Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13475/2019 04.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4578/2019 saylı qətnaməsindən iddiaçı və cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 100.980 manat pul vəsaitinin tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu ərazisində yerləşən və keçmişdə Mendeleyev küçəsi 25 ünvanında olan daşınmaz əmlak ona məxsusdur, o, hazırda Rusiya Federasiyası vətəndaşıdır və uzun illərdir ki, Azərbaycandan kənarda yaşayır. Onun mənzilini məlum hadisələrdən sonra Ağdam rayonundan məcburi köçkünlər zəbt etmişdilər. Ölkə hüdudlarından kənarda yaşadığı üçün mənzilə tez-tez baş çəkə bilməsə də, Azərbaycan Respublikasına hər dəfə gəldiyi zaman mənzilinə baş çəkirdi. Bir neçə ilə öncə, yəni 2014-cü ilin sonlarında son gəlişi zamanı mənzilinin söküldüyü və yerində yeni yaşayış binasının tikildiyini bilmiş, binanın “xxxxx” MTK-ya məxsus olduğu bildirilmişdir. Dəfələrlə binanın idarəediciləri ilə görüşərək mənzilinin dəyərinin ödənilməsi üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə “xxxxx” MTK-ya qarşı pul tələbi ilə müraciət etmiş, Nəsimi Rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 100.980 manat pul vəsaitinin ödənilməsi qət edilmiş, cavabdeh apellyasiva şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir və həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Həmin qətnamədə məhkəmə kollegiyası müəyyən etmişdir ki, ona məxsus mənzili sökən “xxxxx” MTK deyil, “xxxxxxxxxxxxx” MMC-dir. “xxxxx” MTK isə yalnız yeni yaşayış binasının idarə edilməsi üçün yaradılmışdır. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, onun mənzili “xxxxxxxxxxxxx” MMC tərəfindən sökülmüş və maddi zərər də məhz sonuncu tərəfindən vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4578/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. “xxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mahiyyəti üzrə haqlı və ədalətli olsa da, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı eyni tələblərlə cavabdeh qismində “xxxxx” MTK və “xxxxxxxxxxxxx” MMC-ni göstərməklə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, eyni predmet barəsində və eyni əsaslarla iddiaçı MMC-yə qarşı təkrar iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ədalətsiz və əsassızdır. Məhkəmə binanın sökülməsinin məhz cavabdeh tərəfindən aparılması barədə sübut olmadığını qeyd etmiş, lakin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında göstərilənləri nəzərə almamışdır, həmin sərəncamda söküntünün aparılması məhz cavabdehə həvalə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili MMC-nin apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir: Bakı şəhəri Nəsimi rayonu Mendeleyev küçəsi 25-də (hazırda Q.Quliyev küçəsi 21) yerləşən fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasənİddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamı ilə Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində “xxxxx” kiçik müəssisəsinə məxsus fərdi yaşayış evlərinin sökülməsi şərti ilə yeni yaşayış binalarının layihələşdirilməsi və tikintikisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamın 1.1-ci bəndində göstərilmişdir ki, ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi “xxxxx” k\m-nin vəsaiti hesabına həyata keçirilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxx” MTK-dan maddi zərərə görə 100.980 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4270/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə “xxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “xxxxx” MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı ona məxsus mənzilin “xxxxxxxxxxxxx” MMC tərəfindən sökülməsinə əsaslanaraq, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi müvafiq qətnamənin məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etməsinə və iddiaçı tərəfindən tələbini təsdiq edə biləcək əsaslı sübutların təqdim olunmamasına əsaslanaraq, iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, dörd yaşayış binası (mübahisəli mənzilin yerinə tikilmiş bina da daxil olmaqla) “xxxxxxxxxxxxx” MMC-yə daxil olan “xxxxx” Kiçik Müəssisəsi tərəfindən tikilmişdir. xx xxxxxxxx 2008-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, “xxxxxxxxxxxxx” MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2008-ci il tarixli 109 saylı məktubu əsasında əvvəllər “xxxxx” Kiçik Müəssisəsinə məxsus olmuş, Bakı şəhər İcra Hakimiyyətin xx.xx.2003-cü il tarixli 231 saylı sərancamına əsasən birləşmə yolu ilə “xxxxxxxxxxxxx” MMC-yə məxsus olan, daha sonra “xxxxxxxxxxxxx” MMC tərəfindən layihələndirilmiş, inşa edilmiş və cəmiyyətin balansında olan binalar (o cümlədən mübahisəli mənzilin yerində tikilmiş bina) istismar edilməsi məqsədilə 96 % payla təsisçisi olduğu “xxxxx” MTK-ya təhvil verilmişdir. “xxxxx” MTK kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi xx.xx.2008-ci il tarixdə mübahisəli mənzil söküldükdən və orada yeni yaşayış binasının tikintisi başa çatdıqdan sonra yaradılmaqla dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxılarkən apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh “xxxxx” MTK tərəfindən sökülməmişdir, belə olan halda, dəymiş maddi ziyanın ödənilməsinin iddiaya cavab verməli olmayan “xxxxx” MTK-nın üzərinə qoyulduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4270/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilərək, iddia təmin edilməmişdir. Cavabdeh isə iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna əsaslanaraq, iş üzrə icraata xitam verilməsini tələb edir. Cavabdehin apellyasiya şikayətini dəlillərindən biri odur ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh qismində “xxxxxxxxxxxxx” MMC-ni də qeyd etmişdir ki, nəticədə MMC-yə qarşı da həmin tələb irəli sürülmüşdür. Bununla bağlı Kollegiya aşağıdakıları qeyd edir. Bakı Apellyasiya Məhkəməsinin arxivindən götürülmüş, İddiaçı cavabdehlər “xxxxx” MTK və “xxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki işin materiallarından görünür ki, iddiaçı həmin tələb üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh qismində “xxxxx” MTK ilə yanaşı “xxxxxxxxxxxxx” MMC-ni qeyd etsə də, həmin ərizənin “xahiş etdi” hissəsində yalnız cavabdeh “xxxxx” MTK qeyd edilmiş, iddiaçının tələbi yalnız sonuncuya yönəlmişdir. Həmçinin həmin iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2066/2015 saylı iş üzrə xx xxxxx 2015-ci il tarixli məhkəmə iclası protokoldan görünür ki, iddiaçının nümayəndəsi izahatında və çıxışında tələb etdikləri maddi və mənəvi ziyanın yalnız cavabdeh “xxxxx” MTK-dan tutulmasını xahiş etmişdir. Həmçinin Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4270/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxxx” MTK-ya aid hissədə iddia tələbinə münasibət bildirilsə də, digər cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə aid hissədə məsələ həll edilməmişdir. Cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia barədə hər hansı müəyyənedici və ya həlledici ifadə yazılmamışdır və məhkəmə səhvinin yaratdığı vəziyyət iddiaçının zərərinə istifadə oluna bilməz. Cavabdeh MMC-nin apellyasiya şikayətinin bununla bağlı dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar əsassızdır, yuxarıda sadalananlardan göründüyü kimi, Bakı Apelllyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə “xxxxxxxxxxxxx” MMC-yə aid hissədə iddia tələbinə münasibət bildirilməmiş, ona aid hissədə iddia həll edilməmiş qalmışdır, bu hal iddiaçının əleyhinə təfsir oluna bilməz. İş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Kollegiya hesab edir ki, iddiaçı hazırda “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia qaldırmaqla dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya məxsus olan mənzil sökülmüş və həmin ərazidə “xxxxxxxxxxxxx” MMC tərəfindən yeni yaşayış binaları tikilmiş, bina tikildikdən sonra xx.xx.2008-ci ildə yaradılmaqla qeydiyyata alınmış “xxxxx” MTK-ya təhvil verilmişdir. xx xxxxxxxx 2008-ci il tarixli təhvil-təslim aktından da aşkar şəkildə müəyyən olunur ki, iddiaçıya məxsus olmuş yaşayış evinin yerində tikilmiş bina “xxxxxxxxxxxxx” MMC tərəfindən layihələndirilməklə inşa edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evi onun razılığı və ya digər qanuni əsas olmadan sökülmüş və həmin evin, eləcə də həmin ərazidə yerləşən digər yaşayış evlərinin söküntüsü cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfındən həyata keçirilmişdir. Hazırkı mübahisə iddiaçıya məxsus mənzilə münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır. İddiaçının fikrincə ona məxsus mənzil cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, bu da ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC iddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Dəymiş zərərin məbləği ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarında olan “MBA LTD” tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, ünvan 3 AB) ünvanında yerləşmiş tipik layihəli, məhdud kommunal şəraitli, 1 mərtəbəli mənzillərin sahələrinin təmirliyindən, yerləşməsindən, ölçülərindən və digər göstəricilərindən asılı olmayaraq ərazi üzrə xx.xx.2014-cü il tarixinə orta bazar dəyəri 1500 manat/kv.m; ünvan 4 AB) ünvanında yerləşən hündürmərtəbəli yeni tikilidə (“xxxxx” MTK) olan təmirsiz mənzillərin xx.xx.2014-cü il tarixinə təklif edilən orta bazar dəyəri 1800 manat/kv.m dəyərindədir. Mülki Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. İddiaçı dəymiş maddi zərərin əvəzi olaraq 100.980 manat tələb etsə də, Kollegiya qeyd edir ki, həmin ərazidə yerləşmiş tipik mənzillər üzrə qiymət bazar qiymətinə əsasən 1 kv.m üçün 1500 manat müəyyən edilmişdir. Ona görə də iddiaçıya vurulmuş zərər hesablanarkən yeni tikilmiş bina üçün müəyyən edilmiş məbləğ deyil, sökülmüş mənzilə uyğun olaraq həmin ərazidə yerləşən mənzillər üzrə müəyyən edilmiş bazar qiyməti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mübahisəli mənzil ümumilikdə sahəsi 56,14 kv.m olan 1 otaq kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzil qanunsuz olaraq sökülmüş və nəticədə iddiaçıya 84.210 manat (56.14kv.m x 1500) məbləğində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4578/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Dəymiş maddi zəzərə görə 84.210,0 (səksən dörd min iki yüz on) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-13475/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13475/2019
04.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver