Məhkəmə qərarları › İş №2(103)-1349/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1349/2025

05.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1349/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1349/2025 (Açar sözlər: qeyri-yaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh X10nun vəkili X6 iştirakı ilə, İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3212/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Balababa oğlu cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi; cavabdehlər tərəfindən X1 mülkiyyətində olan qeyriyaşayış sahəsindən istifadəyə yönəldilən maneələrə son qoyulması, cavabdehlərin qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanışı X3 məsləhəti ilə "Yeni Yasamal” MTK tərəfindən tikilən qeyri-yaşayış sahəsinin təcili, bazar qiymətindən aşağı satışda olduğunu bildirmiş və ofisdə özünü MTK-nın rəhbəri kimi təqdim edən X7 ilə görüşüblər. Alışov Sadiq obyekti xeyli tərifləyəndən sonra bildirmişdir ki, obyektin satış qiymətindən əlavə İslam 5000 (beş min) AZN-da ödəməklə obyektin birdəfəlik sahibi ola bilər. Belə ki, "xxxx" MTK-nın ofisində özünü MTK-nın rəhbəri kimi təqdim edən X7 ilə 2017-cİ tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin qeyri-yaşayış sahəsini uzun müddət Abbasquliyev Rasim baş etibarnamə ilə gözəllik salonu kimi istifadə etmişdir İddiaçı yaxın dostları tərəfindən həmin qeyri-yaşayış sahəsi barədə məlumat almış və onlara güvəndiyinə görə heç vaxt dələduzluqla qarşılaşa biləcəyini güman etməmişdir. Yasamal Rayon İcra məmurunun telefon zəngindən sonra isə o şirkət barədə araşdırma apardıqda məlum olmuşdur ki, "xxxx" MTK-nın rəhbəri olmuş X15 kimi bir mənzili bir neçə nəfərə sataraq, insanları aldadaraq vəsaitlərini mənimsəməsi səbəbiylə barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda isə oğlu Alışov Sadiq onun yolunu davam etdirərək, özünə Yasamal ərazisində yerləşən ofisində insanları aldadaraq köhnə tarixə müqavilə imzalamaqla, qeyri-yaşayış sahəsini bir neçə şəxsə satmağa davam etməklə növbəti cinayəti törətməyə davam edir. Bütün baş verənlərə gorə yuxarıda adları çəkilən şəxslərlə görüş zamanı bildirdilər ki, qısa zamanda qeyri-yaşayış sahəsinə İddiaçı tərəfindən ödənilən 135000 manatı ona geri qaytaracaqlar. Belə ki, X4 qeyri-yaşayış sahəsində İddiaçı da mülkiyyət hüququ var ki, həmin şəxsin müqaviləsi saxta tarixə bağlanılmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə ünvanladıqları sorğuya aidə etdikləri cavabda qeyd olunur ki, Cavabdeh3 və digər tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nfn 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə istintaqı aparıldığı zaman, həmin cinayət İşində adı keçən mübahisəli 120 kv.m qeyriyaşayış sahəsinin “Yeni Yasamal MTK-nın rəhbərliyi tərəfindən İddiaçı Balababa oğluna satılması müəyyən edilmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin ilkin sahibi olaraq İddiaçı üstün mülkiyyət hüquqları tanınmış. Abıyev Vüqarın "xxxx" MTK-ya hər hansı ödəniş edilməsi müəyyən edilməmişdir. Bununla bağlı Hüquq mühafizə orqanlarına şikayət ərizələrini ünvanlayıblar. Lakin 2023-cü ilin noyabr ayının sonundan etibarən Cavabdeh1 və onun icarəçisi Rəfəel adlı şəxs İcra məmurunun təşəbbüsü ilə qeyriyaşayış sahəsinə daxil olaraq oranı anbar kimi istifadə etməyə başlamışdılar. Hal-hazırda İddiaçı öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə daxil olub istifadə etməsiylə bağlı maneələrlə üzləşir. Tanımadığı insanlar qeyri-yaşayış sahəsinə daxil olaraq, oranı anbar kimi istifadə etməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdular.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3212/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 386.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, digər məhkəmə mübahisəsi zamanı Şakirin müqaviləsinin etibarsız olması barədə ekspertiza keçirilsə də, həmin prosesdə Abıyev Vüqarın müqaviləsinə münasibət bildirilməmişdir. Onlar tərəf olaraq Abıyev Vüqarın müqaviləsinin saxta olmasını və iş materiallarına müqavilənin əslinin əlavə olunmamasını bildirərək Abıyev Vüqarın müqaviləsinin ekspertizadan keçməsi barədə verdikləri vəsatət təmin olunmamışdır. Məhkəmə isə qətnamədə buna münasibət belə bildirməmişdir. İddiaçı müqaviləsi Cavabdeh2lə deyil, Yeni Yasamal MTK ilə bağlanmışdır. Şakirin müqaviləsinin saxta olması heç bir halda İddiaçı MTK ilə bağladığı müqaviləyə kölgə salmamalı və buna belə qiymət verilməsi isə mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş məhkəmə qərarının çıxması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdeh X10 tərəfindən iddiaçının verdiyi apelyasiya şikayətinə etiraz ünvanlanmış və şikayətin təmin edilməməsi xahiş olunmuşdur.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən cavabdeh X10nun vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə müəyyən sənədlərin əsllərinin qaytarılması barədə ərizə, həmçinin səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsi səbəbindən iclasın təxirə salınması barədə ərizə ünvanlasa da, sonuncu halı, yəni, həqiqətən, səhhətinin yaxşı olmaması və bunun məhkəmə iclasında iştirak etməsini mümkünsüz etməsini təsdiq edən müvafiq sübutları təqdijm etməmişdir.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Belə ki, Cavabdeh3 MTK ilə İddiaçı Balababa oğlu arasında bağlanılmış 16 sentyabr 2017-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1ci mərtəbəsində yerləşən 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə əvəzində müəyyənləşdirilmiş pay haqqını ödəməyi öhdəsinə götürmüşdür.

