunun seçimi ilə, hazırkı müqaviləyə əlavə olan Spesifikasiyada (hazırkı müqaviləyə Əlavə №1) müəyyən edilmiş tərkib və xomplektasiyada, Lizinqverən ("NİKOYL” Lizinq Kompaniyası MMC) tərəfindən 65 P/AL/AKM/ №-li 14 may 2013-cü il tarixli təchizat (alqı-satqı) müqaviləsinə əsasən irəlidə Satıcı adlanacaq uyğun olaraq X5 alınmış əmlakdır. Borclu Lizinqverənin razılığı ilə Lizinq predmetindən istifadə etmək və sahiblik hüququ da daxil olmaqla lizinq müqaviləsi üzrə bütün hüquqlarını və öhdəliklərini tam həcmdə Lizinqalana (İddiaçı) verir, Lizinqalan isə Borclunun lizinq müqaviləsi üzrə Lizinq verən qarşısında olan öhdəlikləri Borclunun əvəzinə tam şəkildə icra etməyi, o cümlədən hazırkı müqavilə imzalandığı tarixdən sonra olan lizinq və digər ödənişlərin Lizinqverənə ödənilməsi hüququ da daxil olmaqla, öhdəsinə götürür. Lizinqverən Lizinq predmetinin seçiminə görə məsuliyyət daşımır. Lizinqalan lizinq müqaviləsi ilə tam tanış olub və həmin müqavilə üzrə olan hazırkı müqavilə imzalandığı tarixə qədər Borclunun icra etmədiyi və ya lazımınca icra etmədiyi öhdəlikləri üzrə Lizinqverən qarsısında heç bir məsuliyyət daşımır. Lizinqalan Lizinq müqaviləsi üzrə hüquqları və öhdəlikləri hazırkı müqavilə imzalandığı tarixdən əldə edir. Hazırkı müqavilənin imzalanması lizinq müqaviləsinin etibarsızlığına səbəb olmur.
2. 220-1AL/HMK nömrəli xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əlavədən görünür ki, "HOVO” markalı özüboşaldan nəqliyyat vasitəsi üçün müqavilənin ümumi məbləği 25618 manat müəyyən edilmişdir.
3. xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, "NİKOYL” Lizinq Kompaniyası MMC-yə məxsus "HOVO” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə və istifadə hüququ X1 verilmişdir.
4. xx.xx.2018-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, KAMAZ-65225-014-22 markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X7 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, "hadisə kamaz markalı avtomobilin sürücüsünün manevretmə qaydasını düzgün yerinə yetirməməsi səbəbindən baş vermiş, nəticədə Hovo markalı avtomobillə toqquşmuşdur” qeyd edilmişdir.
5. "Yevlax Kəndnəqliyyat” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 05 nömrəli rəydən görünür ki, Hovo markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərci 12480 manat təşkil edir.
6. Goranboy rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli 197-1802-1218 nömrəli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından görünür ki, hadisəni törədən Kamaz 65225 markalı yük avtomobilinin mülkiyyətçisi "Azenco” ASC, sürücüsü isə X15 olmuş, hadisə nəticəsində mülkiyyətiçisi "Nikoyl Lizinq” olan Hovo markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi əzilmiş, mülkiyyətçisi "Azəravtoyol” ASC olan bir ədəd işıq dirəyi yararsız vəziyyətə düşmüşdür.
7. "23 №-li Yol İstismarı” MMC tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur yararsız hala düşməklə, dəymiş ziyanın məbləği 1800 manat olmuşdur. X15 tərəfindən xx.xx.2018-ci il tarixdə 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur natura şəklində bərpa olunmuşdur. Ona görə də, dəymiş ziyan barədə vətəndaş X10 qarşı heç bir iddiaları yoxdur.
8. Əmək müqaviləsindən və xx.xx.2018-ci il tarixdə çap olumuş əmək müqaviləsi bildirişindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdən "Azenco” ASC-də sürücü kimi işləmişdir.
9. xx.xx.2018-ci il tarixli KM-5 nömrəli xidmət müqaviləsindən görünür ki, müqaviləyə əsasən, icraçı İddiaçı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı ilə (bundan sonra Müqavilənin obyekti adlandırılacaq) Sifarişçi "Tunel Tikinti Servis” MMC-nin Müqavilə obyektinin təyinatına uyğun (Torpağın, Atsepin, Şebenin əraziyə daşınması hər reysinə görə 165 manat məbləği nəzərdə tutulmuşdur) işlərini yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində icraçıya xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
10. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı, torpaq qazma işləri üçün xx.xx.2018 tarixinə qədər işləmiş, xidmətin ümumi dəyəri 16945 manat olmuşdur. xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı, torpaq qazma işləri üçün xx.xx.2018 tarixinə qədər işləmiş, xidmətin ümumi dəyəri 15000 manat olmuşdur.
11. AZ-220170 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
12. HTS 01\08 nömrəli xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, "İcarəçi” M-NAF MMC, "İcarəyə verən” "HİDRO TİKİNTİ SERVİS” MMC (direktoru İddiaçı) olmaqla, "İcarəyə verən”, qanuni əsaslarla ona məxsus olan Texnikanı bu Müqavilə müddətində İcarəçi tərəfdən tələb edilən periodlarda icarəyə verir, tələb olunan xidmətləri göstərir və texnikanı idarə edən personal ilə daimi təmin edir, Bu müqavilədə qeyd edilən Texnikanın icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur.
13. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7052 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "Yevlax Kəndnəqliyyat” ASC tərəfindən tərtib edilmiş 28.0l.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "Hovo Z2173317N3867V” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10251,0 manat müəyyən edilir.
14. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/787 nömrəli rəydən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitərində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri itisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.
15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1955 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "Yevlax Kəndnəqliyyat” ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "Hovo Z2173317N3867V” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10251,0 manat müəyyən edilir.
16. "Enterprise” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus ** JD *** nömrə nişanlı HOVVO markalı yük avtomobilinin təmir işərinin bir hissəsi həmin şirkət tərəfindən aparılmışdır və 2018-2019-cu illərdə HOWO və CHAGMAN markalı yük avto maşınlarının ehtiyyat hissələri çətin tapıldığına görə onların təmiri uzun müddət (6 aydan yuxarı) çəkmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi və mənəvi ziyanın, həmçinin əldən çıxmış faydanın - gəlirin hesablanaraq "Azenco” ASC tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sonradan iddiaçı məhkəməyə iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona dəymiş ümumi 36280 (7480+1800+(27000 - 6 aylıq qazanc)) manat ziyanın "Azenko” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində Bakı-Qazax yolunun 281.7-ci km-də "AZENCO” ASC-yə məxsus KAMAZ-65225-014-22 markalı, **-YN- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən X15 ona məxsus olan "NİKOYL” Lizinq Kompaniyası MMC-dən kredit müqaviləsi əsasında aldığı "HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun avtomobil vasitəsinə ciddi ziyan dəymiş, həm də avtomobil yolunda olan qoruyucu sədd və işıq dirəyi dağılmışdır. İşıq dirəyinin dağılması nəticəsində avtomobil yoluna 1800 (min səkkiz yüz) manat ziyan dəymişdir. Dövlət yol polisinin təqdim etdiyi İXP ******* saylı xx.xx.2018ci il tarixli inzibati xəta haqqında protokola əsasən sürücü X15 hərəkətdə olarkən manevr etmə qaydasını düzgün yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək yol hərəkəti qaydasını pozmuşdur. Onun avtomobilinə dəymiş maddi ziyanın hesablanması üçün həmin ərazidə yerləşən "Yevlax Kəndnəqliyyat” ASC-yə müraciət etmişdir, "Yevlax Kəndnəqliyyat” ASC-nin 05 saylı xx.xx.2018-ci il tarixli rəy protokoluna əsasən onun avtomobilinə dəymiş ziyan o vaxtki bazar qiymətləri ilə hesablanaraq 12480 (on iki min dörd yüz səksən) manat məbləğində dəyərləndirilmişdir. Həmçinin o, avtomobil yoluna dəymiş ziyanın əvəzi olaraq "23 saylı yol istismarı” MMC-yə 1800 (min səkkiz yüz) manat ziyanı ödəmişdir və bu barədə də həmin yol idarəsindən arayışı vardır. Ona dəymiş maddi ziyanın (12480 manat) 5000 (beş nin) manatı "Pasa Sığorta” Şirkəti tərəfindən ödənilmişdir, ona dəymiş ziyanın 9280 (doqquz min iki yüz səksən) manat qalığının ödənilməsindən "AZENCO” ASC bu günə qədər də yayınır, yuxarıda qeyd edilən avtomobil nəqliyyatının sürücüsü X15 vəfat etmişdir. Ona görə də cavabdehlik avtomobil nəqliyyatının rəsmi sahibi "AZENCO” ASC-yə keçmişdir. O, avtonəqliyyat vasitəsini kredit - lizinqlə aldığı üçün hər ay 1620 (min altı yüz iyirmi) manat kredit borcu ödəmişdir. Onun avtomaşını hadisə baş verənə qədər Azərbaycan Respublikası ərazisində hər ay müxtəlif işlər görərək 4500 (dörd min beş yüz) manata qədər qazanc gətirirdi. Onun maşınını 6 ay müddətinə təmir etdirmək mümkün olmadı. Göründüyü kimi 7480 manat avtomobilin təmiri üçün dəymiş ziyandan, 1800 manat yol idarəsinə ödədiyi pul və 6 ay müddətində avtomobilinin gətirdiyi 4500 manat qazancdan məhrum olduğuna görə xeyli ziyan dəymişdir. Buna görə də həmin məbləğlərin hamısı cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehlərin təqsirinə görə vurulmuş onlar tərəfindən ödənilməli, əks halda həmin ziyanın ödənilməsi hadisəni törədən KAMAZ markalı avtonəqliyyat vasitəsinə yönəldilməlidir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1391/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "AZENcO” Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 5251 manat, mənəvi zərərə görə 800 manat, ümumilikdə 6051 manat alınaraq iddiaçı X6 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X2 88,33 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, cavabdeh "AZENCO” Açıq Səhmdar Cəmiyyətindən 80, 51 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 100 manatın cavabdeh "AZENCO” Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X4)
21. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 10251,0 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmalıdır. Məhkəmə, iddia tələbinin 1800 manat məbləğində vurulmuş zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, iddiaçı 1800 manat məbləğin ödənilməsinə dair sübutetmə vəzifəsi daşıyır. Lakin o, həmin məbləğin ödənilməsini təsdiq edən sübutları iş materiallarını əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan xx.xx.2018-ci il tarixli "23 №-li Yol İstismarı” MMC-nin məktubundan görünür ki, X15 tərəfindən xx.xx.2018-ci il tarixdə 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur natura şəklində bərpa olunmuşdur. Məhkəmə iddia tələbinin 27000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hal da sübutetmə yükü ilə bağlıdır, iddiaçı 27000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı sübutetmə vəzifəsi daşıyır. Belə ki, əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər hadisənin baş verdiyi tarixdən sonrakı dövrə aid olmaqla, hadisəyə qədər "HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobilindən istifadə edilməsi nəticəsində əldə edilən gəlir məbləğinin hesablanmasında nəzərə alına bilməz. iddia tələbinin "mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli, iddiaçı X6 məxsus olan daşınar əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 800 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097-ci, 1099-cu, 1108.1-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 124-cü, 119.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "xxxx" ASC tərəfindəntərtib olunmuş qusur AKTİ sübut kimi qəbul edilə bilməzdi. Həmin qüsur aktı əllə yazılmış, qüsur aktının həqiqiliyini sübut edən alt sənədlər yəni nəqliyyat vasitəsinin foto şəkilləri və digər sənədlər öz əksini tapmamışdır. Digər tərəfdən, iddiaçı nəqliyyat vasitəsinin ona məxsus olması barədə heç bir sübut təqdim etməyib. O cümlədən ‘Paşa Bank” ASC tərəfindən verilən ölkədaxili #001AZ**********5 saylı bank sənədinə əsasən məlum olur ki, **-JD-*** nömrəli nəqliyyat vasitəsi üçün icbari sığorta ödənişi “X8” MMC-yə ödənilmişdir. Dəfələrlə məhkəmə iclasında iddiaçıya təklif olundu ki, nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərclərin hansısa sübutunu təqdim etsin. Lakin o bu barədə sübut gətirə bilməmişdi. Bəs nəqliyyat vasətəsi necə təmir olundu sualına isə iddiaçı belə cavab verdi ki, nəqliyyat vasitəsini özü təmir etmişdir. Halbuki, qüsur aktına diqqət yetirsək orada dəmirçi, rəngsaz, çilingər, elektrik və qaynaqçı üçün xərclər nəzərdə tutulub. İddiaçı o cümlədən ehtiyyat hissələrinin alınması və ya baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ümumiyyətlə hansısa çəkilmiş xərclər barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onlar zərər dəyməsini mübahisələndirmirlər. Sadəcə avtomobilə görə dəymiş zərər qismində tələb edilən məbləği mübahisələndirirlər. Avtomobilə dəymiş zərər şişirdilmiş məbləğdir. Sığorta tərəfindən ödənilmiş puldan əlavə dəymiş zərər qismində 1000 manat ödəniş etməyə razıdırlar. Qalan hissədə məbləğ şişirdilib. Aktda da rəngsaz, dəmirçi və sair işçi haqları yazılmasına baxmayaraq avtomobili özünün düzəltməsini bildirmişdir. Mənəvi zərərlə bağlı hissəsinə gəldikdə isə burada mənəvi zərərdən söhbət gedə bilməz. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə həmin hissədə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman 0, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırki qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməklə rədd edilməsi xahiş edildiyindən qətnamə məhz iddianın təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
34. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
35. Hazırkı işin faktiki hallarına əsasən "HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobili "NİKOYL” Lizinq Kompaniyası MMC-ə məxsus olmaqla, lizinq müqaviləsi əsasında X11 tərəfindən alınmış, onun istifadəsində və sahibliyində olmuşdur, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə ziyan vurulmuşdur, həmin hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, "AZENCO” ASC-yə məxsus olan KAMAZ-65225-014-22 markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X15 "manevretmə qaydasını düzgün yerinə yetirmədiyinə” görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı hadisə nəticəsində onun maşına dəymiş maddi ziyanı tələb edir.
36. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1955 nömrəli ekspert rəyinə əsasən "HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobilə vurulmuş ziyanın məbləği 10251,0 manat müəyyən edilmişdir. Göründüyü kimi, X7 təqsirli hərəkətləri nəticəsində iddiaçı X6 maddi ziyan vurulmuş və dəymiş ziyan hesablanarkən də sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmışdır.
37. Məhkəmə kollegiyası avtomobilə dəymiş maddi zərərlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, avtomobilə zərərin dəyməsi işin mübahisəsiz halı olduğu kimi, həmin məbləğin məhz 5000 manat sığorta xərci ilə birlikdə əlavə 1000 manat nəzərə alınmaqla 6000 manat olması da təsdiqini tapmır. Yəni cavabdeh tərəf zərərin məhz bu qədər olmasını qeyd etsə də, bu halı əsaslandırmamışdır. Qiymətlərin şişirdilməsini eyni zamanda qüsur aktında dəmirçi, rəngsaz, çilingər, elektrik və qaynaqçı üçün xərclər nəzərdə tutulmasını lakin iddiaçının avtomobili özünün düzəltməsini bildirməsi ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, avtomobilə dəymiş zərər hesablanarkən görülməli olan işlər üzrə usta xərclərinin də hesablanmış olması normaldır. Çünki bunlar görüləcək işlərə görə zəhmət haqqıdır. Lakin qəbul etsək ki, iddiaçı tərəf cavabdehin də qeyd etdiyi kimi, avtomobili özü düzədib, bu hal göstərilən xərclərə dair hissədə iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, belə olsaydı da həmin zəhmət haqqının məhz iddiaçı tərəfin özünün cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ekspert rəyinə münasib olaraq sığorta haqqı çıxıldıqdan sonra 5251 manat pulun tutulması qanuni və əsaslı olmaqla həmin hissədə qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas yoxdur.
38. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması barədə düzgün nəticəyə gəlsə də, kollegiya təyin edilən mənəvi zərərin məbləğini ağlabatan hesab etmir Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən tutul mənəvi zərərin məbləği ağlabatan həddə azaldılmalıdır.
39. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin miqdarını adekvat və ağlabatan hesab etməyən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mənəvi zərərin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, Cavabdeh ASC-dən dəymiş mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1391/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh ASC-dən dəymiş mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul alınaraq İddiaçı verilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi maddi zərərin məbləği 5251 manat olmaqla, Cavabdeh ASC tərəfindən də avtomobilə dəyən maddi zərərə görə ümumi məbləğdən sığorta təşkilatı tərəfindən ödənilən 5000 manat məbləğ çıxıldıqdan sonra 1000 manat olması kimi qəbul edilməsi (məhkəmə iclasında) qeyd edilməklə həmin hissəni də ümumi məbləğdən çıxdıqda iddianın qiyməti ümumilikdə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1391/2023 nömrəli, 17 oktyabr 2023cü il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh ASC-dən dəymiş mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.