34. “Yeni Yasamal MTK“ tərəfindən verilmiş 16 sentyabr 2017-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası “Yeni Yasamal MTK“-ya məxsusdur. Tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin marketin pay dəyərindən 130.000 manat alıcı İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Bu qeyriyaşayış sahəsi ilə bağlı MTK-ya borcu yoxdur.

35. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(004)- 5944/17 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh3 MTKya qarşı “qeyri- yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTKnın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə iddiası təmin edilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 1344/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017- ci il tarixli, 2(004)-5944/17 nömrəli qətnaməsindən X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2022ci il tarixli, 2(102)-1036/22 nömrəli qərarı ilə X10nun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 3391/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(102)- 2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir.

40. Hazırda iddiaçı bildirir ki, 16 sentyabr 2017-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlamış, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1- ci mərtəbəsində yerləşən 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə əvəzində müəyyənləşdirilmiş pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin bugünədək həmin müqavilənin şərtlərinə əməl olunmaması səbəbindən onun qanunla qorunan mənafelərinə zərər dəymiş və nəticədə hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur.

41. Qeyd edilən iddia tələbinin əsaslılığına dair kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Yuxarıda adı çəkilən iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı hazırda sözügedən müqaviləni Cavabdeh3 MTK ilə bağladığını bildirsə də, iş materiallarındakı 16 sentyabr 2017-ci il tarixli Maliyyə arayışından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin pay dəyərindən 130.000 manat məbləğində pul alıcı İddiaçı tərəfindən MTKya deyil, Cavabdeh2 adlı şəxsə ödənilmişdir.

43. Həmçinin İddiaçı Balababa oğlu tərəfindən verilən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən, yəni Cavabdeh2 ilə MTK arasında bağlanmış müqavilənin etibarlılığının mübahisə mövzusu olduğu iş üzrə yekun məhkəmə aktından şikayət verə bilmək üçün İddiaçı maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsində də sonuncu həmin mənzili Cavabdeh2 aldığını və mənzilin pulunu məhz həmin şəxsə ödədiyini göstərmişdir.

44. Bu zaman Cavabdeh2 ilə hazırki iş üzrə İddiaçı Balababa oğlu arasında öhdəlik münasibətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün ilk növbədə onlar arasında etibarlı əqdin mövcudluğuna qiymət verilməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

47. Kollegiya qeyd edir ki, Cavabdeh2 ilə hazırki iş üzrə İddiaçı Balababa oğlu arasında etibarlı müqavilə münasibətlərinin mövcud olması üçün ilkin şərtlərdən biri Cavabdeh2 barəsində sərəncam verdiyi əmlakın mülkiyyətçisi olub-olmaması məsələsinə qiymət verilməlidir.

48. Belə ki, iş materiallarındakı məhkəmə aktlarından da göründüyü kimi Cavabdeh2 Cavabdeh3 MTKya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasını xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun bu iddiası təmin olunmamışdır.

49. Müvafiq qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...Məhkəmə texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh3 MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsində olan “2009” rəqəmlərində ikinci "0" rəqəminin yerində "1" rəqəmi, "cu" hərflərdəki "u" hərfinin yerində "i" hərfi olmuş, sonradan qələm vasitəsilə əlavə cizgi artırılmaqla indiki rəqəm və hərf yazılmışdır. "2009" rəqəmlərində olan "9" rəqəmi həmin rəqəmlərin qarşısına sonradan yazılmışdır, yəni "2009-cu il tarix göstəricisinin yerində "201-cı il" çap mətni olmuşdur. Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin ikinci sətrində olan "Əli Bayramlı" sözündəki "B" hərfinin yerində kiçik "b" hərfi olmuş, sonradan üzərindən indiki hərf yazılmışdır. Müqavilədə "sədi" qrafasındakı imzası əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Müqavilənin mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur, yəni mətn əvvəl çap edilmiş, sonra "sədri" qrafasındakı imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Ekspert rəyi ilə iddiaçının təqdim etdiyi müqavilənin 2009-cu ildə tərtib olunmadığı təsdiq olunur. Onun çap mətni belə ilin tarixi “201”-lə başladığından yalnız 2010-cu ildən sonrakı dövrə aid ola bilər...”

50. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 ilə bağlanmış müqavilənin özünün saxta və etibarsız olması faktı öz təsdiqini tapmışdır və hazırda bu hal yenidən mübahisələndirilə bilməz.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yenidən rədd edilməlidir.

53. Bu halda Cavabdeh2 özünə məxsus olmayan əmlak barəsində sərəncam verməsi də qanunsuz olduğundan, hazırki iş üzrə iddiaçı ilə aralarında bu cür öhdəlik münasibətlərinin yaranması mümkünsüzdür və etibarlı əsaslara söykənmir.

54. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırda İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsinin təmin olunması üçün hansısa qanuni və ya hüquqi əsaslar mövcud deyildir.

55. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının onun tərəfindən ödənilmiş pul vəsaitinin əsassız varlanma qaydasında bununla bağlı məsul olan şəxsdən zəruri sübutlar təqdim edilməklə tələb etmək hüququ istisna olunmur.

56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3212/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar